Bir neçə gün öncə Azərbaycan film kinostudiyasına getmişdim. Geyim şöbəsindən paltar seçməli idim.
...Qaranlıq dəhlizin içindən yekə bir hörümçəyin (qorxulu filmlərdə olduğu kimi) üstümə hücum edəcəyindən ehtiyyat edərək səsimi çıxardım. Qapı cırıltısı eşidildi, sonra dəhliz işıqlandı. Süzülən işığın qarşısını qapıdan çıxan biri kəsdi. Hörümçək qorxum uçub getdi. Qadın əlindəki tavanı ağzı üstə çevirib silkələdi, bir neçə damcı su işıqda bərq vurub döşəməyə səpələndi. Geyim salonunu soruşdum, ağzında çeynədiyi tikə olduğundan əli ilə geriyə getməyimi işarə etdi.
Döşəmə, divarlar, divarlardan keçən kabellər düz 30 il öncə olduğu kimiydi. O vaxtın qaynar iş mühiti olan dəhlizə zülmət və qorxu hakim idi.
Geyim salonuna aparan dəhliz nisbətən səliqəli və təmiz görünürdü: yanaşı otaqlar və filmlərdə istifadə olunan geyim və əşyaların qorunduğu sirli məkan. Burada da 30 il əvvəl olmuşdum. O zaman çox böyük, səliqəli, hər filmə aid geyimlər ayrı-ayrı asılaraq muzey əşyası kimi qorunurdu. O zaman kinostudiyanın ən maraqlı yeriydi bura. O paltarlara, əşyalara toxunmaq sirli aləmlərə səyahət etmək kimiydi. Nəzarətçinin gözündən yayınaraq o aləmlərə tez-tez səyahət edirdim...
İndi gördüklərim məni dəhşətə gətirdi. O nəhəng muzeydən yalnız bu zibillikmi qalıb? Toz basmış, kif kəsmiş əsgər libasları və pis qoxuyan hambal paltarları. Bəs, o vaxtın Avropa geyimləri, bəy, xanların paltarları? İstifadə olunan gümüş kəmərlər, dəbilqələr, qılınclar və s. aksesuarlar hara buxarlanıb?
1920-ci ildən onlarla filmlər istehsal etmiş nəhəng bir qurumun geyim salonu beləmi olmalıdır? 100 illik bir mədəniyyətin talan olunmasına kim cavabdehdir? Köhnə nazirmi? Əbülfəs Qarayevmi? Yaxşı, o istədi, o tələb etdi, o bu mədəniyyətin dəyərini bilmək səviyyəsində olmadı. Bəs burda çalışanlardan bir nəfər niyə bu talançılığın qarşısını almaq üçün bir iş görmədi?
Salonun kəsafətli havası beynimdə kəskin ağrı yaratdı. Mənə keçən əsrin əvvəllərinə aid bir Avropa libası lazım idi. Əlində tutduğu boş tavanı pərdənin arxasında gizlədən qadın cavabında dedi ki, ümumiyyətlə, burada Avropa geyimləri qalmayıb.
Bu dəhşətli mənzərəyə münasibətimi görən bir aktyor daha dəhşətli bir fakt dedi: "İndi mən tərli halda gəlib çəkildiyim kostyumu bura təhvil verdim. Kimsə gəlib onu elə eyni şəkildə götürüb istifadə edəcək. Yəni, buradakı film aksesuarları nə qorunur, nə təmizlənir, nə də baxımlıdır. Kim necə bacarıb, dağıdıb aparıb".
Bütün hüquqlar qorunur © 2024