Böyük ədib, görkəmli dramaturq, Molla Nəsrəddin jurnalının qurucusu, Azərbaycanı varlığı ilə sevən və xalqın maariflənməsi üçün daim mübarizə aparmış Cəlil Məmmədquluzadə yaradıcılığı hər zaman aktual olub. Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti bu mövsüm də Mirzə Cəlilə müraciət edib. Cəlil Məmmədquluzadənin 150 illiyinə töhvə olaraq ədibin “Danabaş kəndinin əhvalatları” povesti əsasında eyniadlı tamaşanı dövlət sifarişi yolu ilə hazırlamışdır. Bugün 2 hissəli tamaşaya ictimai baxış keçirildi.
Tamaşanın XIX əsrin sonlarındakı Azərbaycan kəndinin feodal-patrialxal mühitini, zülm və özbaşınalığı, xürafatı bütün dolğunluğu ilə əks etdirir. Ad rəmzi olaraq yolunu azmış Xudayar bəyin əməllərini, pul üçün İslam qanunlarını ayaqlar altına salan qaziləri, kərbəlayiləri, həmçinin bütövlükdə zülmət və qaranlığa bələnmiş mühütün cəhalət məngənəsində sıxıb əzdiyi kəndliləri səciyyələndirir.
Əsərin səhnələşdirəni və quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, tamaşanın quruluşçu rəssamları- Elşən Sərxanoğlu və Şahin Hüseyli rejissor ideyasına və əsərin ali məqsədinə uyğun bədii dekorasiyanın öhdəsindən uğurla gəliblər. Rollarda Əməkdar artistlər İlahə Səfərova , Sədaqət Nuriyeva , Cəlal Məmmədov , Mövsüm Hüseynov, aktyorlar - Habil Xanlarov, Dağlar Rüstəmov, İlahə Səfərova , Kamran Muradlı, Akif Mirzəyev, Yalçın Səlimov, Cavanşir Eyyubzadə, Rövşad Əsgərov, İlham Səfərli, Ceyhun Məhərrəmov, Siyavuş Mahmudov, Elmir Mehdiyev, Ramazan Xanlarov, Vaqif Səmədzadə, Orxan Firudinov, Mətanət Əmirullayeva, Mətləb Səfərli və Fizuli Qərənizadə çıxış edirlər. Tamaşa izləyicilərə “Haqqın, ədalətin yanında ol” mesajını ötürür.
Səhnə əsərinin ictimai baxışında bədii şura üzvləri, teatrın yaradıcı heyəti iştirak edirdi. Teatrın direktoru Əməkdar artist ilk öncə tamaşanı ərsəyə gətirən kollektivi təbrik etdi, Mirzə Cəlil yaradıcılığının aktuallığından danışdı və klassik əsərlərin gənclərin tərbiyəsində oynadığı önəmli rolu vurğuladı.Bədii şura ûzvləri, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmovvə başqaları yeni tamaşanın bədii-estetik məziyyətlərindən, aktyor impravizələrinin dəqiqliyindən, tamaşanın bədii tərtibat həllinin uğurundan danışdılar. Çıxışlarda göstərildi ki, əsərin ideyası bugünkü qloballaşan cəmiyyətdə hüquq azadlığı, sosial ədalət prinsipləri ilə səsləşir.
Bütün hüquqlar qorunur © 2024