Canveten.az xəbər verir ki, iyunun 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında III Respublika Xalq Teatrları Festivalının bağlanışı və qalib kollektivlərin mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov və teatr ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Öncə səhnəyə Bakı şəhərində və respublikanın bölgələrində keçirilmiş baxış-seçim mərhələsində uğur qazanaraq III Respublika Xalq Teatrları Festivalında iştirak edən kollektivlər və münsiflər heyətinin üzvləri çıxdı. Sonra baxış-seçim mərhələsini əks etdirən videoçarx nümayiş olundu. Münsiflər heyətinin sədri, Əməkdar artist Loğman Kərimov çıxış edərək festival haqqında söz açdı. Qeyd etdi ki, 23-24 iyun tarixində III Respublika Xalq Teatrları Festivalının final mərhələsi Bakı şəhərində keçirilib. Bu ilin aprel ayı ərzində festivalın Bakıda və respublikanın bölgələrində keçirilmiş baxış-seçim mərhələsində uğur nümayiş etdirmiş 13 kollektiv (İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları) həlledici mərhələdə iştirak imkanı qazanıb. Festivalın final mərhələsində tamaşalar 23 iyunda Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında (doqquz tamaşa), iyunun 24-də Dövlət Gənc Tamaşaçılar Teatrında (4 tamaşa) nümayiş olunub. Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan teatrının yarandığı dövrdən uğurlarla müşayiət olunan zəngin bir yol keçdiyini dedi: “Azərbaycan teatrları uzun illər ərzində xeyli uğurlu tamaşalar, layihələr həyata keçirib. Böyük səhnə xadimlərimiz yetişib. O insanlar Azərbaycan xalqının mədəni həyatının inkişafına böyük töhfələr verərək adlarını mədəniyyət tariximizə qızıl hərflərlə yazdırıblar. Bütün bunların əsasında xalqımızın istedadı və yaradıcılıq potensialı dayanır”. Nazir ölkə mədəniyyətinin, incəsənətinin bu gün də uğurla inkişaf etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mədəniyyətinə, incəsənətinə və teatrlarının inkişafına xüsusi diqqət və qayğı göstərilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyəti ölkə hüdudlarını aşaraq dünya miqyasında geniş təbliğ olunur. Əbülfəs Qarayev III Respublika Xalq Teatrları Festivalının əhəmiyyətini yüksək qiymətləndirdi. Vurğuladı ki, bu gün dövlət teatrları ilə yanaşı, uğurla fəaliyyət göstərən bir sıra xalq teatrları da var. Onlar maraqlı tamaşalar, diqqətəlayiq layihələr ortaya qoyurlar. Nazir ümidvar olduğunu bildirdi ki, iki ay ərzində keçirilən bu festival ölkəmizin teatr sənətinin gələcək inkişafına öz töhfələrini verəcək. Daha sonra festivalın qaliblərinə mükafatlar təqdim olundu. III yerə Mərdəkan, Zaqatala, Yevlax xalq teatrları, II yerə Cəlilabad, Şərur xalq teatrları layiq görüldü. Şabran rayon Xalq teatrı isə festivalın birincisi elan olundu. Həmçinin festivalın digər iştirakçı kollektivlərinə müxtəlif nominasiyalarda Mədəniyyət Nazirliyinin diplomları təqdim olundu. Sonda Şabran rayon Xalq teatrının ifasında tamaşa nümayiş olundu. Qeyd edək ki, ölkəmizdə ümumilikdə 39 xalq teatrı kollektivi fəaliyyət göstərir. Əhalinin asudə vaxtının təmin olunması, istedadlı şəxslərin yetişdirilməsi, onların bədii yaradıcılığının inkişaf etdirilməsində bu kollektivlərin əhəmiyyətli rolu var. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024