Masallı rayonunda, Mədəniyyət Nazirliyi Respublika “Xatirə Kitabı” redaksiyası tərəfindən hazırlanan Vətən müharibəsində şəhid olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün “44 gün – Tarixi zəfər” adlı üçcildliyin birinci cildinin təqdimat mərasimi keçirilib. Sentyabrın 21-də Masallı rayonu Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzindəki təqdimatda Cəlilabad, Yardımlı və Masallı rayonlarından olan şəhid ailələri, jurnalistlər iştirak edib. Təqdimat öncəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub Mərasimi açıq elan edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov nəşrin bugünkü dönəmdə əhəmiyyətliliyini vurğulayıb. O, rəhbərlik etdiyi idarə tərəfindən şəhidlərimizin xatirəsinin yad edilməsi yönümündə həyata keçirilən layihələrdən, tədbirlərdən bəhs edib, redaksiyanın işinə uğurlar arzulayıb. Sonra Respublika “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın, yazıçı-publisist Rafael Tağızadənin, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Meyxoş Abdullahın çıxışları dinlənilib. Bildirilib ki, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən redaksiya Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Ölkəmizin ictimai-siyasi və mədəni həyatında çox nəcib və müqəddəs bir missiya yerinə yetirən redaksiya bu gün ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Qeyd olunub ki, kitabın birinci cildində (“A-Ə” hərfləri üzrə) min nəfərə yaxın döyüşçü – Aprel döyüşlərində və Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində şəhid olmuş şəxslər barədə ensiklopedik məlumat verilib. Bu vaxta qədər Mədəniyyət Nazirliyi Respublika “Xatirə Kitabı” redaksiyasında İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar əldə edilərək bir sıra kitablar nəşr edilib. Bütünlükdə bu şəxslərin adlarının əbədiləşdirilməsi Respublika “Xatirə Kitabı” redaksiyasının ümdə işidir və redaksiya hazırda bu istiqamətdə araşdırma işlərini davam etdirməkdədir. Çıxışlarda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə Ordumuzun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edildiyi, qazanılan şanlı Qələbədə Vətən uğrunda canını fəda edən oğullarımızın Azərbaycan tarixinə misilsiz qəhrəmanlıq səhifələri yazdıqları vurğulanıb. Masallı rayonunun Viləş kəndindən olan, iki şəhid anası Ziba Əsgərli redaksiya heyətinə, nəşrin ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlıq bildirib: ”Təsəlli tapırıq ki, oğullarımız yaşayır, unudulmur...” Şəhid ailələrinə “44 gün – Tarixi zəfər” adlı üçcildliyin birinci cildi təqdim olunub, xatirə şəkilləri çəkdirilib. Akif AĞAYEV, foto: Elsevər Əliyev.
Bütün hüquqlar qorunur © 2024