Təqvim
Masallıda şəhid Niyaməddin Sultanzadənin xatirəsi əbədiləşdirilib +FOTO=6
15 sentyabr 2022 - 23:32

Masallı şəhərində​ Vətən müharibəsi şəhidi​ Niyaməddin Sultanzadənin şərəfinə inşa olunan abidə-bulaq kompleksi istifadəyə verilib.

Sentaybrın 15-də, açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, YAP rayon təşkilatı və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin,​ Azərbaycan Respublikasının​ ərazi bütövlüyü uğrunda və​ Ermənistan silahlı qüvvələri tərəfindən​ sentyabrın 12-də gecə saatlarında​ Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən​ canından keçən​ şəhidlərin xatirəsi​ bir dəqiqəlik sükutla yad edilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov​ çıxışında qeyd edib ki, hələ keçən əsrin əvvəlindən yağı düşmənlərimiz olan ermənilərin başladığı xəyanət davam edir. Bu mübarizədə Masallı da çoxsaylı şəhidlər vermişdir. Onlardan biri də Niyaməddin idi...

—​ Bu tədbir bir əsgərin, bir şəhidin deyil, Azərbaycan torpaqlarının azad olunması üçün canını qurbam verən bütün şəhidlərimizə həsr edilir, -​ deyə​ rayon rəhbəri​ bildirib.

Abidə-bulaq kompleksinin layihəsinin təşkilatçısı Mirfəyyaz Nağıyev, şəhid​ Niyaməddin Sultanzadənin anası Mehriban Sultanova və başqaları​ 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbədən söz açıblar: “Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.​..”

Natiqlər həmçinin​ Niyaməddin Sultanzadənin​ keçdiyi döyüş yolundan, onda olan yüksək vətənpərvərlik hissindən danışıblar. Bildirilib ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.

Araz Əhmədov və tədbir iştirakçıları Niyaməddin Sultanzadənin təhsil aldığı​ Masallı​ şəhər şəhid R.Əlihəsənov adına 1 nömrəli​ tam orta məktəbində olub,​ yeni ilin ilk tədris ilində məktəblilərə uğurlar arzulayıblar.

Məlumat üçün bildirək ki, Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 10 sentyabr 1998-ci il tarixdə Masallı şəhərində anadan olub. 2005-2016-cı illərdə şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində, «N» saylı hərbi hissədə xidmət etməyə başlamışdır.
10 oktyabr 2018-ci il tarixindən 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator-sutəmizləyici qurğularının operator peşəsi üzrə çalışırdı...
Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin (qiyabi) ikinci kurs tələbəsi idi.
Azərbaycan Ordusunun könüllü əsgəri olan Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə vuruşmuş və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 22 noyabr 2020-ci il tarixdə Masallı şəhər Dadva qəbiristanlığında izdihamla dəfn olundu. Subay idi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Akif AĞAYEV.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə