Əslən Masallıdan olan Paralimpiya çempionu Vəli İsrafilov “Əməkdar İdman ustası” adına layiq görülüb. Gənclər və İdman naziri Fərid Qayıbov Kollegiyanın qərarı ilə təltif olunan idmançıya müvafiq vəsiqə və nişanı təqdim edib. Məlumat üçün bildirək ki, Vəli Rəşadət oğlu İsrafilov 18 oktyabr 2002-ci ildə Rusiya Federasiyasının Tumen vilayətində anadan olub. 2006-cı ildə ailəsi ilə birlikdə doğma yurdu Masallı rayonunun Köhnə Alvadı kəndinə qayıdıb. 2008-ci il ildə Masallı şəhər “Dəfinə” məktəb-liseyinin 1-ci sinifinə daxil olub, orta təhsilini B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbində davam etdirərək 11-ci sinfi bitirib. 2019-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin Elektrotexnika və Energetika fakültəsinə daxil olub, hazırda üçüncü kurs tələbəsidir Vəli İsrafilov uşaqlıq illərindən idmanın üzgüçülük növü ilə məşğul olmağa başlayıb. 10 yaşında ikən dəfələrlə Bakı şəhərində keçirilən birinciliklərin qalibi adına layiq görülüb və Milli komanda məşqçilərinin rəğbətini qazanıb. 12 yaşında artıq idman ustalığına namizəd olan Vəli Milli komandaya cəlb edilib. Serbiya, Slovakiya, Macarıstan, Türkiyə, Gürcüstan, İsrail və s. ölkələrdə keçirilən yarışlarda Azərbaycan Respublikasının üçrəngli bayrağını dəfələrlə uca zirvələrdə dalğalandırıb. Vəli ölkəmizin ən gənc paralimpiya çempionudur. Akif AĞAYEV.
Sloveniyanın Kranj şəhərində kecirilən üzgüçülük üzrə Beynəlxalq turnirdə (25-26 mart, 2017) Vəli İsrafilov yeniyetmələr arasında 200 metr brass üzrə qızıl, böyüklər arasında 200 və 100 metr brass üzrə bürünc medallara layiq görülüb. O, bu təsnifat yarışlarında şəxsi rekordlarını təzələyib. Bununla da 614 bal toplayaraq 4-cü İslam Həmrəyliyi Oyunlarına, eləcə də kecirilən yeniyetmələrin Avropa festivalına (27 iyun-2 iyul, 2017), İsraildə düzənlənən Avropa çempionatına (23 iyul-28 iyul, 2017) vəsiqəni təmin edib. Vəli IV İslam Həmrəylik Oyunlarında iştrak edən ən kiçik yaşlı idmançı olub. Bu yarışlarda yarımfinala qədər yüksəlib və sonda 11-ci yerdə qərarlaşıb.
Birləşmiş Krallığın paytaxtı London şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanan idmançımız brass üsulu ilə mübarizə apararaq 100 metr məsafəni 1 dəqiqə 6 saniyəyə qət edərək üçüncü yeri tutub. Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında üzgüçülük idman növü üzrə Avropa çempionatının (2021) qızıl medalına sahib olan Vəli 100 metr məsafədə “brass” növündə 1:04.80 nəticə göstərərək bütün rəqiblərini geridə qoymuşdu. Bununla da idmançımız lisenziya xalları toplayaraq “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına qatılma şansını artırmışdıVəli 15 yaşında idman ustası normativini doldurub. O, Milli Olimpiya komandası ilə yanaşı həm də Milli Paralimpiya komandasının üzvüdür.
V.İsrafilov “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. O, 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1 dəqiqə 04.86 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb və paralimpiya rekorduna imza atıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Vəli İsrafilov XVI Tokio Yay Paralimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə və Azərbaycan idmanının inkişafında xidmətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
V.İsrafilov bu il Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatınının qızıl medalını qazanıb.
Bütün hüquqlar qorunur © 2024