Məktəblərin daha çox forma seçimi ilə bağlı iki rəngə üstünlük verməsi "Bakı Tikiş Evi" tərəfindən etirazla qarşılanır. Avqustun 16-dan etibarən məktəbli formalarının satışı ilə bağlı açılış mərasimi olacaq. Sosial şəbəkə hesablarında yayılan məlumatlarda qeyd olunur ki, yalnız iki rəngdə olan məktəbli formalarına üstünlük veriləcək. "Bakı Tikiş Evi"nin rəsmisi Etibar Əzimovun sosial şəbəkələrdə yayılan açıqlamalarına görə, onlara belə bir göstəriş gəlib ki, yalnız iki rəngdə olan məktəbli geyimlərinə üstünlük veriləcək. Maraqlıdır, bu göstəriş kimdən gəlib və digər formaların aqibəti necə olacaq? "Bakı Tikiş Evi" (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov Sputnik Azərbaycan-a bildirib ki, bu, Nazirlər Kabinetinin göstərişi deyil: "Nazirlər Kabineti dörd rəngi təsdiq edibsə, məktəb, direktor kimdir ki, yalnız iki rənglə bağlı seçim eləsin? Edu.az-ın yazdığına görə, məktəb direktorları sinif rəhbərlərinə tapşırıq verib ki, iki rəng əsas olacaq. Niyə bu qərarı martda deyil, dərslərin başlamasına bir ay qalmış verirlər? Bu iki rəng seçimi məktəbin qərarıdır. Yəni Nazirlər Kabineti belə bir qərar verməyib ki, yeni tədris ilində yalnız iki rəng olsun". E.Əzimov rəng seçiminin məktəb direktorlarının ixtiyarına verildiyini təsdiqləsə də, son günlərədək hər hansı direktorun onlara rəng üçün müraciət etdiyinin şahidi olmayıb: "Birdən-birə nə baş verdi ki, məktəb direktorları sinif rəhbərləri ilə konkret iki forma rəngini seçəcəklərinə qərar verdilər?! Burada nəsə oyunlar gedir". Bəs məktəb direktorları konkret iki rəngi seçərlərsə, bu zaman digər rəngdə olan formaların aqibəti necə olacaq? E.Əzimov deyir ki, bununla bağlı qərarın necə olacağını bilmir: "İstehsalçıyam, mən kiməm ki?" "Bakı Tikiş Evi"nin rəsmisi hətta boz rənglərə görə də müraciətlərin, sifarişlərin olduğunu bildirib: "Deyirəm, "axı buna icazə verməyəcəklər". Deyirlər ki, "yox, biz istəyirik". Deyirlər, "məktəbdən tapşırılıb ki, boz alınsın"". O, qiymətlərin artması ilə bağlı heç bir məlumat verə bilmədiyini də deyib. Bildirib ki, bir neçə gün sonra bununla bağlı detallı məlumatlar açıqlanacaq. Qeyd edək ki, martda Baş nazir Əli Əsədov "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri" ilə bağlı qərar imzalayıb. Bu qərar 2022/2023-cü tədris ilindən tətbiq ediləcək. Hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər. Qərarda bildirilir ki, 4 rəngdə geyim nümunəsi təklif olunur: oğlanlar üçün şalvar – rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) qızlar üçün ətək – rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), açıq-qəhvəyi) qısaqol köynək – rəngli (ağ, mavi, bej) uzunqol köynək – rəngli (ağ, mavi, bej) önü bağlanılan cibli jaket – rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyi və Bakı Şəhər Baş Təhsil İdarəsinin mətbuat xidmətləri hər hansı açıqlama verməkdən çəkiniblər. 279 saylı tam orta məktəbdən isə bildirilib ki, Təhsil Nazirliyi tərəfindən onlara 4 rəngdə olan geyim dəstləri ilə bağlı nümunələr göndərilib. Məktəb hələ ki, seçimi etməyib: "Seçimi məktəbin direktoru və müavini edəcək. Yəni valideynlər rəng seçimi etməyəcəklər. Yəqin ki, bir həftəyə, 10 günə bir qərar veriləcək".
Bütün hüquqlar qorunur © 2024