Əhməd Cavad - 130 Masallı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, vətənpərvər şair Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib. “Əhməd Cavad - istiqlal şairi” mövzusunda təşkil olunan tədbirdə mədəniyyət işçiləri və Masallı Regional “ASAN Xidmət” Mərkəzinin könüllüləri iştirak ediblər. Tədbir sözləri Əhməd Cavada, musiqisi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə məxsus olan Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə başlayıb. Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, tanınmış maarifçi və ictimai xadim, Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın həyatı, ədəbi yaradıcılığıdan söz açıb: “Bütün həyatı boyu xalqımızın müstəqillik ideallarına sadiq qalan Əhməd Cavad poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsi qoyulub. Şairin zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqeyi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirir...” Masallı Regional “ASAN Xidmət” Mərkəzinin fəal könüllülərindən Rahiyə Qurbanlı Ə.Cavadın yaradıcılığının, ədəbi irsinin təbliğinə həmişə ehtiyac olduğunu və onun əsərlərinin bu gün də sevilərək oxunduğunu bildirib. Akif AĞAYEV, MASALLI.
Bütün hüquqlar qorunur © 2024