Masallıda Vətən müharibəsi şəhidi İbrahim Lələyevin adına inşa edilmiş bulaq kompleksinin açılışı olub. Avqustun 25-də, şəhidin doğum günündə, doğma ünvanda – Hişkədərə kəndindəki tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkilləri Məşhur Məmmədov, Anar İsgəndərov, şəhid ailələri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində İbrahim kimi igid oğullarımızın Vətən müharibəsindəki şücaətindən bəhs edən natiqlər 44 günlük Zəfər yürüşündə müzəffər Ordumuzun qazandığı Böyük Qələbədən söz açıblar. Şəhidin məzarı ziyarət olunub, ata ocağında adına ehsan süfrəsi açılıb. Məlumat üçün bildirək ki, İbrahim Həzrətqulu oğlu Lələyev 25 avqust 1996-cı ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhəninTərtər və Cəbrayıl-Füzuli istiqamətlərindəki döyüşlərdə vuruşub. Azərbaycan Ordusunun əsgəri olan İbrahim Lələyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə igidilklə döyüşüb. İbrahim Lələyev oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Masalllı rayonunun Hişkədərə kənd qəbiristanında böyük izdihamla dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə İbrahim Həzrətqulu oğlu Lələyev ölümündən sonra bir neçə medalla təltif edilib. Akif AĞAYEV, MASALLI.
Bütün hüquqlar qorunur © 2024