"Hər il Ramazan və Məhərrəm aylarından əvvəl təqvim qəbul olunur. Fətva isə təqvimə əsasən qəbul olunacaq. Qafqaz Müsəlmanlar idarəsinin rəsədxana ilə birgə hazırladığı təqvimə əsasən, mübarək Ramazanın ayının 1-i aprel ayının 2-sinə təsadüf edəcək". Bu sözləri Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib. O bildirib ki, bununla bağlı fətva elan olunacaq, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytında və mətbuatda da bu barədə məlumat veriləcək: "Adətən mübarək Ramazan ayı daxil olmadan 3-4 gün əvvəl bu məsələ həllini tapır. Şeyxülislam Hacı Allahşükür Paşazadə hansı gündə buyursa, həmin gündə fətva elan olunacaq. Biz il və ay təqvimlərini birbaşa akademiyanın inistitutlarından, xüsusən də mərkəz olan Şamaxı (Pirqulu) Astrofizika Rəsədxanası ilə əlaqə yaradırıq. Bizim mütəxəssislərlə onların alimləri illərdir ki, öz hesabatlarını aparırlar və məsələ belə tənzimlənir. Mübarək Ramazan ayının daxil olması və bayram gününün nə zaman olacağı bu yolla təyin olunur. Biz düşünürük ki, bayram günləri 1,2 və 3 may tarixinə təsadüf edəcək. Bütün bunların tam dəqiqliyi 2 gün əvvəl rəsmi şəkildə təsdiqlənməlidir. Dinimizdə deyilənə əsasən, ay görünməlidir, daha sonra riyazi hesablama ilə ölçülür və mübarək Ramazan ayının daxil olduğu tarix dəqiq bilinir".
Bütün hüquqlar qorunur © 2024