Bu il Salyan rayonunda 16802 hektar sahədə payızlıq taxıl əkilib. Salyanlı fermerlər 5556 hektar sahədə buğda, 11246 hektar sahədə arpa əkiblər. Sahələrdə biçin davam edir, iyunun 9-dək 5407 hektar arpa sahəsindən 20547 ton arpa yığılıb. Rayonda arpa üzrə orta məhsuldarlıq 38 sentner təşkil edir. Bu, Azərbaycanın taxılçılıq rayonları üzrə ən yüksək göstəricilərdən biridir.
Biçin prosesində 39 kombayn iştirak edir. “Aqrolizinq” ASC-nin rayon bölməsində olan 12 kombayndan əlavə digər rayonlardakı bölmələrdən Salyana 13 kombayn dislokasiya edilib. Biçinə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 14 kombayn da cəlb edilib.
Salyanda arpa sahələrinin təxminən 50 faizinin qısa müddətdə biçilməsi biçin prosesinin ən yaxın zamanlarda yekublaşacağını söyləməyə əsas verir. Fermerlər orta məhsuldarlığın ötən ilə görə daha yüksək olacağını gözləyirlər. Aqrotexniki qulluq qaydalarına riayət olunması, gübrə təminatında problemlərin yaşanmaması arpa üzrə məhsuldarlığın yüksək olmasında əsas rol oynayır.
Ötən il Salyanda 9917 hektar arpa sahəsindən ilkin çəkidə 35879 ton məhsul yığılmış, orta məhsuldarlıq ilkin çəkidə 36,2 sentner təşkil etmişdi. Sahələrdə məhsulun bol olması bu il məhsuldarlığın daha yüksək olacağını göstərir.
FOTOLAR: Elxan Qəniyev
YER: Salyan rayonu, Kür Qaraqaşlı kəndi
Bütün hüquqlar qorunur © 2024