Təqvim
Evini kirayə verənlər niyə vergidən yayınırlar? - Araşdırma
05 aprel 2020 - 21:22

Banu Məmmədli Sabunçu rayonunun Nardaran kəndinin sakinidir. O, 12 il bundan öncə ailə həyatı qurub və Bakı şəhərinin Səbail rayonunda həyat yoldaşına məxsus evə gəlin köçüb. Ali təhsili olmadığından evlilik müddətində heç bir yerdə işləməyib, evdar qadın olub. 8 il bundan öncə onun həyat yoldaşı avtomobil qəzasında həlak olub. Öhdəsində iki azyaşlı uşağı olan, heç bir yerdə işləməyən Banu ailəsinin yükünü çəkmək üçün şəhərin mərkəzindəki mənzilini əcnəbi vətəndaşa 950 manata kirayə verib, özü isə Nardaran qəsəbəsində ayda 100 manat ödəməklə kirayə ev tutub. Həmin gündən indiyə qədər ailəsinin qayğısını kirayə verdiyi mənzildən əldə etdiyi gəlir hesabına çəkir. Belə sabit gəliri olduğu üçün işləməyə də ehtiyac duymur, evdar qadın kimi uşaqlarının tərbiyəsi, təhsili ilə məşğul olur.
Banu kimi şəxsi evini daha böyük məbləğə kirayə verənlər az olsa da, ümumilikdə Azərbaycanda mənzilini kirayə verən, bundan müəyyən məbləğdə gəlir əldə edən vətəndaşlar çoxdur. Amma təəssüf ki, Banu da daxil olmaqla, onların böyük əksəriyyəti əldə etdikləri bu gəlirdən dövlətə vergi vermirlər. Bunun bir neçə sadə səbəbi var. Belə ki, evini kirayə verən bir çox vətəndaşlar bilərəkdən kirayənişinlə öz arasındakı sövdələşməni rəsmiləşdirmir, bununla da gəlirini gizli saxlayır, vergidən yayınırlar. Bəzi vətəndaşlar isə mənzili kirayə verərkən razılaşmanı rəsmiləşdirmək lazım olduğundan, bundan sonra atılacaq addımlardan, üzərlərinə düşən məsuliyyətdən məlumatsızdırlar.
Qanunvericiliyin tələbləri
Vergi­lər Nazirliyi Vergi siyasəti və strateji araş­dırmalar Baş İdarəsinin rəis müa­vini Şamil Ərəbov mövzu ilə bağlı "Kaspi”yə bildirib ki, sözügedən məsələ Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Onun sözlərinə görə, Mülki və Vergi məcəllələrində əmlak kirayəsi ilə bağlı tələblər açıq şəkildə göstərilib: "Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi əmlak sahibinə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən isə daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Vətəndaş evini vergi orqanında qeydiyyatda olan şəxsə kirayə verdiyi halda kirayəyə götürən tərəfindən ona ödənilən kirayə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur və bu zaman evini kirayəyə verən şəxsin vergi orqanında uçota alınmaq, əldə etdiyi icarə haqqından vergi ödəmək və bu barədə vergi orqanına bəyannamə təqdim etmək öhdəliyi yaranmır. Vətəndaş evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayə verdiyi halda isə özü yaşadığı yer üzrə vergi orqanına ərizə ilə müraciət etməli və həmin ərizəyə şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə etməlidir. Vergi orqanı vətəndaşın ərizəsi daxil olduğu gündən sonrakı 2 gün müddətində ona vətəndaşın vergi orqanında uçota alınmasını təsdiq edən və üzərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) göstərilən müvafiq şəhadətnamə verir. Bundan sonra, VÖEN-i olan vətəndaş kirayə haqqından xərclər çıxılmadan əldə etdiyi gəlirdən dövlət büdcəsinə 14 faiz dərəcə ilə vergi ödəyir və növbəti ilin martın 31-dək vergi orqanına gəlir vergisinin bəyannaməsini təqdim edir”.
Tətbiq olunan cərimələr
Ş.Ərəbov kirayə verənin vergini ödəməkdən yayındığı halda həmin şəxsə qarşı tətbiq edilən cərimələr və sanksiyalar barədə də məlumat verib. Bildirib ki, dövlət büdcəsinə ödənilməli olan vergilərin yayındırılmasına görə vergi ödəyiciləri Vergi Məcəlləsinin 57, 58 və 59-cu maddələri ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar: "Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmçinin, Məcəllənin 57.1-ci maddəsinə əsasən, bəyannamə vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə vergi orqanına bu Məcəllə ilə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur. Bununla yanaşı, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən, ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məcəllənin 59.1-ci maddəsinə əsasən isə vergi məbləğləri qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxsdən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur”.
Kütləvi surətdə vergidən yayınma
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov mövzu ilə əlaqədar qəzetimizə açıqlamasında bildirib ki, mənzil kirayəsindən gəlir əldə edən vətəndaşların vergidən yayınmasına, kirayənişinlə öz aralarındakı sövdələşməni rəsmiləşdirməkdən yayınmalarına səbəb tətbiq edilən vergi faizinin yüksək olmasıdır. Onun sözlərinə görə, vergi faizi yüksək olduğundan vətəndaş evini kirayə verdiyini dövlət qurumlarından gizlədir, vergi ödəməkdən yayınır: "Qanuna görə, kirayədən əldə edilən gəlirdən 14 faiz vergi tutulmalıdır. Yəni vətəndaş fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçməli və hər ay kirayədən əldə etdiyi gəlirin 14 faizini dövlətə ödəməlidir. Misal üçün, əgər vətəndaş kirayə verdiyi mənzildən hər ay 100 manat gəlir götürürsə, onun 14 manatını vergi şəklində dövlətə ödəməlidir. Bundan başqa, evini kirayə verən vətəndaş fiziki şəxs kimi vergi orqanında qeydiyyatda durduğu andan Dövlət Sosial Müdafiə Fondunda da gəlir əldə edən şəxs kimi avtomatik qeydiyyata alınır. Vergidən əlavə, hər ay DSMF-yə 21 manat da ödəməlidir. İndi təsəvvür edin, Bakı ətrafı qəsəbələrdə evini aylıq 100 manata kirayə verən vətəndaş hər ay 14 manat vergiyə, 21 manat isə DSMF-yə ödəmə etməlidir. Belə olan halda mənzil sahibinə ayda cəmi 61 manat qazanc qalır. Vergi faizinin bu cür yüksək olması ona gətirib çıxarır ki, bu kateqoriyaya aid olan vətəndaşlar kütləvi surətdə vergidən yayınırlar”.
Vergi faiz dərəcəsinin aşağı salınması
S.Məmmədov vəziyyətdən çıxış yolu kimi bu sahəyə tətbiq edilən vergi faiz dərəcəsinin aşağı salınmasını göstərib: "Məsələ burasındadır ki, vergi orqanları buna gedəcəklərmi, ya yox? Çünki son aylara qədər mənzil kirayəsindən əldə edilən gəlirdən verginin cəlb edilməsinə o qədər də əhəmiyyət verilmirdi. Amma dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasından, dövlət büdcəsinə gəlirlərin azalmasından sonra bir çox məsələlər kimi mənzil kirayəsindən əldə edilən gəlirlərdən vergilərin tutulması da aktuallıq kəsb etməyə başladı. Hesab edirəm ki, indiki durumda vergi faizini aşağı salmaqla vergi yığımını çoxaltmaq olar. Bunun üçün elə bir hədd müəyyən edilməlidir ki, vətəndaş özü vergini ödəməkdə maraqlı olsun. Vətəndaş gizli sövdələşmə ilə deyil, qanun çərçivəsində açıq müqavilələrlə bu məsələni tənzimləsin. Mən hesab edirəm ki, bu sahədə cəmisi 3-4 faiz vergi tətbiq edilərsə, effektiv nəticə əldə etmək mümkündür. Həm bu sahədə şəffaflıq artardı, həm də bu kateqoriyaya aid əhalidə vergi mədəniyyəti daha yaxşı formalaşardı”.
Maarifləndirmə tədbirləri gücləndirilməlidir
Hüquqşünas hesab edir ki, bu sahədə maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir: "Misal üçün, heç bir yerdə işləməyən, lakin evini kirayə verməklə gəlir əldə edən insanlara izah etmək olar ki, vergi ilə yanaşı DSMF ödənişləri etməsən, yaşlaşıb pensiyaya çıxanda minimum həddə pensiya alacaqsan. Lakin vergi ödəyicisi olmaqla bərabər, əldə etdiyi gəlirə görə DSMF-yə hər ay ödəmələr etməsi gələcəkdə həmin vətəndaşın pensiyanın yüksək olmasına təsir edəcək. Bunun üçün müvafiq dövlət qurumlarında qeydiyyata düşmək, VÖEN və Dövlət Sosial Sığorta Şəhadətnaməsi əldə etmək gərəkdir. Yaxud, kirayə müqaviləsi imzalamadan, bu müqaviləni rəsmiləşdirmədən sadəcə sövdələşmə ilə mənzili kirayə verməyin sonradan həm mənzil sahibinə, həm də kirayənişinə müəyyən problemlər yarada biləcəyini də izah etmək olar. Misal üçün, şərti razılıqdan bir ay sonra mənzil sahibi məqsədli şəkildə kirayə haqqını artıra, yaxud kirayənişindən mənili boşaltmasını tələb edə bilər. Və ya əksinə, kirayənişin bir ay qaldıqdan sonra mənzil kirayəsini verməyib başqa bir yerə köçə bilər. Hər iki halda tərəflərin üzərlərinə götürdüyü öhdəlik rəsmiləşdirilmədiyindən, rahatlıqla məsuliyyətdən qaça, bir-birinə qarşı haqsızlıq, hüquq pozuntusu edə bilərlər. Amma müqavilə olanda, tərəflər üzərlərində məsuliyyət hiss edərlər. Ümumiləşdirsək, mənzil kirayəsinə görə nəzərdə tutulan vergi faiz dərəcəsi aşağı salınmalı, daşınmaz əmlakını kirayə verən vətəndaş da bütün hərəkətlərini qanunla tənzimləməlidir”.
Qanunun tələblərinə hörmətlə yanaşmalı
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Çingiz Qənizadə də hesab edir ki, Azərbaycanda mənzilini kirayə verən vətəndaş öz ölkəsinin qanunlarına hörmətlə yanaşmalı, qanunvericiliyin tələbləri əsasında fəaliyyətini qurmalıdır. O, "Kaspi”yə açıqlamasında bunun təhlükəsizlik nöqteyi-nəzərdən də vacib olduğunu vurğulayıb: "Olur ki, kirayə verilən mənzillərdə hər hansı qətl, cinayət hadisəsi baş verir, yaxud terrorçu qruplaşma orada "yuva” salır. Misal üçün bu günlərdə televiziya ilə yayımlanan xəbərlərdə göstərildi ki, Gürcüstandan gələn bir qrup cinayətkar Bakıda kirayə ev tutub yaşayıblar. Onlar bu evdə kirayə qalaraq oğurluqla, mənzillərin qarət olunması ilə məşğul imişlər. Qonşuların məlumatı və şikayəti əsasında sonradan həmin oğrular tutularaq məsuliyyətə cəlb olundular. Düzdür, qanuna görə mənzilini kirayə verən şəxs kirayənişinin hər hansı cinayət əməlinə görə məsuliyyət daşımır. Lakin bu halda belə, kirayə verən polisə çağırılır, müvafiq izahat alınır, müəyyən prosedur işlər həyata keçirilir. Polis qanun çərçivəsində məsələyə yanaşarsa, qısa zamanda araşdırma aparar, qonşuların və başqalarının məlumatı ilə ev yiyəsinin törədilən cinayət əməlində hər hansı marağının, məlumatının, iştirakının olmadığını üzə çıxarar. Amma əgər kirayə verən kirayəyə götürülən mənzildə hər hansı cinayət əməlinin baş verəcəyini bilib polisə xəbər verməzsə, cinayətin iştirakçısı olarsa, yaxud kirayənişininin cinayətkar olmasından məlumatlı ola-ola polisə xəbər verməzsə, bu halda məsuliyyət daşıyır. Ona görə də tövsiyə olaraq bildirmək istərdim ki, evini kirayə verən şəxslər qanun çərçivəsində bu işi görsünlər”.
Ən yaxşı biclik elə düzlükdür
Millət vəkili Ç.Qənizadə Azərbaycanın hüquqi, demokratik bir dövlət olduğunu xatırladaraq, bu dövlətin bütün istiqamətlər üzrə daha da inkişaf etməsi üçün qanunlara hörmətlə yanaşmanın zəruriliyini qeyd edib: "Vətəndaşlar dövlətin yanında olmalı, qanunlara hörmətlə yanaşmalı, həm öz təhlükəsizliklərini təmin etməli, həm də digərlərinin təhlükəsizliyinin təmin olunmasında fəallıq nümayiş etdirməlidirlər. Hər bir şəxs evini kirayə verəndə də mütləq qanun çərçivəsində sənədləşmə işi aparmalı, bu sənədləşməni notarial qaydada rəsmiləşdirməli, üzərinə düşən məsuliyyətdən qaçmamalıdır. Vətəndaş cüzi miqdarda vergi ödəməkdən yayınmamalıdır ki, gələcəkdə baş verə biləcək hər hansı hadisəyə görə də baş ağrısı çəkməsin”.
Büdcədə izi olmayanın, cəmiyyətdə üzü olmaz
Sonda kirayənişin saxlayan ölkə vətəndaşlarına bir daha səslənmək istərdik ki, qanunla üzərlərinə düşən məsuliyyətdən kənar qaçmasınlar. Əvvəla, ona görə ki, dövlət tərəfindən müəyyən edilmiş vergiləri ödəmək hər kəsin Konstitusiya borcudur. Digər tərəfdən, bu, həm evini kirayə verən vətəndaşın təhlükəsizliyi və gələcəkdə pensiya təminatının bir qədər də yaxşı olması, həm də ölkəmizin daha da güclənməsi üçün vacib şərtlərdən biridir. İnkişaf etmiş bütün ölkələrdə də vergiləri zamanında ödəmək hər bir vətəndaşın ən birinci vəzifəsidir. Bu vəzifəni layiqincə yerinə yetirməyənlər sərt cəzalarla üz-üzə qalırlar. Odur ki, məsuliyyətimizi dərk edək, vergidən yayınmayaq. Necə deyərlər, büdcədə izi olmayanın, cəmiyyətdə də üzü olmaz.
Rufik İSMAYILOV
Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin "Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunur kaspi.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə