Təqvim
Kamran Babayev: "Kütləvi cərimələnmə üçün bu sahədə elektron nəzarət mexanizmi olmalıdır”
15 yanvar 2020 - 15:14

"İcbari sığortalar haqqında” qanuna əsasən, dövlət qeydiyyatı olan bütün daşınmaz əmlak obyektləri icbari şəkildə yanvarın 20-nə qədər sığortalanmalıdır. Əks halda, 30 manat cərimə oluna bilərlər. Son vaxtlar bu mövzu çox müzakirə olunur, insanlarda fərqli suallar yaranır. Bu suallar ətrafında sığorta məsələləri üzrə ekspert Kamran Babayevlə söhbətləşdik.

- İlk olaraq bu proseslə bağlı insanların məlumatlılıq səviyyəsindən danışaq. Çünki bu məsələnin gündəmə gəldiyi o qədər də uzun müddət deyil.
- Konkret mənzillərdən danışsaq, 2019-cu ilin sonlarında bununla bağlı böyük ajiotaj oldu. Hər yerdə deyilirdi ki, evlər sığortalanmasa, yanvarın 1-dən cərimələnmə başlayacaq. Bu səbəbdən əhalinin çox hissəsi məlumatlıdır. Bakıda yaşayan insanların çoxu artıq prosesdən xəbərdardır. Hətta deyim ki, ötən ilin sonuna kimi yaşayış evlərini sığortalayanların sayı xeyli dərəcədə artdı. Bununla bağlı mənə də müraciət çoxalmışdı. Müxtəlif suallar verirdilər. İzah edirdim ki, qanun 2011-ci ildən qüvvədədir və istənilən zaman icra hakimiyyətinin nümayəndəsi qapınızı döyüb sığortanızı soruşa bilərdi. Təqdim etməsəydiniz, cərimələnə bilərdiniz. Sadəcə, bu gün qapı-qapı gəzib heç kim bunu etmir. Elektron nəzarət mexanizminin işə salınmağını gözləyirlər. Bakıda əhalinin bu istiqamətdə məlumatlandırılma səviyyəsi yaxşıdır. Ancaq bölgələrdə hələ o səviyyədə deyil.

- Bu o deməkdir ki, bölgələrdə evlərini sığorta etdirməyənlər daha çox olacaq. Yanvarın 20-sinə qədər daşınmaz əmlaklarını sığorta etdirməyənlərin cərimələnəcəkləri deyilir. Bir neçə gündən sonra kütləvi şəkildə cərimələnmə olacaq?
- Bundan əvvəl isə deyirdilər ki, yanvarın 1-nə qədər sığorta etdirməyənlər cərimələnəcəklər. Ancaq bu günə qədər hələ heç kim cərimələnməyib. Bu cərimələnmə başlayacaq, amma vaxtı qeyri-müəyyəndir. Bu il ərzində ola da bilər, olmaya da. Çünki kütləvi cərimələnmə üçün bu sahədə elektron nəzarət mexanizmi olmalıdır. İcbari Sığorta Bürosunun proqramı Əmlak Məsələləri Dövlət Komitəsini proqramı ilə inteqrasiya olunmalıdır. Komitə indi İqtisadiyyat Nazirliyinin tabeliyindədir. Bundan sonra nazirlik tərəfindən nəzarət ediləcək və elektron olaraq bilinəcək ki, kimin sığortası var, kimin yox. Bu inteqrasiya bitdikdən sonra cərimələnməyə başlayacaqlar. Bu da bir az zaman alacaq.

- Deyək ki, vətəndaşlar sığorta etdirmək istəyirlər. Maraqlıdır, sığorta şirkətlərinin bu işi yanvarın 20-nə qədər icra etmək üçün potensialları varmı?
- Sığorta şirkətləri buna hər an hazırdırlar, potensialları var. Bununla bağlı heç bir problem yoxdur. Hətta bəzi sığorta şirkətlərinin nümayəndələri qapı-qapı gəzib insanlara deyirlər ki, sığortalanın, yoxsa cərimə olunacaqsınız. Yəni sığorta şirkətləri tərəfdən problem yoxdur. Hansı sığorta şirkətinin daşınmaz əmlakın icbari sığortası ilə bağlı lisenziyası varsa, onlar bunu həyata keçirməyə hazırdırlar.

- Vətəndaşlar daşınmaz əmlaklarını lisenziyası olan istənilən sığorta şirkətində sığorta etdirə bilərlər?
- Lisenziyası olan sığorta şirkətləri bunu etməyə hazırdırlar. Hətta əgər vətəndaş sığorta şirkətinə müraciət edib, daşınmaz əmlakının sığortalamasını istəyirsə, qanunda olan xüsusi hallar istisna olunmaqla, sığorta şirkəti bu xidməti göstərməkdən imtina edə bilməz. Ev qəzalı olarsa, haqqında sökülmə qərarı varsa, yarı tikilidirsə və s. bu kimi hallar istisna olmaqla sığorta şirkəti vətəndaşın əmlakını sığortalamaqdan imtina edə bilməz. Daşınmaz əmlakın icbari sığortasının aparılması ilə bağlı bir çox şirkətdə lisenziya var. Ancaq lisenziya olsa da, vətəndaşlar şirkət seçimində diqqətli olmalıdırlar. Şirkətin verdiyi xidmətə baxsınlar. Elə şirkətlər var ki, vətəndaşı ofisə dəvət edir, mənzillərin şəkillərini filan və s. çəkir. Bunlar da vətəndaşlar üçün narahatlıq yaradır. Elələri var ki, votsapla sənədləri göndərirsən, sığorta müqaviləsini hazırlayıb geri göndərirlər. Bir də şirkətin etibarlılığını dəyərləndirsinlər, maliyyə dayanıqlılığını araşdırsınlar. Elə sığorta şirkəti seçilməlidir ki, hadisə olanda, onun həm ödəmə qabiliyyəti olsun, həm də düzgün ödəniş etsin.

- İnsanlarda bu məsələ ilə bağlı çoxsaylı suallar, narahatlıqlar var. Məsələn deyirlər ki, 1 otaqlı evi olan da evini eyni məbləğlə sığorta etdirir, böyük villa sahibi də. Bu, nə dərədəcə doğru yanaşmadır?
- Bu gün üçün mən bu yanaşmanı doğru hesab edirəm. Çünki sığorta təminatı da hər kəsə eyni verilir. Sığorta təminatı Bakı şəhərində hər kəs üçün 25 min manat məbləğindədir. 1 otaqlı mənzilə də 25 min manat verilir, böyük villaya da. Bir hadisə olsa, 25 min manat bir otaqlı mənzilin bərpası, təmirində yetərli olacaq. Ancaq böyük mənzilin təmiri üçün isə 25 min manat bəs etməyəcək. Bir deyil, bir neçə otaqlı ev sahibləri narahat olmalıdır. Çünki kvadrat çox olanda, təbii ki 25 min manat onun işini görmək üçün kifayət etməyəcək. Kompensasiya eyni olduğu üçün sığorta haqqı da fərqli deyil.

- Kvadratı daha çox olan daşınmaz əm lak sahibləriüçün burda çıxış yolu nədir? Çünki hadisə baş verərsə, 25 min manat onlar üçün yetərli olmur.

- Mən adamlar tanıyıram ki, 25 min manat icbari sığorta etdirib. Könüllü qaydada isə 100 min manatlıq sığorta təminatı alıb. Bu artıq həmin şəxslərin öz seçimidir. Əgər bir adamın milyonluq villası varsa və onun təmirinə 200 min manat pul xərcləyibsə, bilməlidir ki, nə isə hadisə baş verəndə, 25 min manat onun üçün heç nədir. Buna görə, əlavə təminat ala bilər. 25 min manat icbaridir. Ancaq bundan sonrasını artıq hər kəs özü əmlakına uyğun etdirə bilər.

- Sənədsiz evlər necə olacaq?
- Sənədsiz o deməkdir ki, heç bir sənədi yoxdur, yəni qanunsuz tikilidir. Elə evlərə icbari sığorta şamil olunmur. Digər hallarda, əgər mənzil vətəndaşın faktiki sahibliyindədirsə, onu sığortalamağa məcburdur. Çıxarış, Mənzil Tikinti Korperativləri, tikinti şirkəti ilə müqavilə, order və s. sənəd varsa, ev şəxsin sahibliyindədirsə, onu sığortalamalıdır. Qanun deyir ki, mülkiyyətində olan, yaxud faktiki sahibliyində olan daşınmaz əmlak sığortalanmalıdır. Ancaq onu deyim ki, artıq sənədsiz evlərin də sənədləşdirilməsinin üzərinə düşürlər. Sənədsiz bağ evləri olanlara zənglər edilir ki, gəlin, sənədləşmə ilə bağlı işlər başlanılır. Qanunsuz tikilsə də, uzun illərdir orda yaşayış olan yerləri nəzərdə tuturam. Məsələn, Abşeron zonasını götürək. Bu zona vaxtilə sovxozun, kolxozun olub. Orda üzüm bağları salınmışdı. Sonra insanlara bağ kimi verildi, bağlar tikildi. Heç bir sənədi də yoxdur. Qanunvericiliyə görə, onlar qanunsuz tikilidir. Ancaq fikrimcə, bu qanun dəyişilməlidir. Çünki indi o evləri söküb yerində yenidən üzüm bağları salmayacaqlar ki. İnsanlar uzun illərdir o bağlarda yaşayırlar. Bu gün qanun imkan vermədiyi üçün o insanlar həmin bağ evlərini sənədləşdirə bilmirlər. Amma neft zonası sayılan yerlərdə də evlər tikilib. Ordakılar sökülməlidir, onlara sənəd verilməyəcək. Həmçinin onu da qeyd edim ki, yalnız Bakı şəhərində təxmini 1 000 ətrafında istismar müddəti bitmiş evlər var. Bunlar əsasən "xruşovka” adlandırılan evlərdir. Bu evlərdə müvafiq dövlət qurumları tərəfindən ekspert yoxlaması aparılmalıdır, möhkəmləndirilməsi və bərpası mümkün olan evlər təmir edilməlidir, digərləri sökülməlidir, çünki istismar müddəti bitdiyinə görə belə evlərdə yaşamaq təhlükəli ola bilər. Bu məsələyə ona görə toxundum ki, yoxlamadan sonra müəyyən edilən qəzalı evlərə də daşınmaz əmlak sığortası şamil edilməməlidir.

- Ev alqı-satıqıda iştirak edəndə bir illik sığortalanır. Ötən il alqı-satqıda iştirak etmiş, bir illik sığortası tamam olmayan daşınmaz əmlaklar var. İndi də deyirlər ki, bütün daşınmaz əmlak obyektləri 20-nə qədər sığortalanmalıdır. Bir illik sığortası olanlar da təkrara sığorta etdirməlidirlər?
- Təbii ki müqavilə bir illikdir. Bir il bitəndən sonra yenidən sığortalamalı olacaqlar. İndi isə ehtiyac yoxdur, çünki sığortalıdır.

- Sığortalamayanlar cərimələnəcəklər. Piyadalarla bağlı cərimələri götürək. Vətəndaşların cərimələri ödəmirlər, yığılıb qalır. Sizcə, cərimə problemin həlli üçün çıxış yolu olacaqmı?
- Ümumiyyətlə, bir vətəndaş cərimələnibsə, onu mütləq ödəməlidir. Bu vətəndaş olaraq borcudur. Əgər cərimədən narazı olduğu üçün ödəmirsə, ºikayət etməli, nə isə tədbir görməlidir. Oturub cəriməni ödəməmək doğru deyil. Həm də nəzərə almaq lazımdır ki, ödənmədikcə üzərinə faiz də gəlir. Daşınmaz əmlaka gəldikdə, daşınmaz əmlak sığortası olmadıqda vətəndaş 30 manat cərimələnəcək. 20 gün ərzində təkrar cərimə edilə bilməz. Bu, o deməkdir ki, vətəndaşa 20 gün vaxt verilir ki, getsin sığortalasın. 20 gündən sonra yenə sığortalamasa, yenidən 30 manat cərimə oluna bilər. Ona görə cərimələnmək istəmirlərsə, ildə bir dəfə 50 manat verib sığorta etdirməlidirlər.

Aygün Asimqızı
kaspi.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
Masallılı voleybolçu yenidən ölkə yığmasına rəhbərlik edəcək 15:28, 28 fevral 2024
Xocalı soyqırımının 32-ci ildönümü Masallının təhsil müəssisələrində qeyd edilib 23:39, 26 fevral 2024
Xocalı soyqırımı qurbanlarının xatirəsi Masallıda böyük ehtiramla anılıb 22:00, 26 fevral 2024
...Xocalıya qayıdanacan 19:33, 25 fevral 2024
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib 12:45, 25 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə