Təqvim
Akif Aşırlı: BƏY QIZI
27 iyul 2019 - 18:49

Kənddən gələndən sonra meylimi Bakıya sala bilmirdim. Məcburən şəhərə nə qədər yaxın olmaq istəyirdimsə, sanki bir qüvvə məni doğulduğum yurd yerinə çəkirdi. Qarmaqarışıq düşüncələrin içərisində əriyirdim. 1991-ci ilin sentyabrında “7 gün”də işə başlayandan sonra vəziyyətimdə tam olmasa da, azacıq dəyişiklik yarandı, yazı-pozu adamlarının cərgəsində geridə qalmamaq üçün daha çox oxumağa, öyrənməyə və şəhəri tanımağa başladım.

Ləhcənin təsirindənmi, ya da başqa səbəbdənmi mətbuatımıza yeniliklər gətirən Emin Eminbəyli Qazaxla bağlı nə mövzular vardısa, hamısını mənə tapşırır, israrla qazaxlı şair və yazıçıların müsahibələrini “7 günün qonağı”na tələb edirdi. Və beləcə ilk müsahibim şeirlərini orta məktəb dərsliklərindən oxuduğum, çöhrəsini AzTV-nin ekranından izlədiyim Mirvarid Dilbazi oldu. Bu müsahibəyə qədər həyatda yalnız bircə dəfə Mirvarid xanımı canlı, üzbəsurət görmüşdüm. Orta məktəbi qurtarmağımızın sonuncu ili, 1986-cı ilin martında Səməd Vurğunun Qazaxda keçirilən yubiley ilində beş-altı metrlik məsafə ayırırdı bizi. O gün çox sevinirdim, çox. İsmayıl Şıxlını, Yusif Səmədoğlunu, boynunda qara qablı fotoaparat gəzdirən Vaqif Səmədoğlunu, Nəriman Həsənzadəni, Anarı, Cabir Novruzu görmüşdüm, özü də lap yaxından, bir addım məsafədən ədəbiyyatımızın kiçik “ordusu”na tamaşa etmişdim. Nə isə... Redaksiyanın tapşırığına uyğun Mirvarid xanımın ev telefonunu axtarıb tapdım, müsahibəyə razılıq alıb ünvanı yaddaşıma yazdım. Həmin vaxt Mirvarid xanım “Yazıçıların binası”nda ən sonuncu mərtəbədə qalırdı. Dağ cığırlarında yorulmazdım, amma indi bu mərtəbələri qalxdıqca təngnəfəs olurdum. Bəlkə də bu “çətin vəziyyətim” müsahibə öncəsi yaradıcılıq stressi idi. Nə sual verəcəm, necə yazacam, necə qarşılanacam kimi sadəlövh düşüncələr müsahibəyə razılıq alandan sonra başlamışdı. Təcrübəsizlikdən əziyyət çəkən bir yazı-pozu adamının vəziyyətidir bu.

Artıq sonuncu mərtəbədəyəm. Bu mərtəbələr məni Azərbaycan poeziyasının bəyzadəsi Mirvarid Dilbazinin yaradıcılıq dünyasına, xanım-xatınlığının sirrinə agah olmağa gətirib. Zəngə qapını açan şairənin kürəkəni sadə, zahirən sakit təbiətli bir insana bənzəyirdi. Asta-asta koridora gələn Mirvarid xanım bir anlıq nənəmi xatırlatdı. Mirvarid xanımla Avey dağının ətəklərində, yosun bağlayan iri çal daşlarında, qayalarında qayğısız uşaq illərinin dadını çıxarmışdı nənəm. Hərdən könlünə düşəndə o illəri yada salır, Mirvarid xanımı xatırlayır, ədəbiyyatda “Ağ yasəmənlər”lə əbədiləşən Yaqut xanımla bağlı xatirələrini dilə gətirir, uşaqlaşırdı.

Mirvarid xanım balaca uşaq kimi əlimdən tutub qonaq otağına aparır məni. Təsəvvürümdə canlandırdığım bərli-bəzəkli evdən əsər-əlamət yoxdur. Qədimliyə bürünən bu qonaq otağı dünyanın ən zəngin evinin qonaq otağına çevrilir nəzərimdə. Yazı masasının ətrafında əyləşirik. Gərginliyim sanki bir əsir geridə qalır, ordan-burdan sual verir mənə. Dodaqlarımın arasından çıxan hər bir sözə necə diqqət yönəltdiyinin fərqindəyəm. Əslimi-nəslimi, nəcabətimi soruşur.

Mirvarid xanımın babası Mustafa ağanın ən yaxın dostu, Türkiyədə ali dini təhsil alan Qazi Əfəndinin qardaşı nəvəsi olduğumu bilib bir az da kövrəlir. Babasından, Qazi Əfəndidən danışır. Uzun qış gecələrində evlərində qurulan şeiriyyət məclisindən, Qazi Əfəndinin Füzulinin qəzəllərini saatlarla əzbər deməsindən söhbət açır. Qazi Əfəndi də, Mustafa ağa da “37-nin” qurbanlarıdı. Qazaxıstanda sürgün həyatı yaşayıb, orda da dünyasını dəyişən babasının məzarını axtardığını, tapa bilmədiyini və bu acı hissi şeirə köçürdüyünü deyib, bir kitab göstərir mənə. Ərəb hərfləriylə çap olunan, səhifələri az qala əldə narın toza çevriləcək bu kitabda ulu babası Əbdürrəhman ağa Dilbazinin şeirlərinin çap olduğunu deyir. Əbdürrəhman ağa Xanlıqlar kəndində doğulub, dövrünün ən mütərəqqi aydınlarından, ictimai-xadimlərindəndir. 1803-cü ildə Sisianovun Gəncə xanı Cavad xanı qətlə yetirməsinə divan yazdığı üçün gözləri çıxarılıb. Qazaxın alov qülləsi deyilən həmin yerində bir sal daş üstə oturub, gözləri kor gəlib-gedənləri dinləyir, Tiflisdə, Gəncədə, Qarabağda nələrin baş verdiyini soruşur, bədahətən şeirlər deyərmiş. Azərbaycan ədəbiyyatının Mirvaridi bu ağsaqqal, ruhani, ruslara qarşı istiqlal savaşı aparan bəylərin, xanların yanında olub, onlara mənəvi dayaq olan Əbdürrəhman ağa Dilbazinin nəvəsiydi.

Yazı masasından bir az aralıda naxışları göz oxşayan şkafın üstündə xeyli kitab vardı. Diqqətimin çəkindiyini görüb kitabların içərisindən bir neçəsini gətirib masaya yaxınlaşdı. Əlində tutduğu kitab 1880-ci ildə İstanbulda çap olunan Seyid Nigarinin qəzəlləriydi. Əlləri titrəyə-titrəyə səhifələdiyi kitabda “Qarabağ” qəzəlini tapıb oxudu. İşarə bəlliydi. Qarabağda faciələr törədilir, torpaqlar işğal olunur, yurd yerləri yağmalanırdı. Erməni məkrindən xeyli danışandan sonra Bağanıs-Ayrımda erməni terrorunun qurbanı olan Qaratelin taleyindən, bəxtinin kəmliyindən, kişi qeyrətindən aram-aram, üzücü söhbət etdi. Qaratelə şeir yazmışdı. Əl dəftərçəsindən oxuyub, ortada içilməyini “gözləyən” stəkandakı çaya işarə elədi.

İndi növbə mənimiydi. Nə suallar verim, nədən danışım. Birdən yadıma düşdü ki, dünəndən kiçik bir vərəqə bir neçə sual yazmışam, elə onları deyim, sonrasını Allah gətirər. Əvvəl yazdıqlarım sualları verib, keçdim siyasi vəziyyətə. Prezident Elçibəylə görüşündən o qədər də çox vaxt keçməmişdi. Elə bunu soruşdum və nədən danışdıqları da maraqlıydı. Demə, Elçibəy Mirvarid xanımın qızı Xatirə ilə birgə Əlyazmalar İnstitutunda çalışdığından, prezidenti də gözəl tanıyırmış. Bəs nədən danışmışdı ölkənin prezidenti və xalq şairi? Ölkə yenidən qurulduğundan kitab çapında da bir boşluq yaranmışdı, ən çox bu mövzunu müzakirə etdiklərini deyən Mirvarid xanım prezidentdən bir xahiş də etdiyini söylədi: “Yazıçı nəşriyyatının 2 milyon rubl borcunu bağışlasın”.

Ömrünün son illərini yaşadığının fərqində olan xalq şairini ən çox narahat edən son kitabının çapı idi. Adını da ömrünün payızına bir işarə olan “Son pillələr” qoymuşdu. Bilmirəm nəşrini həsrətlə gözlədiyi bu kitab çıxdı, ya yox. Amma yaddaşımda qalan o oldu ki, bu kitabın çapını çox istəyirdi, lap çox.

Bu müsahibədən sonra Mirvarid xanımla bir neçə dəfə görüşdük, söhbət etdik, olub-keçənləri xatırlayardı. Səməd Vurğunun başına gətirilənlərdən, Mehdi Hüseynin ürəyinin partladılmasından, “37”nin qanlı-qadalı günlərindən, Müşfiqdən, Hüseyn Caviddən, bəy qızı kimi üzləşdiyi çətinliklərdən də danışardı.

Elçibəydən sonra Heydər Əliyevin hakimiyyətə qayıdışına çox sevinirdi Mirvarid xanım. Hərənin beş-on manat verib öz kitabını çap etdirdiyi bir dönəmin arxada qaldığını düşünür, ədəbi mühitdə də qayda-qanun yaradılacağını zənn edirdi. Axzı, onun nəzərincə Heydər Əliyev Moskvaya gedəndə bu cürə qayda-qanun, nizam-intizam qoyub getmişdi. Yazıçı və şair həmkarlarının kitablarının öz hesablarına çap olunduğunu görməmişdi. Kapitalist sisteminin gətirdiyi bu yeniliklər nə Mirvarid xanıma, nə də o dövrün qələm sahiblərinə uyğun deyildi.

Heydər Əliyev hakimiyyətə yenicə gəlmişdi. Həmin vaxt Mirvarid Dilbazinin ad günü yaxınlaşırdı. Çox keçmədi ki, 4 səhifədə çap olunan “Şərq” qəzetində və digər mətbu orqanlarda Heydər Əliyevin xalq şairi Mirvarid Dilbazini qəbul etdiyi barədə məlumat çap olundu. Bu xoş xəbərdən sonra evinə zəng etdim. Dəstəyi özü qaldırdı. Təbriklərimi çatdırdım. Ümidlə danışan Mirvarid xanıma sanki dünyaları bağışlamışdılar. Heydər Əliyev öz xidməti maşınını göndərərək Pirşağıda bağda istirahət edən Xalq şairini böyük hörmət, ehtiram və sayğıyla Prezident sarayına gətirib, ad gününü təbrik etmişdi. Həmişə maddiyyatdan, puldan, vardan uzaq olan, sadə, saf olduğu qədər də mənalı şair ömrü yaşayan Mirvarid Dilbaziyə bundan artıq nə lazım idi?

Aradan bir müddət keçmişdi. Ustad sənətkar, xalq şairi Zəlimxan Yaqub “Şərq”ə budəfəki gəlişində Mirvarid xanımın xəstə yatdığını söylədi və qərarlaşdıq ki, bəy qızı bəyzadəni birgə ziyarət edək. Ürəyi geniş, qəlbi açıq, hamıya sevgi, xoş ovqat bəxş edən Zəlimxan Yaqub sürücü Təyyara “xəstə yanına gedirik, yolu bazardan sal” dedi. Meyvələrin ən yaxşılarını bir-bir əli ilə seçən şair sazını da götürmüşdü.

Yatağından qalxa bilmirdi. Bizi görüb, özünü toparlamağa çalışan, hətta “övladlarımın yanında bu vəziyyətdə qala bilmərəm” deyib ayağa qalxmaq istəyən bu ismətli xanım əsl Azərbaycan qadını, analar anası idi. Axı o, həm də bəy qızı idi. Şəhərin kosmopolit rəngləri və başqa dünyası bu xanımın zadəganlığını, daxili zənginliyini, qürurunu, uca Ana Dilimizin saflığını onun əlindən ala bilməmişdi. Zəlimxanın saz havalarına ağrılarını unutmuşdu, ruhu sanki səmalarda dolaşırdı. Zəlimxan Yaqubun çaldığı bilmirəm hansı havaydı, bu havanın sonunda diqqətlə hamının çöhrəsini süzdü və bir-iki cümlə dedi: “Demişəm Xatirəyə, məni anamın yanında basdırın. Mən anamsız dura bilmirəm. Anamın laylasına möhtacam”. Vəssalam.

Bu kövrək ovqatda Mirvarid xanımın evini tərk etdik. İndi Mirvarid xanım da, Zəlimxan Yaqub da haqq dünyasındadır. Tanrı ruhlarını şad etsin.

Akif Aşırlı

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ƏDƏBİYYAT

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə