Etiraf olunmalıdır ki, son illər Sumqayıtın havası ekoloji cəhətdən çox təmizlənib. Hətta dünyanın bir çox şəhərləri ilə rəqabətə girəcək haldadır.
Yadınızdadırsa, illər öncə davamlı olaraq Sumqayıtı dünyanın 10 ən çirkli şəhərlər sırasına daxil edirdilər.
9 il bundan öncə 2010-cu ildə möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamı ilə "Azərikimya" İstehsalat Birliyi SOCAR-ın strukturuna daxil edildikdən, buradakı istismara yararsız, ekoloji cəhətdən zərərli, iqtisadi cəhətdən səmərəsiz zavodların fəaliyyəti dayandırıldıqdan, yerdə qalanlarda isə müasir standartlara uyğun modernizasiya işləri aparıldıqdan sonra bu istiqamətdə ciddi dönüşə nail olundu.
Üstəlik sənaye zonasında "Azərikimya" tərəfindən 100 minlərlə ağac əkildi, yaşıllıq zolaqları salındı.
Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən isə yaşıllaşdırma işi böyük vüsət aldı və şəhərin müxtəlif ərazilərində milyonlarla ağac əkildi, güllər, bəzək kolları becərilməyə başladı. Yeni park və xiyabanların salınması isə bu işə bir az da dəyər qatdı.
Sumqayıt Kimya Sənaye Parkında inşa olunan yeni müəssisələr - zavodlar isə dünya standartlarına uyğun tikildiyindən, havaya ötürülən müxtəlif çirkləndirici maddələr norma daxilində olduğundan - təbiətə, ekologiyaya o qədər də mənfi təsir göstərmir.
Qaldi bir məsələ ki.... Məhz mən də o məsələ ilə bağlı təklif vermək istəyirəm.
Bu gün Sumqayıtın ekologiyasına mənfi təsir göstərə biləcək bir şey varsa - o da şəhərdəki maşınlar, minik avtomobilləridir.
Bildiyiniz kimi, son illər Sumqayıtda minik maşınlarının sayı 10-15 il bundan oncə ilə müqayisədə on dəfələrlə artıb. Az qalır ki, hərənin bir maşını olsun. Olsun, istəməyənə lənət. Bir məsələ var ki, Sumqayıt zəhmətkeşlər şəhəri olduğundan, burada yaşayan insanlar əsas etibarilə quru maaşa göz dikən adamlardı və yeni, müasir və bahalı avtomobil almaq imkanları yoxdur. Ona görə də ucuz qiymətə ili köhnə olan maşınları alırlar ki, bunlar da ekoloji cəhətdən zərərli, havanı zavodlardan belə artıq dərəcədə çirkləndirən maşınlardır.
Gəlirəm sözümün canına...
Sözümün canı ondadır ki, gəlin hər ayın bir gününü şəhərimizdə maşınsız gün elan edək. Həmin gün ictimai nəqliyyat, təcili tibbi yardım, fövqəladə hallar, Sumqayıtdan digər yerlərə səfərlər istisna olmaqla - vacib ehtiyac duyulmadığı təqdirdə - heç kim maşınını qaraşından, həyətindən çıxarmasın. Həmin günü piyada gəmək günü elan edək. Həm Şəhərimiz bir gün rahat nəfəs alsın, həm də insanlarımız.
Və gələcəkdə belə günlərin sayı artırılsın - ayda heç olmasa iki dəfə olmaqla bu addım atılsın. Nə qədər ki, dünyanın böyük və nəhəng şəhərləri bizdən qabağa düşməyib, gəlin biz onlara örnək və nümunə olaq.
Bütün hüquqlar qorunur © 2025