Artıq bir neçə ildir ki, Qərbin tanınmış analitik və ekspertləri Avropa İttifaqının təkamül ssenariləri ilə bağlı fərqli proqnozlar verirlər. Proqnozların spektri genişdir, lakin onların sırasında bədbin əhval-ruhiyyəli tezislər də az yer almır. İndi isə mütəxəssislər bir qədər də irəli gedərək Aİ-nin xaosa yuvarlandığından bəhs edirlər. Bu zaman onlar konkret faktlara və əlamətlərə əsaslanırlar. Belə görünür ki, həmin məsələ Brüssel üçün getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayır. Proseslər bu istiqamətdə inkişaf edərsə, qarşıya hansı təhlükələr çıxa bilər? Aİ doğrudan da xaosa yuvarlana bilərmi? Bu halda dünya sisteminin aqibəti necə ola bilər? Bu kimi suallara cavab axtarmaq üçün Aİ-ni xaosa sürükləyən faktorların geosiyasi təhlili üzərində geniş dayanaq. Faktların məntiqi: Brüssel üçün mürəkkəb problemlər ABŞ Xarici Əlaqələr Şurasının prezidenti Riçard Haas "Project Syndicate" nəşrinə yazdığı məqalədə iddia edib ki, Avropa İttifaqı inamla xaosa doğru gedir. Dünya siyasəti üzrə tanınmış və təcrübəli bir mütəxəssisin bu proqnozu ekspertlərin diqqətini cəlb edir. Aİ-nin hansı parametrlər üzrə xaosa düçar olduğu analiz olunur. Əslində, belə bir xarakteristika uzun illərdir ki, Avropa İttifaqı haqqında məqalələrdə yer alır. İndi məsələ daha qabarıq və əhatəli şəkildə, konkret faktlarla təqdim olunur. Avropanın 28 ölkəsinin birləşdiyi Aİ özlüyündə möhkəm bir təşkilatdır. Bu təşkilata Almaniya və Fransa kimi güclü dövlətlər daxildir. Aİ həm də dünyanın ən inkişaf etmiş geosiyasi məkanındadır. Onun Amerika kimi müttəfiqi var. Almaniya iqtisadiyyatı isə hazırda dünyanın ən güclü iqtisadi sistemləri sırasına daxildir. Bütün bunların fonunda Riçard Haas hansı səbəblərdən bu təşkilatın xaosa doğru gedəcəyini proqnozlaşdırır? Məsələyə geniş aspektdə və müxtəlif geosiyasi proseslərin qarşılıqlı əlaqəsi müstəvisində baxdıqda, həqiqətən də Aİ-nin gələcəyi ilə bağlı müəyyən sualların meydana çıxdığına əmin oluruq. Hər şeydən öncə, təhlükəsizlik məsələsində təşkilatın qəti bir mövqedə olmadığı aydınlaşır. Məsələ ondan ibarətdir ki, Aİ-nin ən çox inkişaf etmiş üzvləri ilə digərlərinin təhlükəsizliklə bağlı mövqelərində fərqlər var və onlar prinsipial xarakter daşıyır. Almaniya və Fransa Avropa ordusunu qurmağı daha məqsədəuyğun hesab edirlər. Daha az inkişaf etmiş üzvlər isə bu ağırlığı qaldıra bilməyəcəklərini ifadə edirlər. Onlar bir tərəfdən təhlükəsizlik üçün bir sıra təhdidlərin meydana gəldiyini deyir, digər tərəfdən isə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmək istəmirlər. Məsələn, hesab edirlər ki, miqrasiya problemi Aİ üçün ciddi çətinliklər yaradır. Miqrantların Avropaya buraxılmasına qarşı çıxırlar. Lakin, eyni zamanda, bunun üçün antiliberal və ya qatı milliyyətçi mövqe tuturlar. Bu xətt isə Avropanı birləşməyə deyil, lokallaşmağa aparır. Çünki təşkilatın hər bir üzvü millətçi mövqedə olsa, onda inteqrativ qurumların fəaliyyəti iflic olar. Ortaq fəaliyyət strategiyası hazırlamaq çətinləşir. Deyək ki, Macarıstan və İtaliya miqrasiya məsələsində digərlərindən fərqli tədbirlər həyata keçirir, sərt inzibati proqramlarla insanların ölkəyə buraxılmasına əngəl törədirlər. Belə halda hansı meyarlarla ümumi təhlükəsizlik kursu müəyyənləşdirmək olar? Ekspertlərin cavabı birmənalıdır: bu, mümkün deyil! O halda Aİ üzvləri miqrasiya problemini ümumi proqramla necə həll edə bilərlər? Bu sualın cavabı aydın deyil. Deməli, doğrudan da təhlükəsizliyin bu aspekti ilə bağlı təşkilat daxilində bir qeyri-müəyyənlik var və bu, prosesləri xaosa sürükləyir. Fransada bir neçə müddətdir davam edən "sarı jiletlilər" hərəkatı prizmasından da eyni mənzərə yaranır. Fransa polisi ancaq çox sərt güc tətbiq etməklə bu kütləvi hərəkatı söndürə bildi. Lakin ekspertlər əmindirlər ki, bununla problem həllini tapmadı. Çünki etirazlar konkret sosial problemlərə görə yaranmışdı. İndi onun başqa Aİ üzvlərinin ərazilərinə yayılması ehtimal olunur. Yəni "sarı jiletlilər" bütövlükdə Aİ-nin ümumi probleminə çevrilsə, Brüssel həll yolunu necə tapacaq? Ekspertlər hesab edirlər ki, bu məsələnin həlli Aİ-yə daxil olan ölkələrdə siyasi elitanın transformasiya mərhələsində olması ilə daha da çətinləşir. Belə ki, Almaniyada Angela Merkelin istefa barədə qərarı ilə siyasi mühitin ciddi dəyişikliyə uğraması gözlənilir. Yeni siyasi qüvvələrin tamamilə fərqli miqrasiya və maliyyə siyasəti yeridəcəyi ehtimal edilir. Siyasi və ideoloji savaş: təşkilat silkələnir Fransada Emmanuel Makrona qarşı olan hərəkat göstərdi ki, sağçı populist Marin Le Penin mövqeyi getdikcə möhkəmlənir. Bu isə ölkədə avropasentristlərin siyasi mövqeyinin zəifləməsi əlamətidir. Deməli, Fransa növbəti seçkidən sonra Avropa inteqrasiyasının əleyhinə ola bilər. Bununla avtomatik olaraq təşkilatda fikir ayrılığı sürətlənər ki, bu da özlüyündə qarışıqlığa və ayrılığa aparıb çıxara bilər. İtaliyada vəziyyət xeyli vaxtdır ki, gərgindir. Roma büdcə kəsirləri ilə bağlı Brüssellə yola getmir. İtaliya büdcə kəsirlərini təşkilatın ümumi maliyyə imkanları hesablına həll etmək inadından dönmür. Fransada etiraz aksiyalarının vüsət almasına da Roma sevinib. Çünki hesab edir ki, problem yalnız İtaliya ilə bağlı deyil. İtaliyada sağ populistlərin hakimiyyətdə olması bütün Avropa üçün təhlükə yaratmaqda, onu xaosa sürükləməkdədir. Eyni fikirləri Avstriya, Yunanıstan, Macarıstan, İspaniya, Portuqaliya haqqında da demək olar. Bütün bunlar Böyük Britaniyanın Aİ-dən çıxması fonunda daha təhlükəli təsir bağışlayır. Ekspertlərin rəyinə görə, Aİ-ni xaosa aparan proseslər sırasında sözügedən "eksit"lər ayrıca rol oynaya bilər. Məsələn, artıq "Breksit" Şotlandiya və İrlandiya problemlərini yaradıb. Prosesin genişlənməsi ilə bu növ problemlərin sayı arta bilər. Macarıstan çox radikal millətçi mövqedədir. Bu ölkə hətta Aİ-ni tərk etmək, Brüssel isə Budapeştin tutduğu radikal mövqeyə görə Macarıstanı cəzalandırmaq fikrinə düşür. Bu cür qarşılıqlı ittihamlar, təbii ki, mərkəzlə ayrı-ayrı üzvlər arasında uçurum yaradır. Heç kəs zəmanət verə bilmir ki, oxşar tendensiya Şərqi Avropanın digər ölkələrində baş qaldırmayacaq. Bu halda Aİ bir təşkilat olaraq daha geniş aspektdə problemlərlə üz-üzə qalmış olacaq. R.Haas bu vəziyyəti xaosa doğru bir addım sayır. Avropa İttifaqında xaosu gündəmə gətirən digər faktoru fərqli ideoloji konseptlərin qabarmasında axtarmaq olar. Məsələ ondan ibarətdir ki, hazırda İttifaq ölkələrində radikal millətçilikdən tutmuş liberalizmə qədər bir neçə cərəyan inkişaf edir. Onların sırasında sağ populistlər daha çox seçilirlər. Bu qrup Avropada inteqrasiyanın və qloballaşmanın əleyhinədirlər. Məsələn, Avropa Parlamentində xarici və təhlükəsizlik siyasəti ilə bağlı hazırlanmış hesabata sağçı əhval-ruhiyyəli qüvvələrin reaksiyası maraqlı olub. Onlar qəbul edilən qətnaməyə münasibət bildirərkən açıq vurğulayıblar ki, Aİ-də militarist əhval-ruhiyyə artır və bunun təzahürü kimi vahid Avropa ordusu yaradılması təklifini göstəriblər. Parlamentdə hələlik azlıq təşkil edən sağlar göstərirlər ki, Aİ bir tərəfdən demokratiyadan və insan haqlarından danışır, digər tərəfdən münaqişələri həll etmək üçün daha çox maliyyə arzulayır və strukturları birləşdirməyə çalışır. Əslində isə Aİ bütün hərbi strukturları ləğv etməli, silahsızlaşma aparmalı və problemləri yalnız dinc üsulla həll etmək yolunu tutmalıdır. Hələlik bu səs zəifdir, ancaq qarşıdakı seçkidə sağlar qalib gəlsə, onda Brüsselin vəziyyəti necə olacaq? Avropa təhlükəsizlik və miqrasiya məsələlərində vahid mövqedən çıxış edə biləcəkmi? Bu suallara ekspertlərin cavabı mənfidir. Bu səbəbdən Aİ-ni qarşıda həmin aspektdə hansı sürprizlərin gözlədiyini demək çətindir. Bütün bunlardan belə nəticə çıxara bilərik ki, Riçard Haasın qənaətləri əsassız deyil. Üstəlik, qlobal geosiyasi proseslərdə turbulentliyin artması halında Aİ-də mərkəzdənqaçma tendensiyasının güclənməsi ehtimalı daha da artacaq. Avropa İttifaqı kimi böyük bir təşkilatda xaosun meydana gəlməsi daha geniş miqyasda problemlərə səbəb olacaq. Mümkündür ki, xaotik proseslər müxtəlif regionlara da yayılsın. Onda Aİ-də başlayan qarışıqlığın bütün dünyaya yayılması ehtimalından da danışa bilərik. Maraqlıdır ki, Brüsselin bunun qarşısının alınması ilə bağlı konkret planına dair informasiya yoxdur. Ekspertləri də narahat edən məhz bu məqamdır. Bütövlükdə Avropa İttifaqında xaosun dərinləşəcəyinə dair proqnozlar siyasi liderləri daha məsuliyyətli olmağa çağırır. Artıq bu tendensiya ilə bağlı müxtəlif səviyyələrdə fikirlər ifadə edilir. Görünür, Qərbin siyasi liderləri konkret və qətiyyətli addım ataraq demokratiya ilə təhlükəsizlik arasında uyğun nisbəti tapmalıdırlar. Bu balans təmin edilməsə, Avropanı və ümumən dünyanı nələrin gözlədiyini proqnozlaşdırmaq da çox çətinləşəcək. Newtimes.az ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024