Rasim bəyə səmimiyyətlə (Ad günün mübarək, USTAD !!!) Bakı, 28 aprel 2006
Albom…
Dünənimin şəkil yaddaşı
Çəkir gözlərimi göy dəniz kimi.
Baxıram…
Gözünü çəkmir gözümdən,
Baxır dünyamızdan xəbərsiz kimi.
Çoxdan açmamışam, üzü tozludu,
Albomda şəkillər saralıb, solub.
İtən günlərimin yadigarları,
Yaddaşdan qaçaraq buraya dolub.
Kimini nisgillə ağlada bilib,
Kimini şəfqətlə güldürüb onlar.
Şəkilə salmaqçün bircə duruşu,
Ömrün bir anını öldürüb onlar.
Kim baxıb onlara sonuncu dəfə,
Albom, şəkillərə zindan olubdur.
Mənimlə yaşıddır onun hər biri,
Kim deyir ömürü bir an olubdur?
Bəndə yaranandan axtarışdadı,
Hələ də tapılmır həyatın çəmi.
Görən niyə düşmür,
Düşür – görmürük,
Ötüşən anların sevinci-qəmi?
Yaman tumarlıdı bu şəkil oğlan,
Köynəyi ütülü, pencəyi təzə.
Biri qohumundu, biri qonşunun,
Anam gətirmişdi mən dilbilməzə…
İstər xatirə de, istər yadigar,
Hər şəkil bir anın göz yaşlarıdı.
Köhnə məzarlıqdı köhnə albomlar,
Şəkillər qırılmış baş daşlarıdı...
Bütün hüquqlar qorunur © 2023