Köksünə tikanmı batıb, A taleyi sarı bülbül?! Qan ağlayan qəhərini Böləsiyəm yarı, bülbül. Oxuyursan, yoxsa sən də Yad əliylə qara gələn Tariximi ağlayırsan? O tarixi yazanların Taleyini dağlayırsan?! Dağlar tökür göz yaşını, Əridirsən qarı, bülbül! Səsini məlhəm bilirəm, Gəl yaramı sarı, bülbül! O zaman söz yiyələri Ulduzu, Ayı öyürdü. «Partiyanın eşqi ilə» Bəyaz sarayı öyürdü. Nə müddətdi Qarabağda Susdurublar tarı, bülbül. Səsin bu dərdin özüdü, Oxuyursan, Sarı bülbül!.. Oxuyursan nə zamandı, Ötənləri ana-ana. Nə heyrətdi, nə gümandı? – Oxuyursan yana-yana. Yolun üstə dayanardı, Gözü yolda qalan Şuşa. Səsin ilə oyanardı, Bir tamaşa olan Şuşa. . Ömürdən can uman qəhər Bir ürəyə sığandımı? Oxuduğun nəğmə deyil, Ruh sarsıdan fəğandımı? Şuşasız qalmısan deyə Yaman təntiyib nəfəsin. Dərd-qəminə dərman deyə Qisasa çağırır səsin. Yağı bilmirmi ki, Şuşa Od oğlunun Şuşasıdı? Qisas qalmaz qiyamətə, Millət bir gün coşasıdı! Şuşaya uç, vaxtı çatıb, Gələk sənə sarı, bülbül! Səsin şəhid harayıdı, Oxu, oxu, Sarı bülbül!.. Bakı, 9 may, 1993
Bütün hüquqlar qorunur © 2023