Rusiyanın kurort şəhəri Soçi leysan yağışlarından sonra blokadaya düşüb. “Bİ” xəbər verir ki, güclü yağıntılar şəhərdə və ətraf rayonlarda həyatı iflic edib. Təbii fəlakət nəticəsində küçələri su basıb, bəzi bölgələr elektriksiz qalıb. Altı min insanın yaşadığı 3 rayonda 1,7 min evi su basıb, 300-dən çox sakin evakuasiya edilib. Bildirilir ki, yağıntılar ən çox Lazarevsk rayonuna ziyan vurub. Rayonun 5 yaşayış məntəqəsində 27 evin həyətini su basıb. Məlumata görə, Volkovka rayonunda güclü yağış qaz borusunu sıradan çıxarıb. Nəticədə, 320 ev maye qazsız qalıb. Eyni zamanda, Tuapse- Lazrevsk rayonları arasındakı körpü dağılıb, yağışlarla əlaqədar Soçidə, Тuapse və Apşeron rayonlarında fövqəladə vəziyyət elan edilib. Ümumilikdə hər üç yaşayış bölgəsində 1662 ev qazsız, 2720 ev isə elektrik enerjisiz qalıb. Fəlakətin nəticələrinin aradan qaldırılmasına 700-dən çox insan və 150 ədəd texnika cəlb edilib. Qeyd edək ki, leysan yağışları tələfatsız ötüşməyib. Belə ki,yağıntılar səbəbindən 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Bir nəfər isə itkin düşüb.
Bütün hüquqlar qorunur © 2024