Ocağı qalanmayan O tənha kənd mənimdi. İşıqları yanmayan, O tənha kənd mənimdi. Dəli intizar baxır, Hələ dözüm var, baxır… Bağlı qapılar baxır, O tənha kənd mənimdi. Neçə cığır, iz qalıb, Növbəsiz kəhriz qalıb… Təndir çörəksiz qalıb, O tənha kənd mənimdi. Talana aldandı o, Qalana aldandı o, Yalana aldandı o, O tənha kənd mənimdi. Dilə gəlir dərd-azar, Dərd üstündən dərd yazar… Böyüyür məzar-məzar, O tənha kənd mənimdi. Gedib gözünün ağı, Dərddən əyilib dağı – Ona çəkmişik dağı – O tənha kənd mənimdi. Sorğu-sualdı yoxsa, Şirin xəyaldı yoxsa, Dərddi, məlaldı yoxsa? – O tənha kənd mənimdi. Çəkilən aha baxın, Tutqun sabaha baxın, Bunca günaha baxın, O tənha kənd mənimdi… Bakı, mart, 2001
Bütün hüquqlar qorunur © 2023