Təzə deyiləsi deyim qalmayıb,
Dərdini içində çəkir bu gözəl.
Dözümü qalmayıb, heyi qalmayıb,
Dərdini içində çəkir bu gözəl.
Saçı sığal umur, gözü naz gəzir,
Boşluqdan buzlaşan könlü yaz gəzir,
Həsrət sevincinə bir avaz gəzir,
Dərdini içində çəkir bu gözəl.
Zamandı…
Əvvəlki havası ölüb,
Ölüb, sevgi adlı dünyası ölüb.
Çala bilmədiyi laylası ölüb,
Dərdini içində çəkir bu gözəl.
Ötüşən illərdi, illər yaş deyil,
Ürək necə dözsün, ürək daş deyil.
Gözündən ələnən qandı, yaş deyil,
Dərdini içində çəkir bu gözəl.
Bakı, 2 may, 2005
Bütün hüquqlar qorunur © 2023