Masallıda şəhid Rəşid Lətifovun xatirəsi anılıb Masallı rayonunda Vətən müharibəsi şəhidi, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Rəşid Güləhməd oğlu Lətifovun xatirəsi anılıb. Akif AĞAYEV
Güllütəpə kənd tam orta məktəbində keçirilən anım tədbirində şəhidin atası, müharibə iştirakçıları, məktəbin müəllim və şagirdləri, kənd sakinləri iştirak ediblər.
Tədbir öncəsi Azərbaycanın bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məktəbin direktoru Qədir Muxtarov, direktor müavini Rövşən Muxtarov Füzuli və Murovdağ döyüşlərinin qartalı, vaxtilə dərs dedikləri Rəşid Lətifovun Vətənə, doğma torpağa bağlılığından, qısa və şərəfli ömür yolundan danışıblar.
Bildirilib ki, Rəşid kimi qəhrəman oğullarımız xalqımızın qəlbində əbədi yaşayacaq.
Məktəblilər şəhidin anası Sevinc xanımın igid övladına həsr etdiyi şeirləri səsləndiriblər.
Qeyd edək ki, Rəşid Güləhməd oğlu Lətifov 14 yanvar 2000-ci ildə Masallı rayonunun Tatyanoba kəndində anadan olub.
2006-2017-ci illərdə Güllütəpə kənd tam orta məktəbində təhsil alıb.
2018-ci ilin yanvarında hərbi xidmətə çağırılıb.
2019-cu ilin iyul ayında ordudan tərxis olunub.
2019-cu ilin avqustunda MAXE kimi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirib.
Azərbaycan Ordusunun çavuşu Rəşid Güləhməd oğlu Lətifov 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun işğaldan azad edilməsində böyük şücaət göstərib.
Murovdağ istiqamətində gedən döyüşlər də iştirak edib. 01.10.2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi 29 dekabr 2020-ci il tarixdə doğulduğu Tatyanoba kənd qəbiristanlığında torpağa tapşırılıb.
Subay idi.
Respublika Prezidentinin müvafiq sərəncamları ilə 44 günlük Vətən müharibəsinin şəhid çavuşu (MAHHXHQ) Rəşid Lətifov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, «Kəlbəcərin azad olunmasına görə» və «Vətən uğrunda» medalları ilə təltif edilib.
Bütün hüquqlar qorunur © 2024