Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyası iyulun 23-də növbəti onlayn elmi seminar keçirimişdir. Bu seminarda aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin "Muğam sənətinin bədii mədəniyyət aspektləri" adlı məruzəsi dinlənilmişdir.
Məruzədə muğam sənəti bədii yaradıcılığın və bədii sənətin bir növü kimi qiymətləndirilmişdir. Məruzəçi qeyd etmişdir ki, Şərq bədii təfəkkürünün məhsulu olan muğamın əsrlər boyu professional musiqi sənəti kimi yaşaması və inkişaf etməsi, eləcə də muğamın bədii obraz cəhətdən daim zənginləşməsi onun digər yaradıcılıq növləri ilə qarşılıqlı əlaqəsi və təsiri sayəsində mümkün olmuşdur. Ümumiyyətlə, muğam professionalizmi özünü digər professional yaradıcılıq sahələri ilə əlaqədə təsdiq etmişdir. Muğam Şərq ölkələrində peşəkar bədii yaradıcılıq sahələri ilə - klassik poeziya, memarlıq, rəssamlıq, şəbəkə, nəqqaşlıq, xalca sənətləri ilə qarşılıqlı əlaqə və təsir mühitində yaşamış və inkişaf etmişdir.
A.Abduləliyev məruzəsində "muğam və poeziya", "muğam və memarlıq", "muğam və rəssamlıq", "muğam və xalça" yaradıcılığında bəzi obraz, termin, sturktur əlaqələrini araşdırmışdır. İlk olaraq, muğam və poeziya münasibətləri üzərində dayanan məruzəçi bu münasibətin üç istiqamətini vurğulamışdır. Bu üç istiqamətdən biri də klassik poeziya ilə muğam arasındakı termin və obraz əlaqələridir. Bu aspektdə "məsnəvi", "saqinamə" anlayışları klassik poeziya və muğamda müqayisə yolu ilə araşdırılmışdır. Bundan başqa, klassik poeziyada "Leyli və Məcnun", "aşiq", "yar" obrazlarının, eləcə də "karvan" obrazının irfani mahiyyəti üzərində dayanan müəllif bu obrazların muğamdakı musiqili tərənnümünə, ortaq terminoloji və obraz təcəssümünə dair faktları göstərmişdir.
Daha bir maraqlı yanaşma muğam sənətindəki "şəhr-aşub", "hal", "qal", "zəngi-şötör" terminlərinin daşıdığı obrazlar və onların elmi-müqayisəli izahı ilə bağlı olmuşdur. Məruzəçi tərəfindən muğam sənətinin memarlıq, rəssamlıq və xalça sənətləri ilə bəzi ortaq bədii dəyərlərinə dair, eləcə də bu professional yaradıcılıq növləri arasındakı ortaq bədii təfəkkür nöqtələrinə dair maraqlı mülahizələr də irəli sürülmüşdür.
Sonda fəlsəfə elmləri doktoru, bəstəkar və musiqişünas-alim, BMA-nın elmi-yaradıcılıq məsələləri üzrə prorektoru,fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Əməkdar incəsənət xadimi, tanınmış kaman ifaçısı, professor Arif Əsədullayev və başqaları məruzə ətrafında fikir mübadiləsi aparmış, onları maraqlandıran bəzi suallara aydınlıq gətirmiş, mövzunun elmi cəhətdən aktual oldğunu qeyd etmişlər.
Yalçın Abdulla,
sosial fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
Bütün hüquqlar qorunur © 2024