28 iyun 2024 - 17:03
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə
Masallı Rayon Statistika İdarəsinin təşkilatçılığı, Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Gender üzrə statistik göstəricilər” mövzusunda seminar-müşavirə keçirilib.
İyunun 28-də, statistika idarəsinin akt zalında keçirilən seminar-müşavirədə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, ərazilər üzrə icra nümayəndələri və tələbələr iştirak edib.
Müşavirəni giriş sözü ilə açan Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə iştirakçıları salamlayaraq rayon icra hakimiyyətinin başçısı cənab Araz Əhmədova tədbirin keçirilməsində göstərdiyi dəstəyiə görə minnətdarlığını bildirib. İdarə rəisi ümumi demoqrafik göstəricilərin müqayisəli təhlili, doğulanların qız və oğlan uşaqları üzrə bölgüsü, nikah və boşanmalar, əmək bazarının, təhsil, səhiyyə və hüquqpozmalar üzrə statistik göstəricilərin yaş və cins bölgüsü, oğlan uşaqlarının qız uşaqlarından daha çox doğulmasının səbəbləri, nikahların azalması, boşanmaların çoxalması, süni abortların əhali artımına təsiri imkanları mövzusunda elmi-statistik araşdırmanın nəticəsi ilə bağlı məlumatları seminar iştirakçılarının diqqətinə çatdırıb.
Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Aybəniz Novruzova müvafiq komissiyanın rayonda təşkilinin və fəaliyyətinin hüquqi əsasları, erkən nikahların qarşısının alınması istiqamətində rayon icra hakimiyyəti tərəfindən görülən tədbirlərin nəticələri ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
Seminar-müşavirədə Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov qadınların sosial-iqtisadi sferada rolunun əhəmiyyətindən bəhs edib, gələcəkdə ölkədə gender bərabərliyinin təmin olunmasının önəmini vurğulayıb.
Masallı 1 saylı Mediasiya Təşkilatının rəhbəri Xanhüseyn Səmədov mediasiya təşkilatının fəaliyyətindən, cəmiyyətdə onun əhəmiyyətindən danışaraq, gələcəkdə ailə münaqişələri və əmək münasibətləri zəmnində yaranacaq problemlər ilə əlaqədar təşkilata müraciət edə biləcəklərini iştirakçıların nəzərinə çatdırıb.
“Viləş” körpələr evi-uşaq bağçasının direktoru Şəfa Allahverdiya gender bərabərliyinin təbliği, gender əsaslı zorakılığın qarşısının alınması və qadınların əmək bazarında səlahiyyətlərinin artırılması mövzularında çıxış edib.
Sonda “Gender üzrə statistik göstəricilər” mövzusunda geniş diskursiya aparılıb, iştirakçıların sualları cavablandırılıb.