Çapa göndər
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı...

09 may 2024 - 12:30

Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı...

 

Kimi şərəfli, mənalı ömür salnaməsi ilə yeni nəslə örnək olmaqdan, kimi isə sadəcə olaraq uzunömürlükdən qürurlanır.  
Parlaq keçmişimizdən bu günə körpü salıb yaddaşımızı təzələməli, mənəvi dəyərlərə sahib insanları gənclərimizə tanıtdırmalı, onların həyat təcrübəsindən faydalanmalıyıq.
Bu yazıda dövlətinə, xalqına sadiq, zəhmətkeş, cəsur bir eloğlumuzun həyat tarixçəsinin bəzi məqamlarına işıq salmağa çalışacağıq.
Tanrı Bayram kişiyə 85 il ömür payı ayırdı. O, bu ömrü ləyaqətlə yaşadı. Vətən adının ucalığı naminə həyatının hər anını səfərbər edə bildi. Çünki bilirdi ki, həyat nə səhvi bağışlayır, nə də itirdiyimizi geri qaytarır...
Bayram Murtuza oğlu Şiriyev 19 yanvar 1911-ci ildə Bakı quberniyası Lənkəran qəzasının Bala Kolatan kəndində anadan olub. 1931-ci ildə Masallı rayonu Bala Kolatan kənd yeddiillik, 1933-cü ildə isə Bədəlan kənd zəhmətkeşlər məktəbini bitirib. Eyni zamanda Staxanov adına kolxozda qeydiyyatçı (IV.1931-XI.1933) kimi çalışıb. 1933-cü ilin oktyabrında Azərbaycan İşçi-Kəndli Qızıl Ordusu sıralarına (77-ci atıcı diviziyanın 229-cu polkuna) çağırılıb. Üç il hərbi xidmətdə olduğu müddətdə kursant Şiriyev bütün döyüş növlərinin sirlərinə mükəmməl yiyələnib, ən yaxşı nişançı (snayperçi) və paraşütçü adını qazanıb. Hərbi hissə rəhbərliyinin diqqətini cəlb edən gənc əsgər Dağnişançılar diviziyasının bölmə komandiri, alay rəhbərinin köməkçisi vəzifəsinə təyin edilib. Xidməti dövrünü və ordu məktəbini uğurla başa vurmuş, tam siyasi hazırlıqlı, intizamlı və bacarıqlı döyüşçü kimi yetişmiş həmyerlimiz 21 yanvar 1936-cı ildə Moskva şəhərinə (Kremlə) SSRİ firqə və hökumət rəhbərlərinin təntənəli qəbuluna gedən azərbaycanlılardan biri olub. 
Azərbaycan KP (b) MK-nın katibi M.Bağırovun, Xalq Komissarları Sovetinin sədri Rahmanovun rəhbərlik etdiyi nümayəndə heyətinə respublikamızın qabaqcıl kənd təsərrüfatı (Bəsti Möhsüm qızı Bağırova, Maniyə İskəndər qızı Kərimova   – Qasım-İsmayılov rayonu, Voroşilov adına kolxoz; Qüdrət Aşur oğlu Səmədov – Salyan rayonu, “Qırmızı Azərbaycan” kolxozu; Əli Bayram oğlu Məmmədov – Zəngilan rayonu, Telman adına kolxozun briqadiri və digərləri), səhiyyə (Mustafa Ağabəy oğlu Topçubaşov – tibb elmləri doktoru, cərrahiyyə klinikasının professoru və digərləri), mədəniyyət (Səməd Vurğun Vəkilov – şair, Bülbül (Murtuza Məmmədov) – respublika opera teatrının əməkdar artisti; Rüstəm Məmməd oğlu Mustafayev – rəssam və digərləri), hərb (Qambay Məmməd oğlu Vəzirov – Azərbaycan dağnişançılar diviziyasının komandiri; Leyla Ələsgər qızı Məmmədbəyova – Bakı aeroklubunun təyyarəçi-konsruktoru (Şərqdə ilk paraşütçü, SSRİ-də paraşütdən tullanmış ikinci qadın); Rəşid Tağı oğlu Kərimov – dağnişançılar diviziyasının batalyon komandiri və d.)  və başqa sahələrin adamları daxil edilib. 
Stalin, Molotov, Kalinin, Voroşilov, Orconikidze, Andreyev, Yakovlev, Çubar və digər partiya-hökumət rəhbərlərinin iştirak etdiyi təntənəli yığıncağda Lenin ordenli nümayəndələrimizdən – buruq ustası İsmayıl Məlikzadə, pambıqçı Almaz Cəlal qızı Əliyeva (azərbaycan dilində çıxış ediblər), təyyarəçi Sona Piri qızı Nuriyeva (əvvəl azərbaycan, sonra rus dilində), “Ulduz” pambıqçılıq kolxozunun briqadiri Məmmədrza Əliyev (azərbaycan dilində), mühəndis-neftçi Tahirə Əkbər qızı Tahirova (danışdıqca tərcümə edib), şair Səməd Vurğun (əvvəl azərbaycan, sonra rus dilində), “Qırmızı Ulduz”lu tank komandiri Rəhim Hüseynbala oğlu Aslanov (azərbaycan dilində çıxış edib) və başqaları çıxış etmişlər.     
Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 15 illiyi ilə əlaqədar SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M.Kalinin və MİK-nin katibi İ.Akulovun imzaladığı 27 yanvar 1936-cı il tarixli sərəncamla 60 azərbaycanlı nümayəndə (11 nəfəri Lenin, 18-i “Qırmızı Əmək Bayrağı”, 5-i “Qırmızı Ulduz”, 25-i “Şərəf nişanı”) orden, Fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub. Qabaqcıl kolxozlara isə yük avtomaşınları hədiyyə edilib. 
Görüşdə SSRİ MİK-nin Fəxri fərmanı ilə təltif olunan S.Orconikidze adına Qırmızıbayraqlı Azərbaycan dağ-nişançılar diviziyasının 1-ci atıcı polkunun kiçik komandiri, Azərbaycanın ilk paraşütçü kişilərindən olan Bayram Murtuza oğlu Şiriyevə “Şərəf nişanı” ordenini şəxsən İ.Stalin (yanvarın 27-də), xüsusu nişanlı (№ 404759) qızıl qol saatı və patefonu isə xalq müdafiə komissarı Kliment Voroşilov (yanvarın 28-də) təqdim edib...
1936-cı ilin dekabrında ordudan tərxis olunan B.Şiriyev Mahmudavar kənd sovetinə sədr təyin edilib. Sovetlikdə dövlətə ət planının vaxtında ödənilməsinə görə RİK ona 300 manat pul mükafatı verib. 
1937-ci ilin iyulunda gizli səsvermə yolu ilə Osoaviaximin Masallı rayon sovetinin sədri, həmin ilin oktyabrında isə Azərbaycan Osoaviaximin III qurultayına nümayəndə seçilib. 
1939-cu ilin mayında Sov.İKP sıralarına daxil olan Şiriyev bir müddət Masallı Rayon ZDS İK-nin (XII.1938-XI.1939) sədr müavini (kadrlar şöbəsi üzrə) işləyib.   
Böyük Vətən müharibəsi başlayanda ehtiyatda olan kiçik leytenant Bayram Şiriyevin bacarıq və təcrübəsini nəzərə alan rayon rəhbərliyi yuxarı təşkilatlara onun arxa cəbhədə qalıb səmərəli əmək fəaliyyəti ilə daha çox xeyir verə biləcəyini bildirib. Elə də olur. Hansı vəzifəyə göndərilməsindən asılı olmayaraq çalışqanlığı, fədakar əməyi ilə heç də ön cəbhədəki silahdaşlarından geri qalmayıb B.Şiriyev. İstər Masallı RPK-də hərbi şöbə müdiri (1939-IV.1942), rayon ZDS İK-nin (1942-III.1944), Ərkivan və Yeddioymaq kənd sovetlərinin sədri (1944-1946), istərsə də Tədarük nazirliyinin Masallı rayonu üzrə müvəkkil müavini (III.1946-1950), Çaparidze adına Masallı sənət artelinin sədri (IV.1950-1952), Kolatan kənd partiya bürosunun katibi, sədr müavini, kənd sovetinin sədri (III.1952-X.1959) işləyərkən ona olunan etimadı doğruldub. Rayonun ictimai işlərində fəal iştirak edib. Zəhməti dəyərləndirilib: qiymətli hədiyyələr, Fəxri fərman və medallarla mükafatlanıb. 
1959-cu ildən təqaüdə çıxanacan (1974) Kolatan kənd orta məktəbində təsərrüfat müdiri kimi çalışıb. 
Mehriban ailə başçısı olan Bayram kişi ömür-gün yoldaşı Fərxəndə Aslan qızı (1924) ilə Şiriyevlər ailəsində 9 övlad (Murtuza (1935-2015), Vaqif (1938-2012), Asif (1942-2014), Akif (1944-2013), Ramiz (1951), Nadir (1954), Firəngiz (1957), Alim (1961), Ruhəngiz (1968)) böyüdüblər. 
Fərdi təqaüdçü Bayram Şiriyev 1996-cı ildə vəfat edib. 
Şərəfli ömür yolu keçmiş bu insan haqqında müfəəssəl məlumatın toplanmasında bizə kömək göstərən Alim Şiriyev atasının onlara və yaxınlarına etdiyi vəsiyyəti də nəzərimizə çatdırdı: “Mənim balalarım, Heydər Əliyev başda olmaqla müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyi var. Onun siyasətini həmişə dəstəkləyin”. 

 

 Akif AĞAYEV,
      2017-ci il.