01 may 2024 - 20:16
Ağamir Cavad: “Sənə şeir yazım”
CANVETEN.AZ xəbər saytı Ağamir Cavadın yeni şeirlərini təqdim edir.
Ağamir Cavad (Cavadov Ağamir Sadıx oğlu) 1963-cü il fevral ayının 5-də Lənkəran rayonunun Veravul kəndində anadan olub. Lənkəran Dövlət Universitetini bitirib, filologiya ixtisasına yiyələnib. 40 ildən artıqdır ki, bədii yaradıcılıqla məşğuldur. Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin ədəbi məsləhətçisi, “Söz” jurnalının redaktor müavinidir. Eyni zamanda pedaqoji fəaliyyətini davam etdirir. 2017-ci ildə Prezident təqaüdünə layiq görülüb.
Şair-dramaturq A.Cavad bir neçə kitabın ("Çəkdiyi şəkillərin ruhu", "Eşq işığı", "İşıq adam", "Yanmış budaq üstə oxuyan bülbül", "Ömrün eşq yolu", "Dəniz adam", "Söz eşqi") müəllifidir...
SƏNƏ ŞEİR YAZIM
Bir ömür qonaq ol könül dünyama,
Sənə şeir yazım.
Naxış ol bu ipək, bu tül dünyama,
Sənə şeir yazım.
Şeir bir günəşdir, təcəllaya gəl.
Odur eşq odunu yandıran əzəl.
Şeir də sevgiylə doğulur, gözəl,
Sənə şeir yazım.
Göz gördü, dil açdı könüldə şeir,
Eşqinlə gül açdı könüldə şeir,
Ürək də şeidir, könül də şeir,
Sənə şeir yazım.
Demə ki, dünyamız andını pozub,
Ariflər yuxunu eşq ilə yozub.
Tanrı taleyini şeirlə yazıb,
Sənə şeir yazım.
Ürək məhəbbətin ocaq yeridir,
Aləm də, bəşər də eşqlə diridir.
Bu həyat bir ömür sevgi şeiridir,
Sənə şeir yazım.
YOXDUSA
Özünü dağ sanma, adam,
çəkməyə ahın yoxdusa.
İmanına düşsün qadam,
haqqa pənahın yoxdusa.
Can qurban et "can" yerinə,
su axıdaq qan yerinə.
Gəl tələsmə dan yerinə,
bir xoş sabahın yoxdusa.
Ömür - yoldu, bircə anlıq,
verilib haqqa qurbanlıq.
Ölər içində insanlıq,
əgər Allahın yoxdusa.
BƏYƏNMƏZ
Üzü günəş kimi nur saçan insan
Eşq ilə yaşayar, kini bəyənməz.
Dağın dağ ürəyi, dağ vüqarı var,
Yoxuşda azanlar çəni bəyənməz.
Uduzub həmişə özünü öyən,
Vicdan ölçüsünün mizanın əyən.
Qəlbində qaranlıq, zülmət bəsləyən
İşığı bəyənməz, Günü bəyənməz.
Fikrimi de kimə eyləyim bəyan,
Çoxu vəzifəyə olub baş əyən.
İblisə tapınan, Şeytana uyan
İmanı bəyənməz, dini bəyənməz.
Varlansa, qudurar əcdadı kölə,
Qışqırıb səsini qaldırar zilə.
Haqqın dərgahından, göylərdən gələn
Sədanı bəyənməz, ünü bəyənməz.
Ağamir, düz sözün, düz qiymətin var,
Sevən könüllərə sədaqətin var.
Öz adın, öz nurun, öz qüdrətin var,
Qəlbi kor olanlar səni bəyənməz.
ARİF ADAM
Şair Arif Fərzəliyə
Üzün dönməz yalana,
Doğru adam, mif adam.
Sözü ali olana
Nə lazım tərif, adam?
Tapındın həqiqətə,
Söztək ali qüdrətə.
Hər rüsuma, qiymətə
Bölünməz tarif adam.
Sözün nur alıb oddan,
Eşqin işıqladır dan.
İradən saf poladdan,
İpəkdən zərif adam.
Layiqsən öz adına,
Eşq olsun düz adına.
Yanırsan haqq oduna,
Şam adam, şərif adam.
Haqdan gəlibdir adın,
Sönməz atəşin, odun.
Bu dunyaya sığmadın,
Eşq adam, arif adam.
ENDİRİM
Ziya Dilsuzun “Endirim” şeirinə
Dünyanın bazarı şeytan əlində,
Durubdur yenə üz-üzə endirim.
"Super" endirim var, "şok" endirim var,
Köhnə endirim var, təzə endirim.
Ürəklər zülmətə olubdur əsir,
İşığı işıqsız beyinlər kəsir.
İnsan ucuzlaşır, yaman olub sirr
İşığa endirim, qaza endirim.
Yerdən uzaqlaşır göylərin qatı,
Zəmanə geriyə çəkir saatı.
Yazır qadınların kişi həyatı
İşvəyə endirim, naza endirim.
Dünyanın həyası üz üstdən düşür,
Hikməti, dəyəri söz üstdən düşür,
Duz-çörək kəsilib, diz üstdən düşür
Çörəyə endirim, duza endirim.
Hiylə kötüyündə ağrı doğranır,
Təmiz insanların bağrı doğranır.
Vicdan xırdalanır, doğru doğranır,
Yalanlar eyləyir düzə endirim.
Söz qəlbi göstərən qızıl aynadır,
Zaman qazanında fikir qaynadır.
Hər kəs yazar olub qələm oynadır,
Zəmanə edibdir sözə endirim.
Soyuqluq talayır qəlblərin varın,
Günəş də əritmir dağların qarın.
Bazarı bağlansın belə bazarın,
Tanrı bu taleyə yaza endirim.
SU İÇMİR DAHA
Dünya, neçə ürəyə eşqin ilə saldın iz,
Bu izlərin əlindən izim su içmir daha.
Vüsalından daha çox həsrət çəkir qəlbimiz,
Sənin eşq oyunundan gözüm su içmir daha.
İnsanlar inamından, ruhundan alır zədə.
Asilər çoxalıbdır, yer göyə gəlir hədə.
Soyunmusan donunu, abırsız zəmanədə
Üzümün suyu gedib, üzüm su içmir daha.
Cəzasın bilirsənmi haqq yolunu azanın?
Görən üzü gülürmü taleyini yazanın?
Pozulubdur pərsəngin, qarışıbdır mizanın,
Yalanın aşıb-daşır, düzüm su içmir daha.
Azad olmaq eşqiylə ömür illəri yolar,
Qəmlə, ağrı-acıyla ürək boşalar, dolar.
Verdiyin əzablara nə qədər dözmək olar?
Daş səbrimiz tükənib, dözüm su içmir daha.
Zamanın yalanların bülövlənmiş söz kəsər,
Vicdanı kar olana qılınc da etməz əsər.
Sözə dəyər verməsən, Tanrı da səndən küsər,
Urvatsız söz deyənlə sözüm su içmir daha.
DAŞ KEÇİR
Yanırsan yanından nadan keçəndə,
Elə bil insan yox, daş gəlib keçir.
Dərd çəkir dünyanın daş tərəzisi,
Dünyanın dərdini daş bölüb keçir.
Göylərə inamı qara daş çəkir,
İnadın önündə zaman da çökür.
Dağlar haray salır, dağlar daş tökür,
Dərənin sükutun daş dəlib keçir.
Torpaq eşidəndə baharın səsin,
Daş da yaxasının açır düyməsin.
Çalış arzuların daşa dəyməsin,
Ayağa dəyəndə daş gülüb keçir.
Bəsirət gözüylə bu ahıl yaşda
Sevgi axtarırıq hər xırda daşda.
Eşqin atəşindən əriyir daş da,
Daş da muma dönür, daş ölüb keçir.
Qanla yazılıbdır tarix yaddaşa.
Arzular, ümidlər dönübdür daşa.
Min ildir daş atır qardaş qardaşa,
Qardaş da qardaşı daş bilib keçir.
Qəlbi daş olanlar səni daş sanır,
Bətnində eşq yoxsa, daş daşı danır.
Daş daşa dəyəndə alışıb yanır,
Daşın yaddaşını daş silib keçir.
Aylar, illər ötür, yaşa çevrilir,
Fürsət əldən uçan quşa çevrilir.
Torpaq da, insan da daşa çevrilir,
Zamandan-zamana daş qalib keçir.