24 mart 2024 - 21:18
Qəhrəman tank komandiri
Bizi gözləyirdi illərdən bəri
Əzəl torpağımız, doğma yerimiz.
Məhv etdi qoynuna göz dikənləri
Şəhid Zaur kimi igidlərimiz...
Haqqında danışdığımız qəhrəman – Vətən müharibəsinin ilk masallılı şəhidi, tankçı zabit Zaur Vaqif oğlu Hüseynov 24 iyun 1995-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. Ailədə iki qardaş olublar.
Evin sonbeşiyi olan Zaur 2011-ci ildə Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin doqquzuncu sinfini, 2014-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyini, 2018-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.
Hərbi məktəbi bitirən ilindən etibarən Ağcabədi və Beyləqan rayonlarındakı “N” saylı hərbi hissələrdə xidmət edib.
2018-ci ildə döyüş hazırlığında qazandığı uğurlara və Silahlı Qüvvələrin möhkəmlənməsində iştirakına görə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubileyi medalına layiq görülüb.
Zaur Hüseynov 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısının alınması və düşmənə ağır zərbə vurularaq geri oturdulması əməliyyatında iştirak edib.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində də öndə gedən hərbçilərdən olan tankçı Zaur Hüseynov Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndlərinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə düşmənə sarsıdıcı zərbə vuranlardan biri olub. Yeddi postun alınmasında fəal iştirak edib. Öndə gedən hərbçilərdən olan igid zabitimiz Zaur Hüseynov idarə etdiyi BMP-si ilə düşmənin bir neçə müdafiə istehkamını məhv edib.
44 günlük haqq savaşının ilk günündə, Füzuli uğrundakı döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Sentyabrın 28-də Hişkədərə kəndində torpağa tapşırılıb.
Ailəli idi. Bir qız uşağı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hüseynov Zaur Vaqif oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailəli idi, bir övladı yadigar qalıb.
Əsgərləri üçün təkcə komandir yox, həm də səmimi yoldaş, böyük qardaş olan leytenant Zaur Hüseynov onların yaddaşında mərd, cəsur bir insan kimi qalıb.
Döyüş yoldaşı Şamxal İsmayılov: “Səhər erkən saatlarından, Füzuli istiqamətində, Alıxanlıdan döyüşlərə başladıq. Əvvəlcə düşmənlə 1-2 kilometr məsafədə yerləşən “cin dərəsi” adlanan yerdə mövqeləndik. Tapşırıq aldıqdan sonra ermənilərin mifləşdirdiyi, alınmaz qala hesab etdikləri “Ohanyan səddi”ni qısa müddətdə darmadağın etdik. Hücumlarımızı davam etdirdik. Qaraxanbəyli, Merdinli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlıda düşmənin bir neçə döyüş texnikası və xeyli canlı qüvvəsini sıradan çıxardıqca, postlarını məhv etdikcə yeni mövqelərimizi bərpa edirdik. Bütün bunlara rəşadətli ordumuzun Zaur kimi bacarıqlı komandirlərinin, polad biləkli əzgərlərinin əzmkarlığı ilə nail olurduq. Heyifslənirəm ki, müharibənin ilk günündəki bu döyüşlər zamanı zabit Zaur Hüseynov, Şahnur Hüseynov, çavuş Asim Abbasov, əsgər İlham Abbasovu itirdik. Qürurlanıram ki, Şuşanı işğaldan azad etdiyimiz gün onların ruhunu şad etdik...
Zaurun mənə hədiyyə etdiyi hərbi kəndirlə hörülmüş alışqanı və işıq fanarını tərxis olunduqdan sonra onun ailəsinə təqdim etdim ki, ev muzeyindəki şəxsi əşyalarına əlavə edilsin. Hətta cəbhədə olarkən qardaşımla danışıq zamanı bildirmişdim ki, əgər mənə bir şey olsa, üstümdə gəzdirdiyim bu əmanətləri komandirin ailəsinə çatdır.”
Özümü bu insanların, hər dəfə müharibə adını eşidəndə yüz dəfə ölüb-dirilən ata-anaların yerinə qoymağa çalışıram. Və bu insanlara demək istəyirəm ki, bütöv Azərbaycan naminə əldə edilən zəfər, sizin boya-başa çatdırdığınız Zaur kimi oğulların qəhrəmanlığının bəhrəsidir.
Vaqiflə ünsiyyətdə olduğum müddətdə sinəsinə dağ çəkilmiş ata oğlu haqqında danışmaq istəmirdi, daha doğrusu bacarmırdı. Mən şəhid atasına təsəlliverəsək söz tapmaqda çətinlik çəkirdim, o, isə acısını izhar etməkdə: “O, döyüşlərdə iştirakını bizdən gizli saxlayırdı. Tovuz döyüşləri zamanı Beyləqanda, onların kirayədə qaldıqları evdə idik. Dedi ki, təlimə gedirəm. Amma qardaşına söyləyib ki, ata-ana bilməsin, ola bilsin, döyüşlər başlasın. Hətta döyüşdən qayıdarkən də bizə bildirmədi. Vətən müharibəsi başlayan günü də anasına zəng edərək adəti üzrə, təlimə gedirəm, deyib.”
Söhbətə şəhidin anası Vəfa xanım qoşulur: ”Uşaqlıqdan sakit təbiətli idi. Dərslərini də yaxşı oxuyurdu. Elə hərbi akademiyada təhsil alarkən də müəllimləri ondan razılıq edirdilər. Heç vaxt bizi incitməyib. Bu peşəni də öz istəyilə seçmişdi. General Polad Həşimov, mayor Anar Novruzov və digər igidlərimizin şəhadətindən sonra deyirmiş ki, kaşkə yenidən döyüşlərə qatılmaq fürsətim olaydı, şəhid hərbçilərimizin qisasını alaydıq.
Bir gün öncə zəng edib dedi ki, ana, təlimlərimiz başlayır, gəl, uşaqların yanında qal. Sən demə artıq cəbhədə imiş. Evdən çıxanda da ailəsi şübhələnməsin deyibən, hər dəfəki kimi adi qaydada ayrılıb.
2018-də ailə həyatı qurmuşdu. 10 il istək olublar...”
Danışdıqca kövrələn şəhid anası yaddaşını təzələyir: “Hər bayram günləri ərəfəsində Yardımlı rayonuna, iki körpəsi əmanət qalan şəhid ailəsinin ziyarətinə gedərdi. Qayıtdıqda, əhvalının pəjmürdə olduğunu görərdik. Deyərdi ki, hər dəfə o uşaqları görəndə özümü pis hiss edirəm. Daha bilmədi ki, öz qızı – Zeynəb də 9 aylıq olarkən atasını itirəcək...
Keçən il, Masallıdan olan 10 şəhid ailəsilə birgə Kərbəlaya, Ərbəin ziyarətinə getmişdik. Bir gün əvvəl Zaurun məzarını ziyarət etdim. Həmin axşam yuxuma girib dedi ki, ana, yolun rahat olsun! Sanki ziyarət boyu Zauru yanımda hiss edirdim. İnsanların daha sıx olduğu yerlərdən məni asanlıqla çıxarır, ən çətin məqamlarda dadıma çatırdı. Zəvvar yoldaşlarım da eyni halla üzləşdiklərini etiraf edirdilər...”
Boynunuzu bükməyin, başınızı dik tutun, Vəfa ana, Vaqif ata!
Sizin haqqınız, Vətən borcunu öz canından üstün tutan, ana torpağı səcdəgah bilən Vüsalınızın haqqı heç zaman ödənməz!
Akif AĞAYEV,
mart, 2024.