Çapa göndər
Qalib xalqın məğrur seçicisi

13 fevral 2024 - 17:49

GÜCLÜ, BÜTÖV AZƏRBAYCAN NAMİNƏ

 

Bu əlamətdar günlərdə hamımız sevincliyik. Çünki dövlətçilik tariximizdə böyük önəm kəsb edən növbədənkənar president seçkiləri 30 ildən sonra ölkəmizin bütün suveren ərazisini əhatə etdi. Təkcə vətənimizdə deyil, xaricdə yaşayan həmyerlilərimiz də seçkilərdə fəal iştirak etdilər. 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmizdən sonra xalqımız Zəfər seçkisində bir daha həmrəyliyini nümayiş etdirdi. Seçkilərdə qalib adını haqq edən namizəd, qalib xalqın alternativsiz lideri İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi...

Respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da fevralın 7-də növbədənkənar president seçkiləri zamanı səhər saatlarından başlayaraq bütün məntəqələrdə yüksək seçici fəallığı müşahidə olunurdu. Səsvermənin azad, demokratik və şəffaf keçməsi üçün bütün məntəqələrdə komissiya üzvlərinin normal fəaliyyəti, vətəndaşların rahat səs vermələri üçün bütün lazımi şərait yaradılıb, seçki məntəqələri zəruri texniki vasitələrlə təchiz edilmişdi.
Məntəqələrdə səsvermənin gedişini izləyən yerli və beynəlxalq müşahidəçilər seçki prose¬sində qanunvericiliyin tələblərinə riayət edilməsinin, şəffaflığın təmin olunmasının şahidi oldular.
7 fevral günü bir neçə seçki məntəqəsində səsvermənin gedişini izlədim. Böyük mütəşəkkiliklə keçirilən seçkilərdə masallıların səsverməyə ruh yüksəkliyilə qatıldığının şahidi oldum. Səhər saatlarından etibarən insanlar seçki məntəqələrinə axışırdılar.
75 saylı Yardımlı-Masallı seçki dairəsinin 82 saylı seçki məntəqəsində hamı kimi gənclərin də səsvermədə fəallığı göz qabağında idi. İlk dəfə səs verəcək 18 yaşlı Ərkivan qəsəbə sakini, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbəsi Humay Gülverdiyevanın sevinci yerə-göyə sığmırdı:
– Qalib ölkənin, bütöv Azərbaycanın gənc seçicisi olmağımdan böyük iftixar hissi duyuram. Dövlətimiz, xalqımız və gələcəyimiz üçün xeyirli olsun deyə parlaq gələcəyimizə səs verdim.
Günorta saatlarında 73 saylı Masallı-Cəlilabad seçki dairəsinin 1 saylı seçki məntəqəsində olarkən vətəndaşların izdihamı ilə qarşılaşdım. 84 yaşlı Masallı şəhər sakini Rafael Fərəcovun fikirlərini öyrənməyə çalışıram. O, deyir:
–Neçə illərdir ki, seçkilərdə iştirak edirəm. Xalq tərəfindən böyük coşqu ilə qarşılanan bugünkü bayram əhval-ruhiyyəli prezident seçkisinə layiqli namizədə səs verməyə, vətəndaşlıq borcumu yerinə yetirməyə gəlmişəm.
74 saylı Masallı seçki dairəsinin 8 saylı seçki məntəqəsindədə eyni mənzərə ilə rastlaşdım. Hər kəs bu tarixi fürsəti əldən buraxmamaq üçün böyük növbələrə düzülərək öz rəyini bildirməyə tələsirdi.
Səsverməyə gələn 91 yaşlı mahmudavarlı ağsaqqal Ağaverdi Sadıqov ürək sözlərini bizimlə bölüşür:
–Evdə də səs verə bilərdim. Lakin heç cür qərar tuta bilmədim. Bugünkü fərəh dolu anları sizlərlə birgə yaşamaqdan ötrü bura gəldim. Ölkəmizin daha da çiçəklənməsi, inkişafı və güclənməsi naminə mən də öz seçimimi etdim və yanlmadığımı düşünürəm.
Digər məntəqələrdə də vətəndaşlar seçki hüquqlarının təmin olunmasına, öz iradələrini sərbəst şəkildə ifadə etmələrinə görə minnətdarlıqlarını bildirirdilər.
Məlumat üçün bildirək ki, 73 saylı Masallı-Cəlilabad, 74 saylı Masallı, 75 saylı Yardımlı-Masallı, 76 saylı Lənkəran-Masallı seçki dairələri üzrə fəaliyyət göstərən 124 seçki məntəqəsi üzrə seçicilərin sayı 115479 nəfəri əhatə edir.

 

Akif AĞAYEV