Çapa göndər
Masallıdakı yanğında 7 nəfər yaralanıb - Cinayət işi açıldı 

06 oktyabr 2023 - 20:39

Masallıdakı yanğında 7 nəfər yaralanıb - Cinayət işi açıldı 

06.10.2023-cü il tarixində Masallı şəhərində ticarət mərkəzində baş vermiş yanğınla bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

TƏBİB-dən verilən məlumata görə, dərhal hadisə yerinə 4 təcili yardım briqadası cəlb edilib.

Yanğında xəsarət alan 7 nəfər (kişi) təcili tibbi yardım briqadası tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Xəsarət alan şəxslərdən 6 nəfəri yanğın tüstüsünün təsiri, 1 nəfər isə sol saidin kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olub. Zərərçəkənlərə dərhal zəruri tibbi yardım göstərilib, 1 nəfər müvafiq tibbi yardımdan sonra (sol saidin kəsilmiş yarası diaqnozu) ambulator müalicə üçün evə buraxılıb.

Digər 6 nəfərin müşahidədə saxlanılmaqla müalicəsi davam etdirilir.

***

19:38

Masallıda ticarət mərkəzində baş varmiş yanğın söndürülüb, cinayət işi başlanıb.

CAN VƏTƏN xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib.

Bildirilib ki, oktyabrın 6-da Masallı şəhərində yerləşən “Cavid-F” MMC-yə məxsus ticarət mərkəzinin ərazisində yanğın hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında FHN-in əməkdaşları hadisə yerinə çıxıb.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektləri içərisindəki müxtəlif çeşidli mallarla birlikdə yanğının təsirinə məruz qalıb, 7 nəfər şəxs isə yanıq xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, hazırda müalicələri davam etdirilir.

Fakta görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb.

Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.