05 iyun 2023 - 23:45
.
Ey qəmini gizlədib gülə-gülə ağlayan,
Riyakar insanların ürəyini dağlayan,
Məzlumların ahıtək gah inləyən, çağlayan,
«Ey ürəyi qan olan» qəm-qübarlı Sabirim!
Sən «Fəhlə»nin dünyanı diksindirən səsiydin,
Məzlum «Əkinçi»lərin təngiyən nəfəsiydin,
«Ay haray!» deyənlərin yaşamaq həvəsiydin,
«Ey ürəyi qan olan» qəm-qübarlı Sabirim!
.
Məmdəlilər ömrünü üyüdürdü dən kimi,
Taleyinə çökürdü duman kimi, çən kimi,
Qoymurdular sevəsən Vətəni vətən kimi,
«Ey ürəyi qan olan» qəm-qübarlı Sabirim!
.
Dedin:«Urusbaşdılar», bir belə zülmət olmaz,
Bir belə əzab olmaz, bir belə zillət olmaz!
Özgəyə möhtac olan millətdən millət olmaz!» –
«Ey ürəyi qan olan» qəm-qübarlı Sabirim!
.
Dərdi böyük görüncə səbr edib Sabir oldun,
Millətçün ağlamaqda tənha oldun, bir oldun,
Neçə müridlər üçün ocaq oldun, pir oldun,
«Ey ürəyi qan olan» qəm-qübarlı Sabirim!
.
Gülə-gülə ağlayan, ağlayaraq gülən – sən,
Bir millətin yolunda dirigözlü ölən – sən!
Zülmətlərin içindən Güntək çıxıb gələn – sən,
«Ey ürəyi qan olan» qəm-qübarlı Sabirim!
.
Bu gün məzarın üstə yığışıb ellər gəlib,
Səni bağrına basan dərdli könüllər gəlib,
Dəstə-dəstə çiçəklər, ətirli güllər gəlib,
«Ey ürəyi qan olan» qəm-qübarlı Sabirim!
.
.........................................Moskva – Bakı – Şamaxı,
30 may, 2005