02 dekabr 2020 - 15:41
Mərhum sənətkar, Azərbaycanın əməkdar artisti, “Laçın” instrumental ansamblının rəhbəri Məhəbbət Kazımovun bu günlərdə ruhu şaddır. Onun doğulub boya-başa çatdığı Laçın rayonu artıq işğal altında deyil.
Sənətkarın vətənə, torpağa olan sevgisi daim göz önündə idi. Qəlbi hər zaman vətən həsrəti ilə döyünürdü. Doğulduğu torpaq onun yaralı və həssas nöqtəsi idi. Mərhum müğənninin bizə qoyub getdiyi ifaları daim dinləyiciləri tərəfindən sevilir. Sənətkar ifalarında vətənin hər qarışına sevgi ilə yanaşır, bunu yanğı ilə göstərirdi. Ömrünün son günlərinə qədər vətən nisgili ilə yaşadı. Vəfat edənə qədər “Laçın” instrumental ansamblının rəhbəri oldu. “Laçınım" mahnısı sənətkarın şah əsərlərindən biri kimi bu gün də sevilir.
Məhəbbət Kazımov sağ olsaydı, həsrətin çəkdiyi ata-baba yurdunun, ümumiyyətlə, Qarabağın işğaldan azad olunmasını eşidəndə hansı hissləri keçirərdi?
Oğlu Rəşid Kazımov atasının Laçınla bağlı xatirələrindən danışıb. Onunla söhbəti təqdim edirik:
- Rəşid bəy, Laçının işğaldan azad olunması xəbərini eşidəndə hansı hissləri keçirdiniz?
- Üçtərəfli bəyanatla bağlı xəbərləri eşitdiyim gündən sevincliyəm. Çünki artıq məlum idi ki, dekabrın 1-i Laçın düşmən tapdağından azad olunur. Buna görə də biz qələbəmizi qeyd edirdik. Noyabrın 10-u sevincimizin həddi-hüdudu yox idi. Həmin gecə şəhərin küçələrinə axışıb, qələbəmizi qeyd etdik. Bu günlərdə hamı qarabağlıdır. Bütün xalqımız Qarabağın qayıtmasına sevinir. Bizim sevincimiz isə ikiqatdır, daha qabarıqdır. Ona görə ki, biz özümüz qarabağlıyıq. Biz Laçına öz dədə-baba yurdumuza qayıdacağıq. Əvvələr kimlərsə, rayona getdiklərini söyləyəndə, biz köks ötürürdük, rayonumuz düşmən tapdağında idi. Biz 28 il "rayona gedirik" deyə bilmədik, bu hissi yaşamadıq. Biz öz rayonumuza heç vaxt gedə bilmirdik. Biz öz rayonumuzu -Laçını arzulaya bilmirdik, kəndimizə - Çormana gedə bilmirdik.. İndi artıq elə deyil. İnşallah öz dədə-baba yurdumuza qayıdacağıq. Sevincimiz ən çox bununla bağlıdır ki, torpaqlarımız düşmən tapdağından xilas oldu.
- Laçının işğaldan azad olunması xəbərini necə öyrəndiniz?
- Mən özüm də xəbərləri izləyirdim. Bütün Azərbaycan Ali Baş Komandanın qələbə xəbərini səbrsizliklə gözləyirdi. Həmin gün Ali Baş Komandan xalqa müraciət edəcəkdi. Biz də bilirdik ki, qələbə xəbəri olacaq. Dünən xəbəri özümüz televiziyadan aldıq və sevincimiz çox böyük oldu.
- Atanız Laçının işğaldan azad olunduğunu eşitsəydi, hansı hissləri keçirərdi?
- Laçına qayıtmaq onun ən böyük arzusu idi... Onu deyə bilərəm ki, sevincinin həddi-hüdudu olmazdı. Laçınla bağlı arzuları çox idi. Öz torpağına, evinə qayıtmaq, orada yaşamaq istəyirdi. Ona bir dəfə sual vermişdilər ki, Laçın və Qarabağın alınma xəbərini eşitsə, hansı hissləri keçirər? - O demişdi ki, sevincdən hətta səsi də bata bilər... Lakin Laçını görmək qismət olmadı. İnşallah, biz görəcəyik. Bütün azərbaycanlılar görəcək.
- Laçına getmək haqda planlarınız nədir?
- Mən Laçında olmamışam. 1994-cü il Bakıda anadan olmuşam. Lakin oranı görməsək də, sosial şəbəkələrdə şəkillərini, videolarını izləmişəm. Görməsəm belə hər zaman Laçını arzulamışam. İçimdə təəssüf hissi var idi ki, kaş oraları görərdim. Orada yaşamaq da istəyərdim.
- Laçına gedərkən ilk hara baş çəkmək istəyərsiniz?
- Öz kəndimizə - Çormana, dədə-baba yurdumuza gedib, oraları görmək istəyirəm. Öz rayonumuzu gəzib bitirəndən sonra azad olunmuş digər bölgələrimizi də dolaşmaq arzumdur.
- Laçındakı baba eviniz barədə hansı məlumatınız var, dağıdılmayıb ki?
- Atam evin sonbeşiyi olub. Yaşlı ailə üzvlərinin də əksəriyyəti rəhmətə gedib. Kəndimizi, evimizin yerini tapmışam. Əksər gediş-gəliş yerlərini tanıyıram. Çünki onları daim boş vaxtlarımda internet üzərindən izləmişəm, axtarmışam. Gedib dədə-baba yurdumuzu görmək çox yaxşı. Bizim dədəmiz, babamız, böyüklərimiz orada böyüyüb, boya-başa çatıb. Oranın suyunu içiblər. Oraları görmək, gəzmək inşallah bizə də qismət olar.
- Laçında Məhəbbət Kazımovun xatirəsini necə əbədiləşdirmək istərdiniz?
- Bu gələcəyin işidir. Abidəsinin ucaldılmasını istəyərəm. Atasının xatirəsinin əbədiləşdirilməsini kim istəməz ki?! Bu mənim üçün ən böyük xoşbəxtlik olar. Laçına qayıdışdan sonra ora ilə bağlı planlar hazırlanarkən bunu bilmək olar.
- Atanızın Laçınla bağlı təəssüratlarını xatırlayırsınızmı?
- Atamın Laçınla bağlı o qədər xatirələri var idi ki... Danışmaqla bitməz. Onu deyə bilərəm ki, daim qəlbində vətən, torpaq nisgili olub. O Laçın deyə-deyə dünyadan köçdü...
Nəzrin Vahid Modern.az