Çapa göndər
Özbək dilində Azərbaycan ədəbiyyatı nəzəriyyəsi çapdan çıxıb.

25 iyun 2020 - 16:49

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 2018-ci ildə “Cümhuriyyət ili” münasibəti ilə başladılmış nəşr layihəsi bu il uğurla başa çatmışdır. Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Ozarbayjon Demokratik Respublikası va mustaqıllık davrı Ozarbayjon adabıyotı” adlı kitab Özbək dilində çap olunmuşdur.
Nəşr tanınmış Azərbaycan alimləri - filologiya elmləri doktoru Alxan Bayram oğlunun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat” adlı əsəri və şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru Ramiz Əskərin “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabları əsasında hazırlanmışdır.
Nəşr Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın Termez Dövlət Universitetinin Filologiya fakultəsinin dekanı, filologiya fənləri üzrə fəlsəfə doktoru, "Termez Universiteti” qəzetinin baş redaktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı, tərcüməçi Obidjon Şofiyev tərəfindən Özbək dilinə çevrilib.
Qeyd edək ki, nəşrdə həm 1918-20-ci illər, həm də müstəqilliyə gedən yol 1980-ci ildən başlayaraq müstəqillik dövrü 2015-ci ilə qədər Azərbaycan ədəbiyyatında nəsr, poeziya, dramaturgiya, habelə ədəbiyyatımızın inkişafı yolunda yeni ədəbi cərəyanlar, ədəbiyyatşünaslıq məsələləri öz əksini tapmışdır.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən mətbuata bildirilib ki, 2018-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar layihəyə start verilmiş, hər iki nəşr tərcümə olunmuş və onun nəşri bu ilin əvvəlində yekunlaşdırılmışdır.
Mədəniyyət Mərkəzi Özbəkistanda universitetlərdə həm Türkologiya kafedralarında, həm də dünya və qardaş xalqlar ədəbiyyatının tədrisi zamanı Azərbaycan ədəbiyyatına müraciət olunduğunu və Özbək gənclərinə öz ana dillərində bu mövzuda ədəbiyyata böyük tələbat yarandığını bildirib.
Azərbaycan Mədəniyyət Mərkəzi gələcəkdə nəşrin profilə uyğun olaraq Özbəkistanın aparıcı Universitetlərinə və kitabxanalarına əvəzsiz olaraq hədiyyə olunacağını bildirib.