Xeyriyyəçi – şair Gülağa Tənhanın “Dərdin nazını çəkmə” adlı kitabının təqdimatında səslənən “Gözümün içinə baxma” şeirini təqdim edirik. Şairin yaradıcılığını nəzərdən keçirtdikdə qiraətçilər tərəfindən bu şeirə xüsusi diqqət sezilir. Bu dəfə adı çəkilən şeiri qiraətçi Rəşad Bəxtiyarov ifa edir. Həmin şeiri oxuyub özünüzdə dəyərləndirməyiniz üçün poeziya sevərlər üçün yazılı şəkildə də yayımlayırıq... Video çıxışa isə, link bölməsində baxa bilərsiniz.. GÖZÜMÜN İÇİNƏ BAXMA Gülağa Tənha
Bu soyuq rüzgarın insafı yoxdu,
Elə bil göylərdə qar havası var.
Ürəyim üşüyür, yenə göylərin
Sevgimin oduyla öz davası var.
Başımın üstündə nə vaxtdan bəri,
Çovğun oynadırsan, yel əsdirirsən.
Özün xoşbəxtliyə tələsdiyin tək
Məni əzablara tələsdirirsən.
Hardasa dağların qarı əriyib,
Hardasa bir ilıq barışıq düşüb.
Biz olan tərəfdə görəsən niyə
Dünyanın iqlimi qarışıq düşüb?
Sənin gözlərinin soyuqluğundan
Üzümə ağ olan ilim üşüyür.
Yox, daha adını tuta bilmərəm,
Dodağım üşüyür, dilim üşüyür.
Telinə bürünür itən illərim,
Canımı aldıqca bu hiss, bu duyğu.
Ömrümü üşüdür, əllərimi yox,
Sənin gözlərinin qar soyuqluğu.
Soyuqdan istiyə uçur, daha sən,
Uçan durnaların köçünə baxma!
Məni dirigözlü donduracaqsan,
Baxma, gözlərimin içinə baxma!..
Bütün hüquqlar qorunur © 2024