Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib. Federasiyadan verilən məlumata görə, iclasda cüdo üzrə kişilərdən ibarət milli komandaya yeni təyinatlar olub. Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev yığmanın baş məşqçisi, Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev isə onun köməkçiləri təyin olunub. Bundan sonra böyüklər və gənclərdən ibarət komandaların birlikdə məşq etməsi qərara alınıb. Yeni təyin olunan məşqçilər heyəti isə hər iki komandaya nəzarəti həyata keçirəcək. Sadıqov federasiya tərəfindən millinin Riodan Tokioyadək dövrü əhatə edən müddət ərzində respublika və beynəlxalq səviyyəli təlim-məşq toplanışlarında iştirakının yüksək səviyyədə təmin olunduğunu qeyd edib. O, cüdoçuların bu dönəmdə keçirilən Avropa və dünya çempionatlarında, eləcə də “Böyük dəbilqə” və Qran-pri turnirlərində mübarizə apardıqlarını diqqətə çatdırıb. Vitse-prezident yeni məşqçilər heyətində yer alan mütəxəssislərin həm idmançı, həm də məşqçi kimi təcrübəyə malik olduqlarını vurğulayıb və bunun komandanın uğurlar qazanmasında önəmli rol oynayacağına inandığını bildirib. Qurum rəsmisi çıxışının sonunda yeni təyinat alan məşqçilər heyətini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. Sonda yığmanın yeni baş məşqçisi Mövlud Mirəliyev onlara göstərilən etimada görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib və milli komandanın böyük uğurlara imza atacağına ümidvar olduğunu söyləyib. İclasda Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və baş katibin müavini Elnur Əşrəfoğlu da iştirak edib. Qeyd edək ki, avqustun 2-də Tokio Olimpiadasındakı uğursuz çıxışı əsas götürülərək millinin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun bütün köməkçiləri komandadan göndərilib.
Bütün hüquqlar qorunur © 2024