Dünən UEFA-nın bayrağı altında keçirilən Millətlər Kuboku turnirində baş tutan oyunlarla turnirin qrup mərhələsinin 1-ci turuna yekun vurulub. Qeyd edək ki, həmin gün turnirin "C" divizionunda yer alan Azərbaycan millisi də meydana şıxıb. İtaliyalı mütəxəssis Canni de Byazinin rəhbərliyi altında ilk matçına çıxan millimiz doğma divarlar arasında (azarkeşsiz olsa da) cırtdan ölkələrdən biri olan və əhalisinin sayı ümumilikdə 600 mindən çox olmayan (1 milyon da deyil) Lüksemburq komandasını qəbul edib. Paytaxt Bakıdakı Olimpiya Stadionunda təşkil edilən və britaniyalı hakimlərin əlavə etdikləri (45+2 və 45+6) vaxtı da nəzərə alsaq, 98 dəqiqəlik qarşılaşma demək olar ki, bütün parametrlərlə "Cırtdanın" tam üstünlüyü ilə keçib. Elə hesab da oyuna gprə olub - 1:2. Nə qədər təəccüblü də olsa oyun ərzində qapılara vurulan 3 qoldan ikisinin müəllifi məğlubiyyətlə üzləşən yığmamızın üzvləri olub. Belə ki, 43-cü dəqiqədə Ramil Şeydayev hesabı açsa da (1:0) 48-ci dəqiqədə onun komanda yoldaşı Anton Krivotsyuq avtoqol etməklə pozulmuş statusu bərpa edib (1:1). Matçda sayca 3-cü olan və qonaqlara qələbə qazandıran qolun "QƏHRƏMANI" isə 67-ci dəqiqədə meydana çıxan Adil Nağıyev olub. Meydana çıxdığından cəmi 4 dəqiqə sonra qayda pozuntusuna yol verdiyinə görə, o özü sarı kartla, komandası isə penalti ilə cəzalandırılıb. Fürsəti qaçırmayan Jerson Rodriqes (72-ci dəqiqə) isə dəqiq zərbəylə komandasını hesabda irəli cıxarıb (1:2). Demək olar ki, bütün oyun ərzində Azərbaycan futbolçuları həm fərdi, həm də komanda oyununda rəqibdən zəif olub. Nə yazıqlar olsun ki, yığmamız "Cırtdanla" oyunda doğma divarlar amilindən də yararlana bilməyib. Hələ nə yaxşı ki, yığmamız bu oyunu səfərdə keçirməyib. Yoxsa ki, bu məğlubiyyətə bəraət qazandırmaq uçun əllərində min cürə bəhanə olardı. İlk olaraq, məşqçi qarışıq hamısı səfər yolçuluğunun çətinliyindən danışacaqdılar. Amma nənəsinin yağ dürməyi ilə uzun bir yol qət edib ölkəmizə gələn "Cırtdan" özünü meydanda ev sahibi kimi apararaq, istəyinə nail oldu. Nənənin yağ dürməyi dağlar aşıb, çaylar keçib Bakıya gələn və buradan da mümkün 3 xalın hamısını aparan "Cırtdana" halal olsun.
İndi isə bəzi azarkeşlərin marağını nəzərə alaraq bəlli oyunun statistik göstəricilərini taqdim edirik:
Azərbaycan - Lüksemburq - 1:2
Qapıya vurularn zərbələrin nisbəti: 2:19
Künc zərbə: 0:9
Topa yiyələnmək: 37% - 63 %
Dəqiq ötürmələr: 77 % - 89 %
Sarı kart cəzası: 3:0
İNTİQAM Məmmədov
Bütün hüquqlar qorunur © 2023