Təqvim
Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
07 aprel 2020 - 17:17

“Mən panika və qorxu ruhunun təbliğinin tərəfdarı deyiləm, amma bu virusun artım tempinin ikirəqəmli deyil, Avropa və ABŞ-dakı kimi 3 rəqəmli olmasını təsəvvür etsək hazırkı durumun bizdən nə qədər məsuliyyətli olmağımızı tələb etdiyini görərik”
“Dövlətimiz üçün əsas amil insan faktorudur, gəlin ən güclü, qiymətli və əvəzsiz olan insan resursumuzu qoruyaq”

Müsahibimiz Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
Azərbaycan mətbuatını izləyərkən Samir Abbasovun, onun rəhbərlik etdiyi Mərkəzin olduqca aktiv fəaliyyətini görmüş oluruq. Mərkəz ölkəmizin tanıdılması, onun mədəniyyətinin dünyaya çatdırılması istiqamətində mühüm, çoxsaylı işlər görür, layihələr həyata keçirir. Samir Abbasovla hazırda dünyanın eləcə də Azərbaycanın çətin, ağır sınaq qarşısında olduğu bir dövrdə gündəmə çevrilən pandemiyə və digər məsələlərlə bağlı söhbət apardıq. Müsahibəni oxuculara təqdim edirik:
- Hazırda dünyada pandemiyanın hökm sürdüyü bir şəraitdə ölkəmizdə koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlər xarici ölkələrdən necə görünür?
- Öncə xalqımızı salamlayır, bəşəriyyətin yaşadığı belə bir ağır günlərdə dövlətimizə və vətəndaşlarımıza güc, səbr diləyirəm. Öz növbəmdə qəzetinizə və qəzetin onlayn versiyasına da təşəkkürümü bildirirəm ki, bizi yada salaraq, məlum mövzu ətrafında fikirlərimizi geniş ictimaiyyətə çatdırmaq imkanı yaratmısınız. Çox təəssüf edirəm ki, bu gün biz həmişə olduğu kimi gözəl və əvəzolunmaz mədəniyyətimiz haqqında deyil, bütün dünyanı az qala iflic edən təhlükəli bir epidemiya haqqında danışırıq.
COVİD-19 adlı yeni növ koronavirus artıq Azərbaycan da daxil olmaqla dünyanın 200-dən çox ölkəsində yayıla bilib. Həqiqətən də bu gün dünyanın bir çox ekspertlərinin də qeyd etdiyi kimi İkinci Dünya müharibəsindən sonra bəşəriyyət belə böyük epidemiya ilə üz-üzə qalmayıb. Təəssüf doğuran həm də odur ki, koronavirus infeksiyası hələ də əksər dünya ölkələrində insanlar arasında sürətlə yayılmaqda davam edir. İqtisadiyyatın bütün sahələrini iflic etmiş bu təhlükəli xəstəlik Azərbaycan üçün də təhdidlər yaradır.
Əlbəttə, dövlətimiz ilk gündən operativ davranaraq bütün mümkün tədbirləri həyata keçirdi və hazırda da lazımi addımlar atılır. Koronavirus epidemiyasının ölkə iqtisadiyyatına neqativ təsiri, dövlət, özəl sektor və əhaliyə vuracağı ziyanı ertələmək üçün xüsusi Fond da yaradıldı, hətta ilkin olaraq dövlət tərəfindən bir milyard manatdan artıq vəsait ayrıldı.
Virusun uzun inkubasiya dövrünün və yayılma sürətinin olması, həm də vaksinin hələ də tapılmaması dövlətləri məcbur edir ki, bu işdə daha sistemli və düşünülmüş tədbirlər görsünlər. Bununla əlaqədar ölkəmizdə hələ ötən ayın əvvəlindən bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, xüsusi məhdudlaşdırıcı tədbirlərin tətbiqi, xüsusi rejimə keçirilməsi dövlətimizin bu istiqamətdə həyata keçirdiyi ilkin qabaqlayıcı tədbirlər kimi təqdir edirəm.
Virusun Azərbaycan ərazisində yarada biləcəyi ciddi təhlükələrin qarşısının alınması, bu istiqamətdə zəruri və operativ tədbirlərin həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargahın yaradılması, hər gün bu sahədə görülən işlər, qərargahın ölkə ictimaiyyətini tez-tez məlumatlandırması və dövlətimizin xalqımızın, vətəndaşların yanında olmasını daim göstərməsi hər bir Azərbaycan vətəndaşını çox ruhlandırır. Hər gün biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar həyəcanla ölkəmizdən gələn xəbərləri izləyir, hər bir azərbaycanlı kimi xalqımız, dövlətimiz üçün dualar edirik.
Müstəqillik dövrü əzrində Azərbaycan çox böyük çətinlikləri arxada qoyub. İnanıram ki, dövlətimizin uğurlu, sistemli və düşünülmüş addımları sayəsində biz bu çətin sınaqdan da üzüağ çıxacağıq.
- İlk gündən məsələyə ciddi yanaşılması, operativ tədbirlərin görülməsindən bəhs etdiniz. Bəs sizcə, hazırda vətəndaşlarımızdan və dövlətimizdən tələb olunan əsas vəzifə hansıdır?
-Mən düşünürəm ki, hazırkı durumun real qiymətləndirilməsi və buna görə də bir çox qadağaların sərtləşdirilməsi, vətəndaşlardan bir sıra vacib tələblərin artırılması olduqca zəruridir. Bunlar vətəndaşımızın sağlamlığı, dövlətimizin gələcəyi, ümumilikdə milli təhlükəsizliyimiz üçün mühüm işlərdir. Çünki bizim ölkəmiz üçün ən əsas amil insanlarımızın sağlamlığıdır. Bu gün öz sosial məsuliyyətini dərk etməyən, verilən tövsiyə və tapşırıqlara, qadağalara məhəl qoymayan hər bir şəxs potensial virus daşıyıcısı kimi görünür. Təsəvvür edin ki, belə vətəndaşların kontrolu reallıqla yanaşsaq, olduqca çətindir. Ona görə də dövlətin, aidiyyəti qurumların üzərinə hazırda böyük yük düşür və görüləcək işlər də çoxalır... Belə şəxslər cəmiyyətimiz üçün ciddi təhdidlər yarada bilirlər. Çünki onlar yaxın ətrafında, ailəsində, kontaktda olduğu hər bir kəsi yoluxdurmaq imkanına malikdirlər. Nəticədə isə belə məsuliyyətsizlikdən irəli gələn ağır fəsadlar bizi daha ağır, faciəvi mənzərə ilə üz-üzə qoya bilər.
Vəziyyətin nə qədər ciddi olmasını cənab Prezident İlham Əliyevin, Birinci vitse prezident Mehriban xanım Əliyevanın xalqa müraciətlərindən açıq görmək olur. Xatırlayırsınızsa, Prezidentimiz qeyd etdi ki, Azərbaycan xalqı böyük xalqdır və xalqımız ən ağır dövrdə də birləşə bilir, həmrəylik göstərir. Ölkə başçısı “Biz birlikdə güclüyük!” şüarı ilə hazırkı ağır problemi yenməyə, pandemiya başa çatandan sonra da bu şüarın qüvvədə olacağına inandığını göstərdi və şüarın əzmkarlığımızı, birliyimizi, həmrəyliyimizi nümayiş etdirdiyini bildirdi.
Birinci vitse prezident Mehriban xanım Əliyevanın xalqımıza müraciətində isə o bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırdı. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aid edildiyindən Mehriban xanım Azərbaycan xalqının ən ali dəyərlərindən olan yaşlı nəslimizi qorumağa səslədi. O, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində bizim birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyimizə əmin olduğunu qeyd etdi.
Hazırda dövlətdən tələb olunan vəzifələr uğurla yerinə yetirilir, vətəndaşlarımız maksimum qorunur... Hətta Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar da alıb. Yəni bütün bunlar dövlətin insan amilinə, vətəndaşların sağlamlığına nə dərəcədə həssas yanaşmasına bariz nümunədir. Bu gün hətta dünyanın ən inkişaf etmiş dövlətləri epidemiyanın əlində aciz qalıb, onların artıq səhiyyə sistemi belə iflic vəziyyətə düşüb. Bizdə digər inkişaf etmiş ölkələrə nisbətən yoluxma və ölüm halları olduqca azdır. Bu sevindirici haldır. Təbii ki, bu dövlətimizin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Mən panika və qorxu ruhunun təbliğinin tərəfdarı deyiləm, amma bu virusun artım tempinin ikirəqəmli deyil, Avropa və ABŞ-dakı kimi 3 rəqəmli olmasını təsəvvür etsək hazırkı durumun bizdən nə qədər məsuliyyətli olmağımızı da bir daha tələb etdiyini görərik.
Hazırda vətəndaşları üzərinə böyük məsuliyyət düşür, onlar öz vəzifələrini yerinə yetirməli, dövlətin tapşırıq və tövsiyələrinə uyğun davranmalıdırlar. Əks təqdirdə nəinki hazırda daha çox ehtiyac duydğumuz tibb işçilərini, səhiyyəmizi çox böyük risk qarşısında qoya bilərik, ümumilikdə dövlətimiz gələcək nəsillər üçün də nə qədər böyük problemlər yaradarıq. Nə qədər qəribə olsa da, əlac yenə də bizim öz əlimizdədir. Sadə vətəndaşların, hər bir fərdin əlindədir. Cəmiyyət belə güclü olur... Hər bir fərd həmrəy olsa, məsuliyyətli davransa istənilən böyük bəlanın öhdəsindən qısa zamanda gəlmək olar. İndi virusa əlac nə çoxsaylı bahalı klinikalar, tibb avadanlıqları, dərmanlarda deyil, özümüzü yaşadığımız evdə təcrid etməkdir. Biz bunu öz ailəmiz, yaxınlarımız, hər an qürrələndiyimiz, uğrunda canımızı fəda etməyə hazır olduğumuz Azərbaycanımız üçün etməliyik. Ölkə başçımız da dəfələrlə bəyan edib ki, bizim üçün, müstəqil Azərbaycan üçün ən əsas amil insan faktorudur. Gəlin ən güclü, qiymətli və əvəzsiz olan insan resursumuzu qoruyaq. Bunu Vətənimiz, müstəqilliyimiz naminə edək və dünyanın müxtəlif bölgələrində yaşayan hər bir azərbaycanlının Vətəni olan ölkəmizi, dövlətimizi, insanlarımızı tam gücümüzlə qoruyaq!
- Doğrudan da düzgün vurğuladınız ki, hazırda xilas yolu dərmanlarda deyil, insanların öz əlindədir. Buna görə də, dövlətin atdığı addımlara da dəstək olmaq lazımdır. Bəs fəaliyyət göstərdiyiniz Özbəkistanda vəziyyət necədir? Dövlət epidemiyanın qarşısını almaq üçün hansı addımlar atır?
-Rəsmi statistikaya əsaslansaq, bu ilin 15 mart tarixindən başlanan yoluxma nəticəsində Özbəkistanda ümumilikdə 390 yoluxma halı qeydə alınıb. Təbii ki, bu məlumat bu gün- aprel ayının 6-a olan məlumatdır və onu da qeyd edim ki, indiyə kimi 30 nəfər də müalicə nəticəsində sağalıb.
Qardaş ölkə olan Özbəkistanda da ilk olaraq əhalinin 65 yaşdan yuxarı həssas təbəqəsini təmsil edənlərin ictimai yerlərdə olması, küçələrə çıxması məhdudiyyəti qoyuldu. Daha sonra isə xəstəliyin surətlə genişlənməsi ilə əlaqədar tədricən qaydalar da sərtləşdirildi. Bu gün paytaxt Daşkənd və bütün şəhərlərdə tamamilə hərəkət məhdudlaşdırılıb, hava limanlarının fəaliyyəti dayandırılıb, karantin qaydaları isə geniş tətbiq olunur. Özbəkistan Nazirlər Kabineti yanında Operativ Qərargah xəbər verir ki, bu gündən küçəyə hətta velosiped və skuterlərlə də çıxmaq qadağan olunur.
Ölkədə paytaxt, vilayətlər arasında ictimai nəqliyyatın hərəkəti, fərdi maşınların küçəyə çıxmasına tam qadağa qoyulub. Dövlət və xidmət sahələrinin maşınları xüsusi icazə vərəqələri ilə işləyir. Qısa müddət ərzində əlavə xəstəxanalar və karantin zonaları inşa edilir. Dövlət sosial cəhətdən əhalinin zəif təbəqələrinə, sahibkarlara xüsusi imtiyazlar verir. Mən deyərdim ki, Özbəkistan dövləti xalqın epidemiyadan qorunması üçün bütün tədbirləri həyata keçirir. Yəni oxşar tədbirləri burada da tətbiq edirlər.
-Dünyanın müxtəlif ölkələrində qalan Azərbacan vətəndaşlarının ölkəmizə təxliyyəsi istiqamətində dövlətimiz tərəfindən müəyyən işlər aparıldı. Pandemiya səbəbindən sərhədlərin bağlanması nəticəsində Özbəkistanda vətəndaşlarımız qalıbmı? Onların problemlərinin aradan qaldırılması istiqamətində hansı işlər görülür?
-Bəli, xarici ölkələrdə qalan vətəndaşlarımızın təxliyyəsi ilə bağlı Azərbaycan dövləti xeyli işlər gördü, diplomatik kanalları da var gücü ilə işə salaraq xüsusi çarter reysləri təşkil etdi, onların əksəriyyəti ölkəmizə gətirildi və bu işlər davam edir.
Deyə bilərəm ki, xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində atılan operativ addımlar nəticəsində böyük nailiyyətlər əldə edilib. Elə 15 minə yaxın Azərbaycan vətəndaşının xarici ölkələrdən təxliyə edilməsi və onların böyük əksəriyyətinin karantinə yerləşdirilməsi də bunu təsdiqləyir. Azərbaycan və Özbəkistanın karantin rejiminə keçməsi, sərhədlərin bağlanması, giriş-çıxışın məhdudlaşdırılması nəticəsində Özbəkistanda da bir çox Azərbaycan vətəndaşlarının ölkəmizə qayıtması qeyri-mümkün oldu. Yaranmış vəziyyətlə əlaqədar Səfirliyimizdə Xüsusi Komissiya təşkil edildi, mən də bu komissiyanın üzvüyəm. Özbəkistanda qalmış Azərbaycan vətəndaşlarına dair ilkin araşdırma aparıldı. Özbəkistanda müvəqqəti və iş məqsədi ilə gələn 160 Azərbaycan vətəndaşı Daşkənd, Səmərqənd, Anqren şəhərlərində qaldığı bizə məlumdur. Onların siyahıya alınması aparılıb, yerləşmə, əlaqə ünvanları öyrənilib.
Vətəndaşlarımızın bəzilərinin maddi vəziyyətlərində çətinik yaranıb, vəsaitlərinin bitməsi səbəbindən müvəqqəti yaşadıqları otellərdən çıxmaq məcburiyyətinin olması barədə Səfirliyimizə bildiriblər. Bu problemlərlə əlaqədar Azərbaycanın Özbəkistandakı Səfilriyi tərəfindən Özbəkistanda əlacsız duruma düşən vətəndaşlarımıza yardım məqsədi ilə xüsusi Fond yaradıldı, bu fonda Səfirliyimizin diplomatları, onun nəzdindəki Mədəniyyət Mərkəzinin əməkdaşları, habelə Özbəkistandakı azərbaycanlı iş adamları ianə verdilər. Bu ianə hesabına maddi vəziyyəti olduqca çətin olan, ailəli, uşaqlı şəxslərə yardım edildi, dövlətimizin vətəndaşlarımıza xaricdə də daim dəstək olduğu təlqin edildi, vətəndaşlarımızın xarici ölkələrdən təxliyyəsi ilə bağlı görülən işlər barədə onlar məlumatlandırıldılar. Mən deməzdim ki, bununla onların problemləri həll edildi. Amma bu istiqamətdə az da olsa vətəndaşlarımıza dəstək göstərildi. Səfirliyimizin tövsiyəsi ilə otellərdə yaşayan bir sıra vətəndaşlarımız gündəlik nisbətən ucuz qiymətə olan evlərə çıxarıldılar və onlar Səfirliyimizin Konsulluq xidmətində müvəqqəti qeydiyyata düşüblər.
Ümid edirik ki, epidemiyanın tezliklə səngiməsi nəticəsində onlar Azərbaycana dönə biləcəklər.
- Bəs bugünkü izolyasiya şəraitində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi öz fəaliyyətini necə qurur?
-Bildiyiniz kimi bu pandemiya başlayarkən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin strukturuna daxil olan müəssisələr virtual fəaliyyəti gücləndirdilər. Biz də Azərbaycan Mədəniyyət Mərkəzi olaraq öz fəaliyyətimuzi virtual formada qurduq. Mərkəzimizin əməkdaşları sosial şəbəkələr, saytımız vasitəsi ilə həm mədəniyyətimizi təbliğ edir, həm də dövlətimizin yayılmış bu epidemiyanın qarşısının alınması, insanlarımızın sağlığının qorunması istiqamətində həyata keçirdiyi işlər, siyasət haqqında Özbəkistanda ictimaiyyəti məlumatlandırır.
Mərkəzimiz ictimaiyyətə açıqdır, daim birgə layihələr həyata keçirilir, saytımız (http://azculture.uz) demək olar ki, hər gün yenilənir, tədbirlərimiz, layihələrimiz haqqında məlumatlar yerləşdirilir, habelə ölkəmizə dair məlumatlarla zənginləşdirilir. Azərbaycan-Özbəkistan arasında mədəni-ədəbi əlaqələrinə maraq göstərən istənilən şəxs bu gün də yenilənən saytımızdan dolğun informasiya əldə edə bilər. Bu işlər “Facebook” və “Twitter” kimi informasiya məkanlarında da geniş aparılır.
Bu gün informasiya əsridir. İnformasiya cəmiyyətin həyatında mühüm rol oynayır. Xüsusi ilə internet, sosial şəbəkələr, xəbər saytları və s. elektron informasiya vasitələri təbliğat işində olduqca effektivdir. Məhz, bu effektivliyi nəzərə alaraq, biz fəaliyyət göstərdiyimiz ölkədə insanların öz ana dillərində Azərbaycana dair məlumatların artırılması üçün “Azərbaycan seqmenti” üzrə daha çox məlumatlar yaradırıq.
Bildiyimiz kimi, "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyası dünyanın ən böyük məlumat bazası kimi milyonlarla insanın müraciət etdiyi mənbədir və dünyanın əksər dillərində məlumatların mövcud olmasını nəzərə alaraq, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi nəhəng bir layihəyə start verib. Layihə əsasında bu ensiklopediyada Azərbaycana dair özbək dilində bölmələr yaradılmasına başlanılıb.
Bununla əlaqədar, Mərkəzimizdə Xüsusi Komissiya yaradılıb, özbək dilinə tərcümə ediləcək materiallar müəyyənləşdirilir, sistemləşdirilir və Mərkəzin sifarişi ilə tərcüməçi alimlər sözügedən materialları Azərbaycan dilindən özbək dilinə tərcümə edirlər. Materiallar tərcümə və redaktə olunduqdan sonra Beynəlxalq Elektron Ensiklopediyada özbək dili üzrə yaradılan bölmələrə daxil edilir. Layihə çərçivəsində internetdə Azərbaycana dair özbək dilində informasiya əldə etmək istəyən hər bir istifadəçi ölkəmizə dair dolğun və obyektiv məlumat əldə edə biləcək. Dünyanın ən böyük rəqəmsal video platformalarından olan “YouTube” satında da Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kanalı fəaliyyətə başlayıb və kanala mütəmadi olaraq ölkəmizə dair videomateriallar yerləşdirilir. Təbii ki, bütün bu işlər həm də paralel olaraq Azərbaycan Mədəniyyət Nazirliyinin birbaşa dəstəyi ilə birgə ərsəyə gəlir. Yəni nazirliklə birgə bu və digər işlər reallaşdırılır ki, burada da ortaya müsbət nəticələr qoya bilirik.
“Azerbaijan Culture Center named after Haydar Aliyev” adlı kanala Özbəkistanda Mədəniyyət Mərkəzimizin layihəsi ilə keçirilən tədbirlər, Azərbaycan və Özbəkistan telekanallarında nümayiş etdirilən verilişlər, videomateriallar, Azərbaycanın əldə etdiyi nailiyyətlər, milli mədəni irsimiz, ölkəmizin turizm resursları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ekran əsərləri, milli rəqslərimiz, ölkəmiz üçün aktuallıq kəsb edən materialların videoyazıları daxil edilir. Artıq Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan sənədli filmlər, videoçarxlar, özbək dilinə dublyaj olunmuş Azərbaycan bədii filmləri, cizgi filmləri, musiqi layihələri, kliplər əlavə edilir.
Azərbaycan Mədəniyyət Mərkəzinin kanalına 4 dildə -Azərbaycan, özbək, rus və ingilis dillərində məlumatlar açar sözlər üzrə daxil edilir ki, izləyici hər hansı bir sözə görə axtarış apararkən ətraflı məlumat əldə edə bilsin. Bununla əlaqədar Mədəniyyət Mərkəzində xüsusi işçi qrup yaradılıb ki, onlar videomaterialları montaj edir, onların mövzularını, açar sözləri müəyyənləşdirir və daha sonra “YouTube”dakı Azərbaycan Mədəniyyət Mərkəzinin kanalına yükləyir. Bütün bu işlər isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və əlaqəli şəkildə həyata keçirilir.
- Maraqlıdır, siz necə, həm də bir mədəniyyət işçisi kimi evdə qalaraq özünüz üçün hansısa məşğuliyyətlər seçmisinizmi?
-Mən də çalışıram ki, evdə qaldığım vaxtı zamanımı səmərəli keçirəm. İşlərimin çox olması ilə əlaqədar bir sıra kitabları alsam da, onları oxumağa vaxt tapa bilmirdim.
Amma indi xeyli kitab oxumuşam və oxuyuram da. Akademik Rafael Hüseynovun “Millətin zərrəsi”, Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti”, Tolstoyun əsərlərini, Qurban Səidin “Əli və Nino”, indi isə Türk yazıçısı Zülfü Livanelin əsərlərini oxuyuram. Sizə də bu fürsətdən faydalanmağı tövsiyə edirəm.
Boş zamanımdan istifadə edərək Vikipediyanın Özbək bölməsi üçün Azərbaycana dair materialları seçir və onları tərcümə üçün təqdim edirəm. Gün ərzində həm Azərbaycan mətbuatını, həm də Özbəkistan mətbuatını izləyirəm, qəzetlərimizi oxuyuram, yaxınlarımla, dostlarımla virtual əlaqələr qururam.
-Samir müəllim, sonda sizin arzularınızı, yekun fikirlərinizi eşitmək istərdik.
-Son olaraq onu deyə bilərəm ki, bizim xalq həqiqətən də müdrik xalqdır. Bunu tarixin ən ağır sınaqlarından üzüağ çıxan bir xalqın nümayəndəsi kimi deyirəm. Biz hər çətinliyi, ağır sınaqları, dövrləri görmüş xalqıq, dövlətik. Hazırkı müvəqqəti çətin dövrdə isə insanlarımız dövlət tərəfindən gələn çağırışlara ciddi yanaşmalıdırlar. Yalnız rəsmi mənbələrə əsaslanan məlumatlara inanmaq, Prezidentin də dediyi kimi həmrəy olmaq lazımdır. Hələ də məsələnin ciddiliyini nəzərə almayanlara isə bir daha çağırış edirəm ki, lüzum olmadan çölə çıxmasınlar. İnsanları bir-biriləri ilə ünsiyyəti minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılmasına kömək etməyə çağırıram. Dönə-dönə bu fikrimi təkrarlayıram ki, hər kəsi Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət etməli, evdən çıxmamalıdır! Evdə qalaq, pozitiv olaq, çünki ruh yüksəkliyi də bu xəstəliyin yenilməsi üçün vacib amillərdəndir.
Bunu bütün dünyada da bəyan edirlər ki, insanlar nəzərə almalıdırlar ki, hər dəfə evdən çıxanda, hər hansı bir şəxslə təmasları infeksiyaya yoluxma və ölüm təhlükəsi deməkdir. Bu səbəbdən də insanlarımız məsuliyyətlə davranmalı, qaydalara riayət etməklə, həm özlərini, həm də bütün yaxınlarını xəstəlikdən qorumalı, cəmiyyətimizi risk altına qoymamalıdırlar. Unutmayaq ki, bizim üçün ən vacib amil, sağlamlıqdır.
Bugünkü bu ağır mübarizənin əsas qəhrəmanı isə bizim həyatlarını risk altına qoyan həkimlərimizdir. Mən onlara da sağlıq və əzm, səbr diləyir, hər bir vətəndaşımızı isə tibb işçilərinə dəstək olmağa çağırıram. Təbii ki, onlarla yanaşı bizim təhlükəsizliyimizi qoruyan, qanun keşikçiləri olan polislərimizin də çiyinlərində ağır yük var, elə cəbhə bölgəsində Vətənimizin keşiyində duran əsgərlərimizin də üzərinə böyük məsuliyyət düşür. Hər bir vətəndaşımız dövlətimizin yanında olmalı, Prezident İlham Əliyevin, Birinci vitse prezident Mehriban Əliyevanın çağırışlarına cavab verərək cəmiyyətimizin sağlamlığı, xilası üçün çalışmalı, həmrəy olmalıdır. Çünki dəfələrlə Prezident və Birinci vitse prezident Mehriban xanım Əliyeva xalqa müraciət edərək, vətəndaşları diqqətli, məsuliyyətli olmağa çağırıblar və dövlətimizin xalqın yanında olduğunu göstəriblər. Qısası, həmrəylik göstərməklə xalqımızın və bütün dostlarımızın bu sınaqdan üzü ağ və zəfərlə çıxacağına inanıram. Sağlam olun!
Palitranews.az
Tural Tağıyev

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə