Canveten.az xəbər verir ki, Bakı şəhərində, Heydər Əliyev Mərkəzində keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi davam edir. Bu gün konfransın “Gələcəyin yaşıl nəqliyyat və logistikasına sərhəd idarəçiliyinin münasibəti” adlı ikinci plenar sessiyasında malların sərhəddən sürətli və ekoloji cəhətdən təhlükəsiz keçirilməsi məqsədilə daşıyıcılara və logistik şirkətlərə dəstək üçün intellektual qurğuların köməyilə toplanmış məlumatların gömrük-sərhəd orqanları tərəfindən hansı səviyyədə istifadə edilməsi məsələsi nəzərdən keçirilib. Sessiyada çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ticarət zəncirinin iştirakçıları ilə bağlı məsələyə toxunub. Qeyd edilib ki, gömrük xidməti gələcəkdə həm ticarətin asanlaşdırılması, həm də risklərin idarə olunması prizmasından yanaşaraq, həmçinin ekoloji tarazlığı qorumaqla blokçeyn texnologiyasının istifadəsini təşviq etməlidir. DGK sədri vurğulayıb ki, blokçeyn texnologiyasına üstünlük verən standartlar müəyyənləşdirilməli, ticarətin asanlaşdırılması və ticarət zəncirinin təhlükəsizliyi təmin edilməli, xüsusilə də ekoloji tarazlıqla bağlı problemlər aradan qaldırılmalıdır. Səfər Mehdiyev diqqətə çatdırıb ki, bəzi dövlətlərdə blokçeyn texnologiyasından müxtəlif məqsədlər üçün istifadə edilir. Məsələn, qaçaqmalçılığın qarşısının alınması, məlumatların öncədən verilməsi, vergi toplanması məqsədilə bu texnologiyaya üstünlük verilir. Blokçeyn texnologiyasının inkişafı ilə bağlı layihələrə həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də digər maliyyə institutları dəstək verməlidir. “Biz pilot layihə olaraq bu texnologiyadan istifadəni bir neçə dövlətlə birlikdə həyata keçirməyi planlaşdırırıq. Bu üstünlükləri sahibkarlar görməli və onları blokçeyn texnologiyasından istifadəyə təşviq etməliyik”, - deyə Səfər Mehdiyev bildirib. Komitə sədri onu da deyib ki, bu istiqamətdə inkişafa gətirib çıxaracaq yeganə metodlardan biri ticarət zəncirinin bütün iştirakçılarının bu sahəyə cəlb edilməsini təşviq edəcək normaların müəyyənləşdirilməsidir. Niderland Gömrük Xidmətinin Ticarət Əlaqələri Departamentinin rəhbəri Frank Heijman isə çıxışında ticarət şərtlərinin asanlaşdırılması məsələsinə toxunub. Bildirilib ki, ticarət şərtlərinin asanlaşdırılması üçün dövlət bu sahəyə vəsait yatırır və “bir pəncərə” sistemini formalaşdırır. “Bir pəncərə” ilə bağlı özəl sektor fəal olmalı və öz mövqeyini nümayiş etdirməlidir. Frank Heijman qeyd edib ki, blokçeyn texnologiyasından istifadə zamanı bilməliyik ki, məlumatlar paylaşılarkən necə ötürülür. Konfrans çərçivəsində bu texnologiyanın təfərrüatları incələnməli, birlikdə təhlil edilməlidir. Öz növbəsində, Sloveniya Logistik Assosiasiyasının prezidenti İqor Zula çıxışında logistika məsələlərinin müxtəlif aspektlərini təhlil edib. Qeyd edilib ki, biznes prosesləri logistik baxımdan daha da optimallaşdırılmalıdır. İqor Zula yaşıl logistika haqda da danışıb, təchizat zəncirində aparılan proseslə bağlı geniş məlumat verib. Tövsiyə edilib ki, müsbət nailiyyətlərə nail olmaq üçün daha az məsafələr qət olunmalı, daha ağıllı texnologiyalar tətbiq edilməlidir. Avropa Yenidənqurma və İnkişaf Bankının dayanıqlı nəqliyyat üzrə əsas sektorunun rəhbəri xanım Tara Şirvani isə çıxışında qurumun həyata keçirdiyi layihələrdən və investisiyalardan bəhs edib. Blokçeyn texnologiyasından istifadəni dəstəklədiyini bildirən Tara Şirvani bu sahədə risklərin də nəzərə alınmasının tərəfdarı olduğunu söyləyib. Qeyd edilib ki, blokçeyn texnologiyasından istifadə zamanı əlavə enerjiyə tələbat yaranacaq və bu tələbatın təbii yollarla əldə edilməsi mümkündür. Daha sonra konfransın işi panel sessiyalarla davam edib. Sessiyalarda “Qoşulmuş qurğularla bağlı maneələrin aradan qaldırılması və əşyaların internetindən istifadə edilməsi”, “Texnologiyaların tam potensialını ortaya çıxarmaq üçün maşınların öyrənmə potensialının, mərkəzləşdirilmiş Qeyri-İntruziv Yoxlama təsvirlərinin şərhinin və insan bacarıqlarının araşdırılması” mövzuları ətrafında müzakirələr aparılıb. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024