Canveten.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda “Elm günü”nə həsr olunmuş seminar keçirilib. Seminarı giriş sözü ilə İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb. O, ilk olaraq “Elm günü” münasibəti ilə əməkdaşları təbrik edib, elmi işlərində uğurlar arzu edib. Bildirib ki, 2019-cu ildə ölkədə ilk dəfə olaraq “Elm Günü”nü yüksək səviyyədə qeyd olunur. Müasir dövrün aktual elmi problemlərinə həsr edilmiş konfrans, seminar və mühazirələr, “dəyirmi masa”, “açıq qapı” günləri, sərgilər keçirilir, həmçinin, tələbə və şagirdlərin alimlərlə görüşləri təşkil olunur. Daha sonra N.Məmmədov bu günün qeyd olunmasının əhəmiyyətindən danışıb. Seminar akademik Bahadir Tağıyevin çıxışı ilə davam edib. O, 60 illik elmi fəaliyyəti dövründə Fizika İnstitutunda dövründə əldə olunan mühüm nəticələrdən bəhs edib. Akademik hazırda luminisesiya maddələrinin alınma texnologiyaları istiqamətində tədqiqatlar aparıldığnı vurğulayıb. O, Milli Aviasiya Akademiyası (MAA) ilə əməkdaşlığından danışıb. B.Tağıyev bildirib ki, MAA AMEA Fizika İnstitutu ilə sıx əməkdaşlıq edir və burada əldə olunan nəticələrdən uğurla istifadə olunur. Daha sonra 100,150 və 20 Vattlıq ağ işıq mənbələrini nümayiş etdirib. Bildirib ki, nümayiş olunan işıqlanan maddə Fizika İnstitutunda əldə olunub, tətbiqi məsələlər isə MAA-da aparılıb. Seminar fizika-riyaziyyat elmləri doktoru Mirbaba Babayevin “Relyativistik kütlə anlayışından niyə imtina edilir” mövzusunda məruzəsi ilə davam edib. O, mövzunun aktuallığı haqqında danışıb. M.Babayev bir neçə il əvvəl Fizika dərsliklərində nisbilik nəzəriyyəsinin şərhinə edilən dəyişikliklərdən, relyativistik kütlə anlayışının dərsliklərdən çıxarılmasından, nisibilik nəzəriyyəsindən, terminologiya məsələlərindən, cismin kütləsi haqqında qəbul olunan yeni və köhnə konsepsiyalardan və s. bəhs edib. Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov seminar iştirakçılarını “Elm günü” münasibəti ilə təbrik edib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Elm Günü təsis edilib. Bildirib ki, hər il mart ayının 27-də “Elm günü”n qeyd olunması təsadüfi deyil. O, bu tarixin 1945-ci il Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixi olduğunu vurğulayıb. Məryəm Rafaelqızı ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2025