Çapa göndər
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb

17 aprel 2024 - 15:05

Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb

 

Masallı rayonunda Birinci Qarabağ müharibəsi şəhidi İnqilab Nağıyevin xatirəsi anılıb.
Şəhidin anadan olmasının 50 illiyinə həsr olunan tədbir onun adını daşıyan Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbində keçirilib.  
Anım tədbirində şəhidin doğmaları ilə yanaşı rayon rəsmiləri, şəhid ailələri, ağsaqqal və ziyalılar, qəsəbə sakinləri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxış edənlər 19 yaşında şəhidlik zirvəsinə ucalımış cəsur döyüşçünün qısa və şərəfli ömür yolundan, vətənpərvərliyindən, döyüş bacarığından danışıb, xatirələrini bölüşüblər.
Bildirilib ki, İnqilab Şabala oğlu Nağıyev 16 aprel 1974-cü ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. 1989-cu ildə qəsəbədəki N.Gəncəvi adına 1 nömrəli orta məktəbin 8-ci sinfini, 1992-ci ildə 137 nömrəli Masallı Texniki-Peşə Məktəbini bitirib. 
İ.Nağıyev 1992-ci ildə hərbi xidmətə çağırılıb. Bir müddət Lənkəran topçu polkunda təlim keçdikdən sonra Qarabağ bölgəsindəki qızğın döyüşlərə qatılıb. İgid eloğlumuz Laçın, Kəlbəcər, Ağdərə rayonlarının müdafiəsi zamanı düşmənin canlı qüvvəsi və texnikasının məhv edilməsində böyük şücaət göstərib. 
1993-cü il mart ayının 27-də cəsur topçu İnqilab Nağıyev Çərəkdar kəndinin müdafiəsi zamanı qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Doğma Boradigah qəsəbəsində torpağa tapşırılıb. 
Şəhid ailələrinə göstərilən dövlət qayğısından danışan natiqlər diqqətə çatdırıblar ki, 2023-cü il sentyabrın 20-də Müzəffər Ordumuzun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çərəkdar kəndi Azərbaycanın nəzarətinə qayıdıb.
Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, nəğmələr səslənib, ədəbi-bədii kompozisiya nümayiş olunub.
Sonda tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri düzərək ruhuna dualar oxuyublar.

 

Akif AĞAYEV