Çapa göndər
İki Masallı məktəblisi maksimum nəticə göstərib

16 aprel 2024 - 18:48

Masallının 2 məktəblisi ən yüksək bal toplayıb

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 10-da keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri açıqlanıb.
İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 2 məzun buraxılış imtahanından maksimum bal toplayanlar sırasındadır. Hər iki məktəbli Masallı rayonundandır. 
Masallı şəhərindəki, Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin on birinci sinif şagirdi Rzayeva Ceyran Anar qızı, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam orta məktəbinin on birinci sinif şagirdi Əsədullayev Amin Arif oğlu onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə göstərərək 300 bal toplayıblar.
Qeyd edək ki, gələcəkdə hüquqşünas olmaq istədiyini bildirən Ceyran Rzayeva Yavər Ağayev adına Bala Təklə kənd ümumi orta məktəbini (yəni doqquzuncu sinfi) də fərlənmə attestatı (274 bal) ilə bitirib.
Amin Əsədullayev isə iki il öncə, 9 illik təhsil bazası üzrə buraxılış imtahanından da 288 bal toplayıb. O, kompüter mühəndisliyi ixtisası üzrə ali təhsil almaq fikrindədir.

 

Akif AĞAYEV