Çapa göndər
Novruz düşüncəsi: Səməni

14 mart 2024 - 13:40

Novruz düşüncəsi: Səməni

 

Yazın gəlişinə eyhamlardan, çağırışlardan biridir o. Evlərdən qoca təbiətə boylanıb, “Yolun açıq olsun, buyur, mən nam-nişanda öz nəhəng yaşıl tablonu yarat” – deyir. Və çox çəkmir, Novruz bayramından  sonra yuxu kimi çəkilib gedir. İnsanlar onu axar suya atıb, Allahdan bar-bərəkət dilərkən, həzin bir nəğmə pıçıldayırlar: “Səməni, ay səməni...” Sanki bununla könlünü almağa, ayrılığı yumşaltmağa çalışırlar...
Əsrlər, eralar ötdükcə, zamanın törpüsü, görünür, həmin qayım-qədim nəğmədən də yan keçməyib... Dildən-dilə adlaya-adlaya aşınmaya məruz qalıb. Bu səbəbdən ondakı “saxla” sözü məzmuna oturuşmur, havadan asılı qalır. Tutub saxlamaqmı? Qoruyub saxlamaqmı? Anlaşılmır, məntiqə uyuşmur.
Digər tərəfdən, bizdə iki misralıq, üç misralıq şeir növü yoxdur. Şifahi ədəbiyyatımızda, yüyrək və lakonik olduğuna görə, ulularımız əksəriyyətdə bayatıya üstünlük veriblər. Bu mənada səməni ilə bağlı nəğmə aşağıdakı şəkildə ilkinliyinə daha yaxındır:

 

Səməni, ay səməni,
Yadında saxla məni.
yaz ardınca yaz gəlsin,
İldə göyərdim səni...

 

Arif FƏRZƏLİ,
şair.