Çapa göndər
Düşmən çəpəri, yurd sipəri

13 mart 2024 - 17:07

Düşmən çəpəri, yurd sipəri 

 

Qısa tanıtım: Sahil Sarıbala oğlu Babayev 21 mart 1992-ci ildə Masallı rayonunun Ərəb kəndində müəllim ailəsində anadan olub. Orta təhsilini şəhid Müqəddəs Hacıyev adına Ərəb kənd ümumi, şəhid Zeynal Zeynalov adına Hacıtəpə kənd tam orta məktəblərində (1999-2009) alıb.  
2010-cu ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2014-cü ildən DİN-nin Daxili Qoşunlarında MAXE (müddətdən artıq xidmət edən hərbi qulluqçusu) kimi Gəncədə yerləşən “N” saylı hərbi hissədə xidmət edib.
Hərbi qulluqçumuz Sahil Babayev 2023-cü il Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarında uğurla iştirak edib. Sentyabrın 20-nə keçən gecə Kəlbəcər-Ağdərə istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Anadan olduğu kənd qəbiristanlığında dəfn olunub.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ailəli idi. 2 oğlu, 1 qızı yadigar qalıb.

Şəhid ailəsi ilə görüş zaman qürurlu gördüm Sarıbala atanı, Nərminə ananı, Sahilin Vətənə üç əmanətini böyüdən Nərmin xanımı. Bu məğrur duruşa heyrət edirəm. Çünki, bu dözüm, bu dəyanət də qəhrəmanlıqdır. 
Divardan asılmış şəkillərini nəzərdən keçirdikcə vüqarlı, boylu-buxunlu bir igidin əzəməti önündə baş əyirəm. 
Deyirlər, dərd adamı danışdırır, bölüşdükcə azalır. Hiss edirəm ki, ürəyi sözlə doludur şəhid atasının. 
32 ildir ki, kənd məktəbində riyaziyyat müəllimi kimi çalışan Sarıbala Babayev qəhrəman övladının həyat hekayətini danışmağa başlayır: “Bir yaşından atasız böyümüşəm. Çox əziyyət çəkmişəm. Sahilin də əziyyət çəkməyindən ehtiyat edirdim. Daha doğrusu, onu itirməkdən qorxurdum. Çünki Sahil mənə atasızlığı unutdurmuşdu. Hər işi onunla məsləhətləşərdim. O, da həmçinin. Hətta 3 övlad atası olandan sonra da bir yerə gedəndə zəng edib razılıq alardı. Heç vaxt məni incitməyib. Zəhmətkeş olub. Allaha şükür, dolanışığımız da pis deyildi. Həm məktəbdə işləyir, həm də kənd təsərrüfatı məhsulları yetişdirməklə məşğul olurdum. Gözümün ağı-qarası bir oğlum vardı. Etiraf edim ki, ona digər işlər də təklif edildi. Masallı şəhərində onunçün ev də tikmişdik. İstəyirdim ki, gəlib burda polis işçisi kimi çalışsın. O, isə qəlbən bağlandığı peşəyə üstünlük verdi. 10 il qüsursuz xidmət etdi... 
Hər dəfə evə gələndə Vətən müharibəsi zamanı şəhid olan silahdaşlarının – lerikli Zahir Əliyevin, biləsuvarlı Asif Talıblının və digərlərinin məzarını ziyarət edərdi. Deyərdi ki, bu cür igidlər itirmişik. Onların da qısasını almalıyıq... 
21 mart bizimçün ikiqat bayram olardı. Hər il bu tarixdə onlara gedər, ad gününü və Novruz bayramını birlikdə keçirərdik. Keçən ilin avqustunda məzuniyyətə gəlməliydi, dekabr ayına təxirə salındı. Sonra isə...
Hərbçi yoldaşlarının dediyinə görə Sahil antiterror əməliyyatları zamanı iki dəfə döyüşlərdə iştirak edib. Son döyüş meydanı dağlıq ərazi olub. Düşmən yüksəklikdən Sahilgilin maşın karvanını atəşə tutub. Gərgin döyüş bir neçə saat davam edib. Şəhid və yaralılarımız olsa da igidlərimiz separatçılara sonacan aman verməyiblər. Yaralı dostuna kömək etməkdən ötrü yerini dəyişən Sahil düşmən gülləsinə tuş gələrək şəhid olub. Bu döyüşdə yaralanan polkovnik-leytenant Rəşad Hüseynov isə bir gün sonra şəhidlik zirvəsinə ucalıb.
Təsəlli tapıram ki, Sahilimin 3 övladı – Samir (8 yaş), Elçin (6 yaş) və Milay (4 yaş) Vətənə yadigar qalıb.”

 

Sevindim ki, ermənilər ağ bayraq qaldırıblar

 

Şəhid atası: “Məktəbdə idim. Eşitdim ki, erməni separatçıları ağ bayraq qaldırıblar. İkigünlük narahatçılığım səngiməyə başladı. Allaha həmd-sənalar edib, bir az toxtadım. Öncədən özümə təsəlli verirdim ki, onsuz da Sahilgilin bölməsi ərazilərimiz azad olunduqdan sonra mövqe qurub asayişi bərpa edirlər. Həmin gün, yəni sentaybrın 20-də qonşu Xırmandalı kəndindən olan baş leytenant Şəmistan Yusiflinin şəhid olması barədə xəbər yayılmışdı, dəfn mərasiminə hazırlıq görülürdü.
Dostları ilə əlaqə saxlasaq da Sahildən xəbər-ətər yox idi. Sonradan öyrəndik ki, yaralıdır. Emil adlı döyüşçü yoldaşına zəng edəndə o, cavab verməkdə çətinlik çəkdi. Hiss etdim ki, ağlayır... ”

 

Sehirli “21” rəqəmi

 

Sarıbala müəllim deyir ki, “21” rəqəmi bizimçün doğmalaşmışdı. Mənim toyum 21 iyulda, qızlarımın da toyu ayın 21-də olmuşdu. Sahilin ad günu 21 mart, toy günü 21 avqust idi. Dörd il öncə onunçün tikdiyimiz evin təməli martın 21-də qoyulmuşdu. Şəhid övladımın dəfn günü də sentyabrın 21-nə təsadüf etdi. Nə qədər ağır olsa da “21” rəqəmi bizimçün müqəddəsləşdi.  

 

8 yaşlı Samir: “Atam deyirdi ki, mən olmayanda evin kişisi sənsən”

 

Şəhidin anası Nərminə xanım: “Ailəmizin ilki, iki bacının yeganə qardaşı idi. Uşaqlıqdan sakit təbiətli Sahil nəinki bizim, bütün qohum-əqrəbanın, onu tanıyan hər kəsin sevimlisinə çevrilmişdi. Arzuları çox idi. 
Sentyabrın 19-da, döyüş öncəsi bizimlə danışdı, sonra telefonu susdu...
Deyirlər, şəhidlər ölmür, onlar diridirlər. Bir gün öz-özümdə dedim ki, əgər belədirsə, qoy onda Sahilim heç olmasa bir dəfə yuxuma girib desin ki, ana, mən ölməmişəm, sağam. Elə həmin gecə yuxumda gördüm ki, oğlum gəlib evimizdədir. Dedi ki, ana, niyə o sözü dilinə gətirmisən, məgər bilmirsən ki, mən ölməmişəm? Heç vaxt ağlama. Hər dəfə sən Allaha dua edəndə məni də çağırıb deyirlər ki, get, anan səni istəyir.”
Həyat yoldaşı Nərmin: “Böyük istəklə ailə qurmuşduq. İşi ilə əlaqədar Gəncədə kirayədə qalırdıq. Xoşbəxt yaşayırdıq. Həmişə qayğımıza qalar, uşaqlardan ötrü nigaran olardı. Vətən müharibəsindən sonra günlərinin çoxu Şuşada, Laçında keçərdi. Ona görə də son zamanlar asudə vaxtı az olardı. Hər döyüşdən qayıdanda deyərdi ki, bizi Allah qoruyur. Həmişəkindən fərqli olaraq sonuncu dəfə ayrılanda bizdən halallıq istədi. Sanki ürəyinə dammışdı. Dedi ki, uşaqlara yaxşı baxarsan, sənə çox güvənirəm, gözüm arxada qalmayacaq: “Samir, Elçin böyüyüb sənə arxa-dayaq olacaq. Təkcə Milaydan ötrü narahat olacağam. Əgər mənimlə əlaqə qura bilməsəniz, arxa cəbhədəki dostlarıma zəng edərsiniz...” Döyüş yoldaşlarına da söyləyib ki, şəhid olsam gedib qızımı qucaqlayıb, öpərsiniz. Deyərsiniz ki, atan həmişə sənin yanındadır...”
Dostu, Aqif İbadullazdə (MAXE): “Eyni kənddən olduğumuzdan uşaqlığımız, məktəb illərimiz bir keçib. Sonradan tale elə gətirdi ki, bir yerdə çalışmalı olduq. Səkkiz il çiyin-çiyinə Vətənə xidmət etmişik. Millətini, dövlətini, bayrağını sevən hərbçi idi. Qardaş kimiydik. Çətinliklərimizi birlikdə məsləhətləşib həll edərdik. Ömrü kimi arzuları da yarımçıq qaldı. Amma Sahil şəhadəti ilə sübuta yetirdi ki, Vətən sevgisi hər şeydən əzizdir.”
Müddətdən artıq xidmət edən hərbi qulluqçu Musa Əmiraslanov: “Onun haqqında saatlarla danışsan yenə az olar.  Həmyerli olsaq da tanışlığımız işlədiyimiz dövrdən başlayıb. Ünsiyyətcil, canıyanan, şən, dostluqda sədaqətli, sözü açıq deməyi bacaran oğul idi. Ailəlikcə bir-birimizin evinə get-gəlimiz olub. Uşaqlarının kirvəsiyəm. 
Antiterror əməliyyatlarında Ağdərənin Vəng kəndi istiqamətindəki döyüşlərdə birgə idik. Səhərə yaxın saatlardı. Arxa yolla, çətin dağ relyefli ərazilərlə irəliləyirdik. Gecədən yağan yağış yolu palçıq etmışdi. Bir tərəf sıldırım qayalar, bir tərəf çay... 
Yüksəklikdə mövqe tutan separatçılarla ağır döyüşlər zamanı fədakar eloğlumuz Sahil Babayev qəhrəmancasına şəhid oldu...”

 

İftixarla anırıq
Adını hər birimiz.
Şəhid tək uyuduğun
Bu torpaq and yerimiz.

 

Akif AĞAYEV,
mart, 2024.