Çapa göndər
Cəsur komandir: ”Qorxu ölüm deməkdir”

11 mart 2024 - 19:12

Özünü əsgərlərinə sipər edən zabit

 

                                          Cəsur komandir: ”Qorxu ölüm deməkdir”

 

Hər dəfə şəhid evinə yollananda, o müqəddəs ocağa, bəy otağı kimi bəzədilmiş məkana qədəm qoyanda bu pəhləvan cüssəli igidləri min bir əzab-əziyyətlə boya-başa çatdırmış ata-ananın çəkdikləri dərdin ağırlığını hiss etsəm də mənən rahatlanıram. Rahatlanıram ki, onlara təsəlli olacaq bu kiçik yazım qəhrəman övladlarının əbədi yaşar xatirəsinə töhfəmdir.  

Qısa tanıtım: Azərbaycan Silahlı Qüvvələrinin zabiti, şəhid baş leytenant Yusifli Şəmistan Şükran oğlu 16 yanvar 1998-ci ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 2015-ci ildə şəhid Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta məktəbini əla qiymətlərlə bitirən Şəmistan həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. “Xüsusi təyinatlı texnika və sistemlər” ixtisası üzrə ali təhsil alıb, “Yerüstü artilleriya bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi” üzrə sertifikata layiq görülüb. 
Ali hərbi məktəbi bitirdikdən sonra, yəni 2019-cu ilin iyun ayından Ağstafa, Tovuz və Kəlbəcər rayonlarındakı hərbi hissələrdə xidmət edib. Dəfələrlə rəhbərlik tərəfindən fəxri fərmanla mükafatlandırılıb. 
Tovuz döyüşləri zamanı, həmyerlisi, şəhid mayor Anar Novruzovla birgə düşmənə qarşı döyüşüb.
Vətən müharibəsində iştirak edib. Kəlbəcər, Cəbrayıl, Qubadlı istiqamətindəki döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib. 44 günlük döyüşlərdə göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüb.
2022-ci ilin sentyabr ayında Kəlbəcər istiqamətində düşmənin genişmiqyaslı təxribatının qarşısının alıanmasında, Cermux əməliyyatında ona həvalə edilən döyüş tapşırıqlarının uğurlu icrasına nail olub.  
Silahlı Qüvvələrimiz tərəfindən 2023-cü il 19-20 sentyabr tarixində Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində xüsusi fədakarlıq nümayiş etdirən cəsur döyüşçü sentyabrın 20-də Ağdərə istiqamətindəki döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Anadan olduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Həsrətin ağartdı qara saçımı,
Ürəyim kədərnən dolub, ay oğul,
Deyirdim bəzərəm bəylik xonçanı,
Əllərim qoynumda qalıb, ay oğul.

 

Od düşdüyü yeri yaxar, deyirlər. Gözlərinə baxmaq olmur Şükran atanın. Danışdıqca kövrəlir, hər suala titrəyə-titrəyə cavab verir: “Çətin günlərimiz çox olub. Dörd bacının tək qardaşı idi Şəmistan. Orta məktəbi əla qiymətlərlə bitirmişdi. Digər universitetlərə məsləhət bilsəm də öz istəyilə ali hərbi məktəbə getdi. Məktəb illərindən idmana marağı vardı. Sanki öncədən özünü hazırlayırmış. Ağır artilleriya komandiri idi. Vətən müharibəsində Şuşaya qədər döyüş yolu keçmişdi. Deyəndə ki, özündən muğayat ol, cavab verərdi: - Əgər əynimə bu paltarı geymişəmsə ölümdən qorxmamalıyam. Şəhid olacaqamsa, demək, qismətimə, taleyimə belə yazılıb... 
Canını çox sevdiyi Vətən yolunda fəda edərək şəhidlik zirvəsinə ucaldı nakam balam. Onun qəhrəmanlığı ilə qürur duyur, fəxr edirəm.”

Döyüş yoldaşları: “Bizi qoruyan mələk”

Mayor Elvin Həşimov: “Dörd il idi ki, birgə xidmət edirdik. Nizam-intizamı, cəsurluğu ilə seçilirdi. Vətən müharibəsində, Daşkəsən, Kəlbəcər istiqamətindəki döyüş əməliyyatlarında iştirak etmişik. Baş leytenant Şəmistan Yusifli düşmənin canlı qüvvəsini, atəş vasitələri və idarəetmə məntəqələrini, uzunmüddətli tikililərini idarə etdiyi bölmə tərəfindən dəqiq atəşlərlə məhv edərək şücaət göstərib. Oktyabrın 18-də cəbhənin Cəbrayıl, Qubadlı istiqamətində döyüş tapşırığını yerinə yetirirdik. Rəşadətli döyüşçümüz Ş.Yusifli Cəbrayılın Dağ Tumas kəndində bölməsini yerləşdirərək, düşmənin ən vacib ərazi və strateji yüksəkliklərinin dayaq məntəqəsinin ələ keçirilməsində peşəkarlıq göstərdi. 
2022-ci ilin sentyabrında Kəlbəcər istiqamətində düşmənin növbəti təxribatına qarşı əks-hücum əməliyyatlarında da qarşı tərəfə layiqli cavab vermişik.
Birlikdə keçirdiyimiz son döyüş isə antiterror əməliyyatları oldu...”
Kapitan Şəmistan Məmmədzadə: “Divizionun ayrı-ayrı bölmələrində xidmət aparsaq da tez-tez görüşərdik. Onunla birgə olarkən yorğunluğumuzu unudardıq. Hər ikimiz Masallıdan olduğumuz üçün bir-birimizi “yerli” deyə çağırardıq. Hətta çox vaxtı rayona da birlikdə gedib-gələrdik. Pozitiv, zarafcıl, üzügülər insan idi. Odur ki, uzun yolumuz da qısa olardı. Yəni, 2019-cu ildən həm döyüş yoldaşı, həm də yol yoldaşı olmuşuq...
Qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı aparılan lokal xarakterli antiterror əməliyyatlarında qarşı tərəfə bir saatlıq artilleriya zərbələrindən sonra yerdəyişmələr edirdik. Biz ayrıldıqdan 25-30 dəqiqə sonra eşitdiyim xəbər məni bərk sarsıtdı, bir anlıq duruxdum. İnanmaq istəmirdim. Biz adaş olduğumuzdan döyüş yoldaşlarım əvvəlcə mənim şəhid olduğumu zənn ediblər. Batareyanın baş zabiti Şəmistan Yusifli, mayor Sənan Qasımovu itirmək bizimçün böyük zərbə oldu.”
Baş leytenant Elşən Qafarov: “Zabit kimi xidmətə başladığı ilk günlərdən diqqəti özünə çəkib. Sonradan bacarıqlı taqım komandiri kimi kollektivdə böyük nüfuza sahib oldu. Son döyüşlərdəki qəhrəmanlığı isə dillərdə əzbərdir. Bu gün həyatda sağ qalmağımızdan ötrü ona borcluyuq.”
Müddətdən artıq xidmət edən əsgər Sərdar Kərimov: “Savadlı, tələbkar, əsgərlərinin qayğısına qalan qorxubilməz komandir idi. 
Antiterror əməliyyatları zamanı ağır artilleriya atəşlərindən qorunmaqdan ötrü şəxsi heyətin daldanacaqlara yerləşməsindən tam əmin olarduqdan sonra qərargah rəisi ilə birgə özünü bizə sipər etdi.     
Əfsus ki, bu döyüşdəki qələbə sevincini bizimlə bərabər yaşaya bilmədi.”
Baş çavuş Elməddin Həsənquliyev: “Bir-birimizə qardaş kimi olmuşuq. Yemək-içməyimiz bir yerdə olub. Səliqəli geyinərdi. Döyüşlərə gedərkən sağollaşmazdıq. Amma son əməliyyata yollanarkən məni qucaqlayanda dedim ki, narahat olma, hər kəs qayıdacaq. Bilsəydim belə olacaq, onu köksümə bərk-bərk sıxardım. İndi gözüm hər yerdə Şəmistanı axtarır.”
Atəş dəstək qrupunun radiotelefonçusu, əsgər Samir Əzizov: “Üstümüzdə zəhməti çox olub. Onunla birgə postda olmağımdan qürur duymuşam. “Qorxu ölüm deməkdir” deyən komandirimizin son döyüşü zamanı əsgərlərinin xilası üçün etdiyi fədaraklıq isə unudulası deyil.”

 

Akif AĞAYEV,
mart, 2024.