29 fevral 2024 - 18:12
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda
Masallı rayonu Qodman ərazisinin Əzizabad kəndində növbəti mərhələ çərçivəsində daha 17 fərdi yaşayış evi təbii qazla təmin olunub.
Bu münasibətlə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılıması şöbəsinin müdiri Adəm Məhərrəmov, “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov, Masallı xidməti sahəsinin rəisi İxtiyar Seyfullayev, kənd sakinləri iştirak ediblər.
Çıxışlarda Masallı rayonunda həyata keçirilən layihələrdən və əhalinin mavi yanacağa olan təlabatının ödənilməsi sahəsində görülən işlərdən danışılıb.
Bildirilib ki, hazırda rayonun 103 kəndindən 93-ündə təbii qazdan istifadə edilir.
Əzizabad kəndi ucqar dağ relyefli ərazidə yerləşir. Kənddə 96 fərdi ev vardır. Kəndin əhalisinin sayı 455 nəfərdir.
Kənd sakinlərindən Məhərrəm Cahangirov, Ruzbeh Əsədzadə, Şəmsulla Cahangirov və başqaları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı RİH başçısı Araz Əhmədova və Azəriqaz İB rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Akif AĞAYEV