Çapa göndər
“Xocalı naləsi” – Masallı Mədəniyyət Mərkəzinin səhnəsində

23 fevral 2024 - 19:32

“Xocalı naləsi” – Masallı Mədəniyyət Mərkəzinin səhnəsində 

 

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində Masallı Xalq Teatrının həvəskar aktyorları, Masallı Dövlət Regional Kolleci tələbələrinin iştirakı ilə Xocalı soyqırımına həsr olunan “Xocalı naləsi” adlı tamaşa nümayiş etdirilib.
Əvvəlcə soyqırımı qurbanlarının və Vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Masallı Dövlət Regional Kollecinin müəllimi Kəmalə İmanova bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı hadisələrindən, Xocalıda törədilən cinayətlər barədə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin, bu istiqamətdə ardıcıl işlərin davam etdirilməsində ölkə rəhbəri İlham Əliyevin xidmətlərindən danışıb. O, əlavə edib ki, Ali Baş Komandanın 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltması soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi.
Sonra Masallı Xalq Teatrının həvəskar aktyorları və kollec tələbələrinin təqdimatında “Xocalı naləsi” adlı tamaşa nümayiş olunub.
Qeyd edək ki, Cəmaləddin Əliyevin quruluş verdiyi tamaşanın səhnə tərtibatı Elsevər Əliyevə, musiqi tərtibatı isə Ruslan Zahidova məxsusdur.

 

Akif AĞAYEV