Çapa göndər
Bursadakı yarışmada dostluq qalib gəldi...

31 dekabr 2023 - 12:55

Bursada Türkiyə-Azərbaycan şəhidlərinin xatirəsinə şahmat turniri keçirilib

 

Türkiyə Gənclər və İdman Nazirliyinin, Türkiyə Şahmat Federasiyası Bursa vilayəti şöbəsinin, Osmanqazı bələdiyyəsi və idman idarəsinin, Türkiyə Qazi və Şəhid Ailələri Vəqfi (TÜGŞAV) Bursa şöbəsinin dəstəyi, GİM AZDER və Dörd ÜNSÜR dərnəklərinin təşkilati dəstəyilə Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi, Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsinə həsr olunmuş “Dostluq” beynəlxalq şahmat turniri keçirilib.
Bursa şəhərində fəaliyyət göstərən “Gələcəyin İnsanları və İmkanları Məkanı “Azərbaycan Deyincə” dərnəyinin (GİM AZDER) sədri, turnirin təşkilatçısı Hüseyn Vəliyevdən aldığımız məlumata əsasən bildiririk ki, “Deneyim” şahmat məktəbində keçirilən turnirdə bursalı mühəndis, müəllim və şagirdlər, Bursa Uludağ Universitetinin azərbaycanlı tələbələri, o cümlədən Türkiyə və Azərbaycanda tanınmış şair Mircavad Axıskalı, yazıçı Tahircan Kujulov, riyaziyyat müəllimi Eyvaz Məmmədov, şahmat müəllimi Zaur Rzayev və digər şahmatsevər həmyerlilərimiz iştirak ediblər. 
Açılış mərasimində turnirin mahiyyəti barədə açıqlama verən Türkiyə Şahmat Federasiyasının Bursa nümayəndəsi Mehmet Durak Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin əbədi olacağını, təşkil olunan idman tədbirinə gələcəkdə bütün Türk dünyası ölkələri nümayəndələrinin dəvət ediləcəyini diqqətə çatdırıb.
Çıxışına böyük Fərabinin ”Şahmat şeir və sənət kimi düşünmək tələb edir!”, Nizamülmülkün “Şahmat hökmdarlar və aydın insanlar üçün üstün zəka oyunudur, düşünmək tələb edir! Düşünmək isə çətinliyə qalib gəlmək deməkdir!” sözlərilə başlayan GİM AZDER dərnək sədri,  həmyerlimiz Hüseyin Vəliyev beynəlxalq idman tədbirinin təşkilində dəstək göstərənlərə, o cümlədən Türkiyə Şahmat Federasiyası Bursa vilayəti şöbəsinin sədri Mehmet Duraka, Dörd ÜNSÜR dərnək sədri Vəfa Aktuz (Gəncə şəhərində anadan olub) xanıma minnətdarlığını bildirib, bu idman növünün insan həyatındakı önəmini vurğulayıb.
TÜGŞAV vəqfi Bursa şöbəsinin sədri, Kıbrıs qazisi Fikri Özder qeyd edib ki, şəhidlərin unudulmaması yönümündə bu cür mənəvi dəstək ruhlu tədbirlərin təşkili əbədiyaşar qəhrəmanlarımıza və onların ailələrinə hər birimizin ehtiram və diqqət nümunəsidir.  
Azərbaycan komandasının kapitanı, 11 yaşlı məktəbli, azyaşlı uşaqlar arasında Bursa ikincisi İnci Hüseynli (Cəbrayıl rayonunda anadan olub) olmaqla 16 azərbaycanlı və 16 türkiyəli zəka sahibinin qatıldığı turnir Bursa ictimaiyyəti, Türkiyə şahmatsevərləri tərəfindən rəğbətlə qarşılanıb.
Birlik və dostluğun qalib gəldiyi turnirin sonunda bütün iştirakçılara Türkiyə Şahmat Federasiyasının xatirə medalları, komanda kapitanlarına kubok, TÜGŞAV vəqfi Bursa şöbəsi tərəfindən kapitan və təşkilatçılara “Təşəkkürnamə”lər təqdim edilib. 

 

Akif AĞAYEV