Çapa göndər
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda

26 dekabr 2023 - 16:36

Şəhidin 50 illiyi əlaqədar xatirəsi anılıb

 

Masallı rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Elşən Bəşirovun anadan olmasının 50 illiyi münasibətilə anım tədbiri keçirilib. 
Şəhidin vaxtilə təhsil aldığı, “Azərbaycan Bayrağı” ordenli şəhid Firudin Dəmirov adına Təklə kənd tam orta məktəbində təşkil olunan tədbirdə kənd ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhidin ailə üzvləri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
Məktəbin direktoru Oktay Abıyev şəhid Elşən Bəşirovun şərəfli ömür və döyüş yolu barədə məlumat verib. O, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın işğaldan azad edilməsi naminə şəhid və qazilərimizin göstərdikləri fədakarlığın gənc nəslə örnək olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, şəhid Bəşirov Elşən Dənizxan oğlu 26 dekabr 1973-cü ildə Masallı rayonunun Təklə kəndində anadan olub. 1990-cı ildə həmin kənddəki tam orta məktəbi bitirib. 1992-ci ildə hərbi xidmətə çağırılıb. Gəncə batalyonunun tərkibində Ağdərə bölgəsində qəhrəmanlıqla döyüşüb. 
1993-cü il aprelin 2-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub. Təklə kənd qəbiristanlığında dəfn olunub. Subay idi. 
Masallı RİHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tural Bəşirov, məktəbin müəllimi Əhməd Rzayev və başqaları Müzəffər Ali Baş Komandanın rəhbərliyilə şanlı Ordumuzun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igidlərimizin şücaətindən, Elşən kimi oğullarımızın vətənpərvərliyindən danışıblar.
Anım mərasimində məktəblilər şəhidlərə, Vətənə aid şeirlər səsləndiriblər.
Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri, əklillər qoyub, xatirəsini ehtiramla anıblar.
Şəhidin qardaşı Elxan Bəşirov ailə üzvləri adından onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, eləcə də tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 

Akif AĞAYEV