Çapa göndər
Tanınmış güləşçiyə hökm oxundu

31 oktyabr 2023 - 20:12

Tanınmış güləşçiyə hökm oxundu

Tanınmış güləşçi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

CAN VƏTƏN xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan iclasda hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Elman Muxtarov 8 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.

İttihama görə, Elman Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu qadının həyat yoldaşının üz nahiyəsinə bıçaqla xəsarət yetirib. İttihama görə, o, bundan başqa, həmin il sentyabrın 6-da ailəni yaşadığı binanın qarşısında izləyib. Ailənin kiçik övladı yaşadığı evə daxil olan zaman Elman da mənzilə girib. Bu zaman qadının həyat yoldaşı da evdə olub. Evə basqın edən idmançı həmin şəxsə yumruq zərbələri endirib və bıçaqla hədələyib. Daha sonra Elman Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. Elman Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə), 181-ci (quldurluq) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Elman Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. I Avropa Oyunlarının gümüş mükafatçısı, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi, Azərbaycan çempionu olub. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb və karyerasını başa vurub.