Çapa göndər
SUBHAN BAQİ: = GÜLÜM =

29 oktyabr 2023 - 21:57

SUBHAN BAQİ: = GÜLÜM =


                       ( Şəxsi həyata aid deyil )


Üşütdü qəlbimi həsrətin qəmi,
Can necə daşısın böylə sitəmi?!
Alıb gündüzümü, alıb gecəmi,
Qalmayıb nə səbir, nə dözüm, gülüm.
Sənsən məndən ötrü Ayın ziyası,
Dünyanı isidən Günəş şüası.
Ömrümün yoğrulmuş xəmri, mayası,
Dilimin əzbəri, hər sözüm, gülüm.
Hara baxsam sənin yerin görünür,
Gedirsən, arxanca ruhum sürünür,
Sənsiz hər bir anım qəmə bürünür,
Sərgərdan qalmışam bil, özüm, gülüm.
Gülüstanım sənsiz xəzan olubdu,
Qüssə, kədər, vücuduma dolubdu,
Təbiət sozalıb, rəngi solubdu,
Ağlayır buludlar, həm gözüm, gülüm.
Subhan deyir, ömür bir gün bitəcək,
Əcəl şərbətini hamı içəcək,
Kim nə əksə, əkdiyini biçəcək,
Gəl, səni kamımca qoy süzüm, gülüm,
Hicrandan əlimi qoy üzüm, gülüm.
                              SUBHAN BAQİ,
                                 29. 10. 2023.