19 iyul 2023 - 21:11
.
Niyə tələsirsən,Allah bəndəsi,
Eşit bir arxanca sürünən səsi.
Sənə üz tutmuşam, sənə deyirəm,
Dayan, ayaq saxla, gör nə deyirəm.
Beşikdə göründün əmzik gözümə.
Cavab da vermədin «inqa» sözümə.
Sonra «avtomatım», «maşınım» oldun,
Dəftər-kitab kimi çantama doldun.
Oxudum özümə gün ağlamağa,
Yollar məni çəkdi arana, dağa,
İşlədim – yaşadı gül balalarım,
Düşündüm onlardı dövlətim-varım.
.
Biri ata oldu, biri də ana,
Qalmadım həyatda mən yana-yana.
Saat tıqqıltısı – evdə həmdəmim,
Qalmayıb sevincim, qalmayıb qəmim.
.Gileyim arxanca gedir mənimlə,
İnsaf et, bir dayan, kölgəni dinlə.
Taqətim qalmayıb canda, dizimdə,
Yolları yormağa sənin izində,
Dillən, de sözünü, göstər üzünü.
İnadı qəlbimdən ata bilmirəm.
.Göyqurşağısanmı? – çata bilmirəm. ..
Nəhayət dayandın, nəhayət durdun,
Bu nə oyun idi, sən mənə qurdun?!
Dedin, daha çatdın, indi buyur gəl,
Sənsənmi, xoş gördük, qardaşım əcəl!
Moskva, 1998